Növbədənkənar seçkilər… – RƏYLƏR

YAP-çı və bitərəf deputatlar növbədənkənar seçkiləri belə dəyərləndirdilər: Ajiotaya ehtiyac yoxdur

“Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi ölkədə cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır”.

Bunu Etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə ölkə Prezidenti İlham Əliyevin məlum sərəncamına münasibətini bildirərkən deyib.

“Nəzərə alaq ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir” -deyən millət vəkilinin sözlərinə görə, odur ki, Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə təşkil etməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir.

“Prezident seçkilərinin vaxtını əvvələ çəkməklə isə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək. Eyni zamanda, prezident seçkiləri ölkə Konstitusiyasında nəzərdə tutulduğu kimi, bu ilin oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Bununla yanaşı, Cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq. Bir sözlə, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti növbədənkənar seçkilərini də digər seçkilər kimi, lazımi qaydada, demokratik və ədalətli şəkildə keçirəcək, Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək” – deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

din-ilya

Mehriban xanım-İlham-İlya

HADIIII

aydinnn

eldeniz-eldeniz

zahid-1

secki_esas_4

Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da ölkə Prezidenti tərəfindən Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəcamın verilməsini müsbət qarşıladığını deyib.

“Bu, çox məntiqli və çox düzgün qərardır. Bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas və səbəd də yoxdur. Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyə buraxmağa cəhd göstərir, “bulanıq suda balıqtutma” sevdasına düşməkdədirlər. Amma qeyd etdiyim kimi, bunlara heç bir səbəb və əsas yoxdur. Həmin qüvvələr, şəxslər, sadəcə, hər zaman və elə indi də aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu cəhdlər isə əbəsdir, faydasızdır. Azərbaycan cəmiyyəti kifayət qədər müdrik və yetkindir, onu artıq nə iləsə aldatmaq olmaz. Azərbaycan insanı, Azərbaycan vətəndaşı ağı-qaradan seçməyi yaxşı bacarır və bu baxımdan, ölkə Prezidentinin də məlum sərəncamını müsbət, yüksək qiymətləndirir. Bir çox siyasi həmfikirlərimin, partiyadaşlarımın və deputat həmkarlarımın da qeyd etdikləri kimi, bu il Azərbaycanda çox vacib və çox əhəmiyyətli tədbirlər keçiriləcək. Xüsusən də, “Cümhuriyyət ili” ilə bağlı həm parlament, həm də dövlət səviyyəsində çox mühüm tədbirlərin keçirilməsi gözlənilir və bunlar da vaxtlı-vaxtında keçiriləcək. Belə olan təqdirdə də, prezident seçkilərinin önə çəkilməsi çox məntiqli və çox normal haldır. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkilərini də beynəlxalq standartlara uyğun şəkildə keçirərək, “Cümhuriyyəti ili”nə daha bir töhfəsini vermiş olacaq. Opponentlərimiz də narahat olmasınlar, yəni, sosial şəbəkələrdə, isti kabinetlərində oturub, seçkilərlə bağlı reallıqdan və həqiqətdən uzaq fikirlər səsləndirməkdənsə, bu vacib prosesə kölgə salmaqdansa, seçkilərə hazırlaşsınlar. Onsuz da onların cəmiyyətdə nüfuzları, sosial dayaqları yox dərəcəsindədir, Azərbaycan cəmiyyəti seçimini də əslində çoxdan edib, ancaq yenə də az-çox varlıqlarını, mövcudluqlarını davam etdirmək istəyirlərsə, siyasi boşboğazlıqdan əl çəkib, seçkilərlə bağlı hazırlıqlara başlasınlar…” – deyə, E. Səlimov daha sonra qeyd edib.

“Ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin sərəncamını çox yüksək qiymətləndirirəm, onun hər bir qərarı kimi, bu qərarı da hakim partiyanın üzvləri tərəfindən birmənalı şəkildə qəbul olunur, dəstəklənir. burada ikinci bir söz, başqa mövqe ola bilməz”.

Bunu isə YAP Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Hadi Rəcəbli deyib:“Mən Yeni Azərbaycan Partiyasının ali qurumunda, Siyasi Şurada təmsil olunuram. Bizim də YAP olaraq, prezidentliyə bir namizədimiz var ki, o da sədrimiz cənab İlham Əliyevdir. Bu qərar da elə-belə verilməyib. İstər cəmiyyətimizdə, istər dünyamızda çox önəmli hadisələr, ptroseslər yaşanır. Cənab Prezident də həmin hadisələrə və proseslərə uyğun, adekvat olaraq addımlar atır və son sərəncam da məhz bu məntiqdən irəli gəlir. Burada indi başqa nəsə axtarmağa da ehtiyac yoxdur və ölkə Prezidentinin bütün addmları kimi, bu addımı, bu sərəncamı da hər birimiz, 710 minlik YAP ordusu tərəfindən çox yüksək qiymətləndirilir, birmənalı qənul və təqdir olunur”.

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da öz növbəsində mətbuata açıqlamasında deyib ki, İ.Əliyevin sərəncamı ilə növbədənkənar Prezident seçkilərinin aprelin 11-nə təyin edilməsini yüksək qiymətləndirir və hesab edir ki, bu, Azərbaycanın ali qanununun – Konstitusiyasının norma və prinsiplərinə tam uyğundur. Deputat qeyd edib ki, bu, meydan davaları, küçə savaşları, vətəndaş toqquşmaları ilə müşayiət olunan və ya xaricdən hər hansı qüvvənin ssenarisi əsasında, onların dirijor çubuğu ilə gerçəkləşdirilən hadisə deyil: “Biz ötən on illər ərzində seçicilərin iradəsi ilə hakimiyyət institutlarının formalaşdığının şahidi olmuşuq. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırıldı. Belə bir situasiya meydana çıxırdı ki, prezident və parlament seçkiləri 2025-ci ildə yaxın aylara təsadüf edir. Bu da siyasi dayanaqlılığa mənfi təsir göstərə bilər. Bu, Qərb təcrübəsidir. Düşünürəm ki, bu məqamlar nəzərə alınıb. Bu il keçiriləcək Prezident seçkilərində iddiaçılar iştirak imkanlarını saxlayırlar. Seçki oktyabrda keçirilsəydi, ölkədə 25 ildir, özlərini hakimiyyətdən kənar saxlayanlar, elektoral bazanı itirənlər, siyasi tənha durumuna gəlib çatanlar seçkiyə fərqli durumda daxil olacaqdılar? Burada hansı hazırlıq məsələsindən söhbət gedə bilər? Yəni vaxtın tez və ya gec olması vəziyyəti dəyişmir. Bu qərarın verilməsinə həm ölkənin təhlükəsizlik maraqları, həm ölkənin siyasi gələcəyi, həm də hakimiyyət orqanlarının formalaşmasındakı zaman ardıcıllığı təsirini göstərib”. Deputat bildirib ki, Prezidentin növbədənkənar Prezident seçkiləri ilə bağlı imzaladığı sərəncam ətrafında spekulyasiya quranların mövqeləri əsassızdır: “Bunu onların özləri dəfələrlə tələb ediblər. Xatırlayıram ki, yalnız prezident seçkilərinin deyil, digər təsisatlar üçün də belə seçkilərin keçirilməsini ortaya qoyurdular. Azərbaycanda seçkilər xalqın iradəsi əsasında keçirilir. Prezident İlham Əliyev komandasında da islahatlar aparıb, yəni yenilənmə geniş şəkildə olub. Bu baxımdan növbədənkənar Prezident seçkilərinin keçirilməsi xalqın maraqlarına uyğundur”.

Z.Oruc Prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu illər ərzində siyasi əqidəmə görə Heydər Əliyev siyasi kursuna mənsub olmuşam. Bunun üçün də həmişə fəxr etmişəm. Siyasət komandalı mübarizədir. Önəmli məsələ birincilik uğrunda mübarizə aparmaq deyil. Əsas məsələ ideyalarla, starteji baxışlarla dövləti qərarlarda yer almaqdır. Azərbaycanda müxalif qüvvələr də fəaliyyətlərini uzlaşdırırlar ki, qüvvə parçalanmasın. Bu baxımdan komandalılıq siyasi prinsiplərinə əsasən qərar veriləcək”.

Qeyd edək ki, Prezident İ. Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əli Həsənov həmkarların qurultayına qatıldı, növbədənkənar seçkilərdən danışdı… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“İsti ocaq, eyni zamanda, Bakıya axının qarşısının alınması deməkdir” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir