“Neftin qiyməti qalxdı, əllər tez soyudu, belə olmaz…” – VAHİD ƏHMƏDOV – FOTOLAR

Vahid Əhəmədov: Neftin qiymətindəki artım müvəqqətidir, ona arxayınlaşmaq olmaz

Etikxeber.az-ın müxbirinin suallarını sabiq birinci vitse-premyer, iqtisadçı millət vəkili Vahid Əhmədov cavablandırır:

– Vahid müəıim, son günlər dünyada bazarında neftin qiyməti yenidən qalxıb. Neftin qiymətinin artmasının isə həm xeyirli, həm də zərərli tərəfi var. Zərərli tərəfi də odur ki, bu zaman qeyri-neft sektorunun inkişafı bir qədər arxa plana keçmiş olur. Biz bunu Azərbaycanda da yaşadıq. Belə ki, məlum iki devalvasiyadan sonra, 2016-2017-ci illərdə qeyr-neft sektorunun inkişafında böyük irəliləyişlər hiss olunmağa başlasa da, ötən ilin sonları, bu ilin əvvəllərindən neftin qiymətində baş verən məlum artımla bağlı sanki bir yavaşlama, bir astagəllik özünü büruzə verməyə başladı. Bu baxımdan, neftin qiymətinin yenidən artması qeyri-neft sektorunun inkişafını bir qədər də kölgəyə salmaz ki və nə etmək lazımdır ki, belə olmasın?

– Əvvəla, neftin qiymətinin artması neft ixrac edən ölkə olduğu üçün Azərbaycanın dövlət büdcəsinə əlavə vəsait gətirir. Amma dövlət başçısı İlham Əliyev qeyri-neft sektoruna çox böyük diqqət yetirir. Burada əsas məqsəd odur ki, iqtisadiyyatda tarazlılıq, inkişaf qorunub, saxlanılsın, əlavə gərginliklər yaranmasın. Yəni, neftin qiyməti aşağı olanda və ya neftin çıxarılmasında hansısa problemlər yarananda qeyri-neft sektorundan gələn gəlirlər hesabına cari xərcləri ödəməyə nail ola bilək. Düzdü, son vaxtlar Azərbaycanda bununla əlaqədar bir çox işlər görülüb. Qeyri-neft sektorunda, sənaye sahəsidir, kənd təsərrüfatıdır, turizm sahəsidir və sairə, bu sahələrdə müəyyən işlər görülüb, müəyyən irəliləyişlər var. Amma fikir verirsinizsə, neftin qiyməti artan kimi, – dünya bazarında bu gün neftin qiyməti 80 dolları keçib – Azərbaycanda elə bil ki, sakitlik, durğunluq yaranır və Azərbaycanın hökumət qurumları digər işlərlə daha, necə deyərlər, çevik məşğul olmaq əvəzinə, bir qədər yavaşıyırlar. Arxayın olurlar ki, neftin qiyməti artıb, digər işlər bir qədər gözləsə də, olar. Yəni, dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə vəsait daxil olacaq və o vəsaitdən istifadə edəcəyik və sairə. Amma bütün bunlara baxmayaraq, ortada strateji yol xəritəsi, dövlət proqramları var və bu proqramlara uyğun olaraq da heç bir arxayınçılıq olmamalıdır. Çünki neftin qiyməti daimi 80 dollar olmayacaq. Bu, müvəqqətidir. Hamımız bilirik ki, müəyyən müddətdən sonra, yəni, İran ətrafında gedən mübahisələr, Venesuellada olan hadisələr, digər dövlətlərdə baş verən münaqişələr qurtardıqdan sonra neftin qiymətində müəyyən problemlər yarana bilər və yaranacaq. O zaman qeyri-neft sektorunun inkişafı bizdə normal səviyyədə olarsa, normal səviyyədə artımımız olarsa, heç bir problemimiz olmaz, amma qeyri-neft sektorunu lazımi şəkildə inkişaf etdirə bilməsək, oradan dövlət büdcəsinə qədər vəsait daxil olmasa, əlbəttə, müəyyən problemlər yarana bilər.
Azərbaycanda iki devalvasiya oldu 2015-ci ildə. O devalvasiyadan sonra əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf edərdə və etdikcə, problemimiz yaranmır və yaranmayacaq. Amma hələlik fikir verirsinizsə, Azərbaycanın dövlət büdcəsi yenə neftdən asılıdır. Neftin qiyməti nə qədər yüksək olursa, dövlət büdcəsinə gəlirlər də bir o qədər daxil olur. Bir sözlə, qeyri-neft sektorunu biz həqiqi yüksək səviyyədə artıra bilmədik.

vahid-kamil-4
– Qarşıdan, yəni, yaxın günlərdə növbəti ilin dövlət büdcəsinin müzakirələri gəlir. Növbəti ildə neftin qiyməti necə olacaq, yəni, builki səviyyə saxlanılacaq, yoxsa, artım olacaq?

– Dövlət büdcəsini yəqin ki, bu yaxınlarda biz ilk öncə komitədə müzakirə edəcəyik. Hələlik isə büdcə zərfi bizə-parlamentə daxil olmayıb. Mən belə hesab edirəm ki, dünyada gedən proseslər nəticəsində neftin qiyməti bir qədər də artarsa, onu büdcədə 55-60 dollar səviyyəsində götürmək olar. Yəni, mən hesab etmirəm ki, neftin qiyməti bundan aşağı düşsün və ya düşəcək. Çünki həm ABŞ-ın öz neftini dünya bazarına çıxarması, həm İranda müəyyən proseslərin baş verməsi, noyabrın 1-dən bu ölkəyə qarşı embarqoların, sanksiyaların qüvvəyə minməsi, Rusiyayla bağlı müəyyən sanksiyaların tətbiq edilməsi və sairə, neft bazarına heş şübhəsiz ki, öz təsirini göstərəcək. Ona görə mən belə hesab edirəm ki, neftin qiyməti 55-60 dollar arasında olar. Amma heç kim qarantiya verməz ki, gələn ilin ikinci yarısında neftin qiyməti hansı səviyyədə olacaq. İndi artan xətt üzrə gedir. Bu gəlib haradasa,100 dollara da çata bilər. Amma elə bir məqam gələr ki, neftin qiyməti yenə enməyə başlasın. Buna hazır olmaq lazımdır. Ona görə bir daha sizin verdiyiniz suala qayıdıram ki, Azərbaycanın qeyri-neft sektorunda çox ciddi irəliləyişlərə nail olmalıyıq.

– Qeyri-neft sektorunun inkişafında, yəni, Azərbaycan reallığında, daha çox hansı sahələr prioritet olmalıdır?

– Azərbaycanda, ümumiyyətlə, başlıca irəliləyən sahələr sənaye, kənd təsərrüfatı, turizmdir. Bu üç sahəyə Azərbaycanda diqqət yetirilir. Fikir verirsinizsə, cənab prezident son vaxtlar, xüsusilə, 2017-ci ildən başlayaraq kənd təsərrüfatına nə qədər diqqət yetirir. Əlavə vəsaitlər verir, subsidiyalar verir, dotasiya verir ki, kənd təsərrüfatı inkişaf etsin. Əhalini, həm özümüzü ərzaqla təmin edək, həm də xaricə ixracımız artsın və qeyd edim ki, 2017-ci ildən bizim ixracımız kəskin artıb, kənd təsərrüfatı ilə əlaqədar olaraq. Bir sıra kənd təsərrüfatı məhsullarımızı qonşu dövlətlərə ixrac edirik. İkinci sahə sənaye sahəsidir. Bu, çox ciddi sahədir və sənayesi inkişaf etmiş dövlətlərdə deyirlər ki, həmişə mədəniyyət yüksək olur. Yəni, mədəniyyəti gətirən bir sahədir. Bu sahəyə də müəyyən qədər diqqət artırılıb, sənaye məhəllələri, sənaye parkları yaradırlar, amma hələlik ordan ciddi bir nəticə əldə edə bilmirik. Çünki orada kooperasiya üsulları çoxdur və məhsuldarlıq o qədər yüksək deyil. Ona görə bu sahəyə diqqəti daha da artırmaq lazımdır.

Bir neçə dəfə demişəm, Azərbaycan 70 ildən artıq bir dövr ərzində neft maşınqayırması sahəsində avanqard rollardan birini oynayıb. Bizim hardasa 25-30 ölkəyə yaxın ixrac məhsulumuz var idi. Onları sovetlər dönəmində xarici dövlətlərə göndərirdik. Amma hazırda biz məcburuq ki, bəzi avadanlıqları, məhsulları xaricdən gətirək və dollarla ödəyək. Buna görə də Azərbaycanda neft maşınqayırmasının inkişafna çox böyük ehtiyac var. Bir neçə iri zavodlar tikmək lazımdır ki, bu zavodlarda neft maşınqayırması məhsulları istehsal olunsun. Həm Azərbaycanın daxili tələbatını ödəsin, həm də biz xaricə ixrac edək.

– Bəs qeyri-neft sektorunun əsas qolu-əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişafında vəziyyəti necə xarakterizə edərdiniz, orada durum nə yerdədir?

– Düzdür, kənd təsərrüfatının inkişafı ilə əlaqədar müəyyən işlər görülür, müsbət nəticələr var. Xüsusilə də, yeni rəhbərlik tərəfindən ciddi işlərə başlanılıb. Amma müəyyən yanlışlıqlar da var. Misal üçün, belə bir göstəriş verildi ki, hər yerdə fındıq kolları əkilsin. Azərbaycanın tarixi, doqquz iqlim qurşağı var. Və tarix boyu Azərbaycanda hansı zonada hansı məhsullar istehsal olunur, bunu hamı bilir. Misal üçün Quba-Xaçmaz zonası meyvə-tərəvəz zonasıdır. Bu, tarix boyu belə olub. İndi orada aparıb fındıq kolları əksən də, Xaçmazda müəyyən qədər əmələ gələr, amma Qubada mümkün deyil. Çünki Quba soyuq olan rayondur. Yaxud da, Lənkəran-Astara zonasını götürək. Burada həmişə subtropik bitkilər istehsalı ilə məşğul olublar, bu gün də məşğuldurlar. Digər aqrar rayonlar var ki, hansı ki, pambıqçılıqla məşğuldurlar, Şimal rayonları var -Balakəndir, Şəkidir, orada daha çox tütünçülüklə məşğul olurlar və sairə. Yəni, bu sahələr artıq bilinir. Biz özümüzdən təzə Amerika açmırıq. Orada məhz bu sahələri inkişaf etdirmək lazımdır ki, daha böyük gəlirlər əldə etmək mümkün olsun. Və ya Bakının özündə vaxt var idi gül istehsalı ilə çox ciddi məşğul idilər. İndi misal üçün pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları istehsal edilir. Fikir verirsinizsə, Azərbaycanda pomidor ixracı çox yüksək səviyyədə həyata keçirilir. Yəni, müəyyən xarici firmalar Azərbaycanda işləyiblər, qurublar bu parnikləri. Artıq bu istehsal nəinki özümüzü təmin edir, hətta Rusiya, digər dövlətlərə də ixrac edilir. Bir də ki, yerli məhsullara daha çox diqqət yetirmək lazımdır. Son vaxtlar bəzi sahibkarlar gedirlər Fransadan, nə bilim İsraildən, digər yerlərdən meyvə-tərəvəz məhsulları gətirib burada yetişdirirlər. Amma bizim öz məhsullarımız, dədə-baba məhsullarımız daha çox keyfiyyətli olur, daha çox dadlı olur, nəinki xaricdən gələn məhsullar. Bunlara diqqət yetirmək lazımdır.

– Həmin məhsulların saxlanılması üçün bəs lazımı şərait, soyuducular, anbarlar varmı, onlar yetərlidirmi? Yəni, məhsulu satmaq üçün fermerə və ya sahibkara istənilən şəraiti yaratmaq, təmin mümkün olubmu?

– Bilirsiniz, ən ciddi məqamlardan biri, əlbəttə, fermerin və ya sahibkarın istehsal etdiyi məhsulun satılmasıdır. Bu, bizdə bu gün problemdir. Fikir verirsinizsə, biz daim bu məsələylə bağlı tez-tez şikayətlər eşidirik, alırıq. Misal üçün Qubada meyvə-tərəvəz alma yetişdirilir. Quba həmişə öz alması ilə necə deyərlər, tanınıb, bu gün də tanınır. Ancaq almanı satmaqda müəyyən problemlər var. Düzdür, indi Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. O, təzə yaranıb, yerlərdə müəyyən qurumları fəaliyyətə başlayıb. Onlar çox ciddi işlərlə məşğul olurlar. Yəni, onlar artıq elə edirlər ki, əhali, birincisi, Azərbaycan təmin olunsun həmin məhsullarla, sonra xaricə ixrac olunsun. İkincisi də çalışmaq lazımdır əhali, yəni, fermer, sahibkar, istehsal etdiyi məhsulun satılmasında problemlik yaranmasın. Üçüncüsü, bilirsiniz ki, cənab prezident xüsusilə son 4-5 ildə Sahibkarlığa Kömək Mill Fondunun xəttilə soyuducuların tikilməsinə çox böyük diqqət yeririr. Bütün bölgələrdə soyuducular tikilməyə başlayıb. Soyuducular kifayət qədər olsa da, amma orada saxlama məsələsi var. Yəni, fermerlərə sərf etmir ki, aparıb orada öz məhsullarını saxlasınlar. Çünki qiymətdə müəyyən qədər problem yaranır. Bu məsələ ilə də İqtisadiyyat Nazirliyi ciddi şəkildə məşğul olmalıdır…

– Bu gün dünyada ən ciddi problemlərdən, insan sağlamlığı üçün ən zərərli məsələlərdən biri də geni dəyişdirilmiş məhsullar-GMO-lardır. Onların Azərbaycanda satışının, ölkəmizə gətirilməsinin qarşısının alınması üçün daha hansı addımlar atılmalıdır? Qida Təhlükəsizliyi Agentliyi bunu önləyə biləcəkmi?

– Bu, bir tək Qida Təhlükəsizliyi Agentliyinin məsələsi deyil. Ümumiyyətlə, buna məsuliyyət daşıyan digər qurumlar var, hansılar ki, onlar hamısı bu işlərlə birlikdə məşğul olmalıdır. Sərhəddən başlamış ta ki istehlakçıya gedib çatana qədər. Birincisi, GMO adlanan məhsul dünyanın hər yerində var. Avropa dövlətlərində də var, Amerikada da var, MDB dövlətlərində də var, hər yedə istifadə edilir. Düzdür, bəzi alimlər sübut edirlər ki, həmin məhsullardan zərərli olanı da var, amma xeyirli olanı da var. Azərbaycanda da çalışılır ki, həmin məhsullar ölkəmizə daha az daxil olsun. Misal üçün Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi bu istiqmətdə fəaliyyət göstərirlər. Sərhəddə xüsusi laboratoriyalar var. O laboratoriyalarda həmin məhsullar ekspertizadan keçirilir və sair. Hesab edirəm ki, bu işlər bir qədər sürətləndirilməlidir. Məndə olan məlumatlara görə,Qida Təhlükəsizliyi Agentliyinin də müəyyən addımlar atması nəzərdə tutulur ki, bununla GMO məhsullarının ölkəmizə daxil olmasının qarşısını müəyyən qədər alınacaq.

-Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar qaneedicidirmi, burada hədəflənən məqsədlərə istədiyimiz kimi, çatmaq mümkün olacaqmı?

– Əlbəttə, müəyyən işlər görülür, göz qabağındadır, amma tendensiya, gedişat məni hələlik tam qane etmir. İstərdim ki, Azərbaycanda iri müəssisələr fəaliyyət göstərsin. Bir vaxtlar var idi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir-bunlar sənaye şəhərləri idi və insanlar hətta rayonlardan gəlib burada işləyirdilər, müəyyən vəsaitlər qazanırdılar.İstərdim ki, bu şəhərlər yeindən tam gücü ilə sənaye şəhərlərinə çevrilsin. Bununla belə, indi rayonlarda müəyyən qədər şərait yaradılıb. Vaxt var idi rayonlarda qaz, su, elektrik enerjisi problemləri var idi. Yolların problemi var idi. Amma bu problemlər müəyyən qədər aradan qaldırıldı. Bu dəqiqə ölkədə elektrik enerjisində elə bir ciddi problem yoxdur. Qazla müəyyən kəndlərdə problem olsa da, amma aradan qaldırılıb. Su problemi faktiki olaraq yox səviyyəsindədir. Yollar çəkilir və sairə, müəyyən qədər vəsaitlər ayrılır. İnfrastruktur layihələr həyata keçirilir və çalışırlar ki, dövlət başçısının tapşırığıdır, rayonlarda müəyyən qədər iş yerləri açılsın. Sənaye müəssisələri, kənd təsərrüfatı emalı müəssisələri açılsın. Bu gün “Azərxalça”-nın faktiki olaraq əksər rayonlarda filialları açılmağa və fəaliyyət göstərməyə başlayıb. Yəni, belə işlər görülür. Amma bunlar kifayət etmir. Ona görə qeyri-neft sektorunun inkişafını mən daha çox istərdim. İstədim ki, buna daha çox diqqət yetirilsin. Bayaq qeyd etdiyim kimi, neftin qiyməti qalxdı, əllər tez soyudu, belə olmamalıdır. Dövlət proqramları var, həmin proqramlara da uyğun olaraq bu sektoru inkişaf etdirməliyik.

– Bir az öncə dövlət büdcəsinə qısaca olaraq toxunduq. Büdcədə atımlar, yoxsa, azaldılmalar gözlənilir?

– Azaldılmalar olmayacaq. Mənim aldığım məlumata görə, əksinə, artımlar olacaq. Biz hələ büdcəni almamışıq. Eyni zamanda, neftin qiymətini 55-60 dollar götürürüksə, – bu il 45 dollar götürmüşdük – o zaman müəyyən artımlar olacaq. Ancaq hansı sahələrə artımlar olacaq, bu, artıq prezidentin səlahiyyətində olan məsələdir.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Qubada bir sıra açılışlara qatıldı – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Prezident Quba ilə bağlı Sərəncam imzaladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir