“Nicatın yoxluğunu qəbul etsəm, həmin an ölərəm…”-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK, SUBAY, ALİ TƏHSİLLİ OĞUL NİCAT ŞÜKÜRLÜNÜN ATASI AYAZ ŞÜKÜROV – FOTOLAR

Nicatın yoxluğunu qəbul etmirəm…O, hər zaman mənim üçün yaşayır…Onun yoxluğunu qəbul etsəm, həmin an ölərəm…

Bu sözləri bu gün-11 noyabr 2025-ci il tarixində, günorta saatlarında ailəsini, valideynlərini, ocağını ziyarət etdiyim əslən Kürdəmirli, özü isə Bakılı, Səbailli, Bayıllı olan İkinci Vətən Müharibəsi Şəhidi Nicat Şükürlünün atası Ayaz Şükürov dilə gətirdi…

Qeyd edim ki, bu gün Şəhidimizin ocağında oldum, valideynləri-anası Yeganə müəllimi və atası Ayaz kişini ziyarət etdim…

Bizimlə-“Jurnalistlər binası-2” ilə üzbəüz binada, Şəhid ailələri və Qazilər üçün tikilmiş binada yaşayırlar…

Bizim kimi “C” blokunda, 12-ci mərtəbədə, onlarda mənzillərinin nömrəsi 228, bizdə isə 227…

Onu qeyd edim ki, dəfələrlə vədələşsək də, müxtəlif səbəblərdən görüşümüz, ziyarətim baş tutmurdu…

Nəhayət, bu gün Şəhidimizin adına verilmiş mənzildə-Nicat ocağında bir araya gəldim…

Söhbətləşdim, dərdləşdim təxminən iki saat çəkən ziyarətim zamanı…

Onlara Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bu yerdə qeyd edim ki, Nicat 1991-ci ilin oktyabr ayının 23-də, Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşduğu, Qarabağ münaqişəsinin daha da alovlanmağa başladığı ərəfədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı idi…

Bayıl qəsəbəsində yerləşən 49 saylı tam orta məktəbdə oxuyub…

Nizam-intizamı, savadı, biliyi, təlim-tərbiyəsi ilə seçilib-fəqrlənib…

Uşaq vaxtlarından hər kəsin diqqətini cəlb edib, hər kəsin rəğbətini qazanıb…

Orta məktəb bitirdikdən sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Gədəbəy istiqamətində yerləşən “N” saylı hərbi hissədə Vətənə xidmət borcunu yerinə yetirib…

Əsgərlikdən qayıtdıqdan sonra ali təhsilə yiyələnib, Bakı Slavyan Universitetində (BSU) oxuyub…

İdmanla-karate, üzgüçülüklə məşğul olub…

Anası Yeganə xanımın dediklərindən:

“Nicat boş dayanmağı, günü, vaxtı yola verməyi sevməzdi…Bir dəqiqə boş vaxt keçirməzdi…Gah futbola gedərdi, gah karate ilə məşğul olardı, gah üzgüçülüyə gedərdi…Gəzib-dolaşmağı, rayonlarımızı, səfalı yerlərimizi qarış-qarış gəzməyi xoşlayardı…Bizi də tez-tez özü ilə aparardı…Çox qaynar, çox hərəkətli uşaq idi…”

İkinci Vətən Müharibəsi zamanı isə özü könüllü şəkildə-Vətənin müdafiəsinə yollanıb…

Füzuli-Xocavənd-Hadrut istiqamətlərində döyüşüb…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 10-da danışıb…

11-i günü isə Nicata zəng çatmayıb…

Elə həmin gün də axşam saatlarına yaxın Hadrut istiqamətində qəhrəmancasına Şəhid olub…

Ailəsinə-atası Ayaz kişiyə isə Şəhidlik xəbəri ayın 12-də, səhər saatlarında verilib…

Oktyabrın 12-də də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Vaxtilə (böyüyüb-boya başa çatdığı) yaşadığı küçəyə adı verilib…

Eyni zamanda, oxuduğu 49 saylı orta məktəbdə dostları tərəfindən büstü ucaldılıb…

29 yaşında Şəhadətə qovuşan Nicat həm də subay olub…

Ayaz kişinin dediklərindən:

“Anasının bir qızdan xoşu gəlmişdi…İstəyirdi ki, Nicatı həmin qızla tanış etsin…Ancaq qismət olmadı…Elə həmin ərəfədə Nicat müharibəyə getdi…Arzularımız yarımçıq, gözümüzdə qaldı (gözləri dolur)…Vətən yolunda Şəhid oldu…Bir başqa uşaq idi…Allah-təala Yer üzündə nə qədər gözəl, müsbət xasiyyət varıydısa, hamısını Nicata vermişdi…Heç nəyi ondan əsirgəməmişdi…Həmişə imkansız insanların yanında olmağı, onlara əl tutmağı xoşlayardı…İmkan verməzdi ki, kimsə özündən zəifə nəsə etsin…Dərhal özünü ortaya atardı, heç nədən çəkinməzdi…Onda qorxu deyilən şey yoxuydu…Həmişə Haqqı, Haqlının, zəifin yanında idi…”

Qeyd etdiyim kimi, ziyarətim təxminən iki saat çəkdi…

Və heç bilmədim ki, vaxt, zaman necə gəlib keçdi…

Allah məqamını Ali və Uca etsin!

Nur içində yatsın!

Böyük Yaradan valideynlərinə bir daha və bir daha səbr, dözüm versin!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

11 noyabrda Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK OĞULLAR-PƏHLİ QƏRİBOV VƏ CEYHUN RZAYEV, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ELVİN ABBASOV, ÜÇ QARDAŞDAN BİRİ AQİL QULİYEV VƏ İDMANÇI, DÜNYA ÇEMPİONU KƏRƏM VEYİSOV…

Read Next

Bu gün Anım və doğum günləri olan Şəhidlərimiz-ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN BEŞ İL KEÇƏN TƏK ÖVLAD RƏŞAD ƏLƏKBƏROV, DÖRD BACININ TƏK QARDAŞI SAHİL MƏMİŞLİ, FACİƏLİ ŞƏKİLDƏ QARDAŞINI İTİRMİŞ NOFƏL BEHBUDOV, İKİ QARDAŞDAN BİRİ SƏBUHİ HƏSƏNQULİYEV VƏ 27 YAŞI TAMAM OLAN XÜSUSİ TƏYİNATLI YUSİF QURBANOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir