Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən 5-i interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 26 elektron xidmət göstərilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün www.economy.gov.az və nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmətlər bölməsinə və xidmətin adını əks etdirən bölməyə daxil olmaqla müvafiq e-xidmətdən istifadə etmək mümkündür.
İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən bir sıra elektron xidmətlər artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda nazirlik tərəfindən göstərilməsi nəzərdə tutulan digər elektron xidmətlərin də “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.
Nazirlik tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, onların sayının və keyfiyyətinin artırılması və bu sahədə vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə işlər davam etdirilir.
Etikxeber.az