Nigergiya sahillərində Türkiyə gəmisinə hücum-AZƏRBAYCANLI MÜHƏNDİS QƏTLƏ YETİRİLDİ-CAVUŞOĞLU BAŞSAĞLIĞI VERDİ – YENİLƏNİB – (2)

Türkiyəyə məxsus “Mozart” adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.

Etikxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, silahlılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.

Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

İnsident San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) məsafədə baş verib. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş.

Gəmidə ümumilikdə 19 nəfər olub.

Hücum edənlərin sayı isə məlum deyil.

***

Türkiyə rəsmiləri Nigeriya sahillərində “Mozart” adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb.

Məlumatlara əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib.

Hazırda gəminin Qabona doğru hərəkət etməsi ilə bağlı məlumat əldə olunub.

M.Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Məlumatda Türkiyənin başda Abuja olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərinin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.

Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

***

Onu da qeyd edək ki, bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.

09:40

***

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: “Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır”.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.

Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Etikxeber.az

Read Previous

Tanınmış rejissor-Xalq artisti “İstiqlal” ordeni ilə-TƏLTİF OLUNDU – SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Vətən müharibəsində şəhid olan tabor komandir Atəm Əliyevin-NƏŞİ TAPILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir