“Netanyahu özü sonradan xatırlayırdı ki, həyatında ilk dəfə Heydər Əliyevlə sübhə qədər danışıqlar aparıb…”-MM-İN YƏHUDİ ƏSİLLİ ÜZVÜ

Azərbaycan-İsrail qarşılıqlı münasibətləri bir sıra ölkələr üçün nümunədir. Azərbaycan Respublikası İslam dünyasında o azsaylı ölkələrdən biridir ki, həm yəhudi xalqı ilə, həm də İsrail Dövləti ilə dostluq münasibətləri qurub.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Anatoli Rafailov bildirib.

“1998-ci ildə İsrailin Baş naziri Binyamin Netanyahu Bakıya qısamüddətli tarixi səfər edib. Netanyahu özü sonradan xatırlayırdı ki, həyatında ilk dəfə Heydər Əliyevlə sübhə qədər danışıqlar aparıb. Heydər Əliyev Netanyahuya dünya miqyaslı müdrik və güclü dövlət xadimi kimi təsir bağışlayıb. Məhz Netanyahunun Bakıya bu tarixi səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edib”-deyən deputat qeyd edib ki, 2016-cı il dekabrın 13-də Netanyahu Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb:

“Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Netanyahu həmin görüşdə qeyd edib ki, Azərbaycan və İsrail arasında, Azərbaycan və yəhudi xalqları arasında sıx, yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycanda yaşayan minlərlə yəhudi iki ölkə arasında körpü rolunu oynayır. 2016-cı ilin dekabrında Binyamin Netanyahunun Azərbaycana səfəri bu faktı bir daha təsdiq edir ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. 2016-cı ilin Aprel hadisələri sübut etdi ki, İsrail Azərbaycana siyasi-diplomatik və mənəvi dəstəklə yanaşı çox vacib olan hərbi-texnoloji dəstək də göstərir”.

Deputatın sözlərinə görə, İsrail ilə Azərbaycanı mühüm insan amili də bağlayır:

“Əslən Azərbaycandan olan təqribən 80 minlik yəhudi icması İsrailə və dünyanın digər ölkələrinə köçüb gedəndən sonra da Azərbaycanı sevir və onu populyarlaşdırmaqda davam edir. Azərbaycanda yəhudilərə münasibət həmişə yaxşı olub, burada heç vaxt millətçilik və antisemitizm hiss olunmayıb. Azərbaycan dünyanın elə nadir ölkələrindən biridir ki, burada müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələrinin açıq, tolerant və azad cəmiyyətdə dinc yanaşı yaşaması üçün şərait yaradılıb. Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı unikal yerdir. Burada yəhudi dini icması fəaliyyət göstərir və yaxın vaxtlarda “Yəhudi irsi mərkəzi” açılacaq. Bu mərkəz yəhudi əsilli rusiyalı biznesmen və mesenatların qüvvəsi ilə bərpa edilib. Qod Nisanov, Zarax İliyev və German Zaxaryayev – bunlar hamısı əslən Qırmızı Qəsəbədən olmaqla bu mərkəzin tikintisinin təşəbbüskarları və sponsorlarıdır. Qırmızı Qəsəbə Azərbaycanın qürur obyektidir”.

Etikxeber.az

Read Previous

Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır…-TƏHLİL

Read Next

“Dünya birliyi bizim ölkələrin timsalında yəqin edib ki, əhalisinin əksəriyyəti İslama etiqad bəsləyən ölkə ilə İsrail arasında möhkəm münasibətlər qurmaq mümkündür”-RAMİN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir