Növbədənkənar parlament seçkiləri: OLACAQ, OLMAYACAQ? – RƏYLƏR

Bu ilin aprel-iyun ayları arasında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi. Bu barədə bəzi qeyri-rəsmi məlumatlar vardı. Ancaq sonradan hansısa səbəblərdən bu məsələ gündəmdə çıxdı və ya çıxarıldı.

Bunu Etikxeber.az-a adının çəkilməsini istəməyən tanınmış bitərəf millət vəkillərindən biri deyib.

Onun sözlərinə görə, ötən ilin 11 aprel növbədənkənar prezident seçkiləri, həmçinin, 2024-2025-ci illərin 10-11 ay ərzində 3 seçkinin dalbadal gəldiyi nəzərə alınaraq, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi, yəni, 2020-ci il 6-cı çağırış parlament seçkilərinin 2019-cu ilə çəkiləcəyi düşünülür, ehtimal olunurdu:

“Bu ehtimallar da əsassız deyildi. Bu yöndə  bəzi  məlumatlar da gəlirdi, KİV-lərdə də bu barədə çeşidli yazılar gedirdi. Amma görünən odur ki, son anda bu məsələnin reallaşdırılması, 6-cı çağırış parlament seçkilərinin 2019-ci ilə çəkilməsi məqsədəuyğun sayılmayıb”.

Hakim partiyada – Yeni Azərbaycan Partiyasında (YAP) nüfuzu və çəkisi ilə seçilən millət vəkillərindən biri də 11 aprel seçkiləri və ondan sonra bu məsələ ətrafında məlumatların yayıldığını, söz-söhbətlərin dolaşdığını desə də, onların inandırıcı olmadığını sözlərinə əlavə edib.

“Özünüz görürsünüz dünyada, elə ətrafımızda, post-sovet ölkələrində nələr baş verir, hansı gərginliklər yaşanır. Azərbaycan isə bu gərginliklərin, bu çalxantıların fonunda inkişaf edir, özünü bu təlatümlərdən, bu gərginliklərdən qoruya, sığortalaya bilir. Həm də islahatlar prosesini dərinləşdirirək, bütün sahələrdə mühüm nəticələrə nail olub, iqtidar-xalq birliyi daha da möhkəmlənib. Odur ki, belə olan halda, seçkilərin irəli çəkilməsinə nə ehtiyac ola bilər? Belə gərginlik hakimiyyətin nəyinə lazımdır ki? Hesab edirəm ki, bu söz-söhbətləri yaymaqla, insanlarda çaşqınlıq, gərginlik yaratmaqla, kimlərsə yenə nəsə oyun oynayırlar, alınan sifarişi yerinə yetitirlər. Amma yenə heç nə alınmayacaq, hər şey yolundadır və öz yolu ilə də davam edəcək. Seçkilər çəkilməyəcək, vaxtında, 2020-ci ilin payızında keçiriləcək”-deyə, adının çəkilməsini istəməyən millət vəkili israrla bildirib.

meclis-oqtay-1

HADİ-8

ELDENIZ-3

Hakim partiyanın tanınmış simalarından olan YAP Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli öz növbəsində növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas və səbəb görmədiyini, bunun daha çox spekulyasiya xarakterli bir məsələ olduğunu bildirib:

“Bu məsələ cənab prezidentin səlahiyyətində olan məsələdir. Möhtərəm prezidentin qəbul etdiyi qərar bizim üçün də qanundur. Mən hələ belə bir şeyi rəsmi eşitməmişəm. Sadəcə, sözdür, el arasında gəzən söhbətlərdir bunlar,  heç birinin hələ nə siyasi əsasını görürəm, nə kökünü. Yalnız prezident o qərarı qəbul edə bilər. Yəni, Konstitusiyaya etdiyimiz dəyişikliklə səlahiyyət verilib ki,  istədiyi vaxt prezident parlamenti buraxa bilər. Amma şəxsən mən parlamentin buraxılması üçün elə bir əsas görmürəm və belə bir məsələ də gözlənilmir”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da bildirib ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar, irəli sürülən versiyalar həqiqəti əks etdirmir:

“Bunlar növbəti şaiyələr, yalan-dolanlardan başqa bir şey deyil. Görünür kimlərsə bu məlumatların yayılmasında maraqlıdırlar, bununla nəyəsə nail olacaqlarını düşünürlər. Amma səhv edirlər, yanlışlığa, xətaya yol verirlər. İnsanları belə boş şeylərə inandırmağın artıq zamanı çoxdan keçib, bunlar keçmişdə qalıb. Həm də parlament, 5-ci çağırış Milli Məclis, onun üzvləri öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilir. Parlamentimiz kifayət qədər səmərəli və effektiv fəaliyyət göstərir, ölkədə gedən proseslərə, islahatlara hər mənada dəstəyini verir və sair. Odur ki, belə söz-söhbətlərə heç bir əsas və səbəb görmürəm. Seçkilər öz vaxtında, zamanında keşiriləcək və demokratik seçkinin qalibi yenə iqtidar partiyası olacaq. Kimsə buna şübhə etməsin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İlkin versiyaya görə yanğın quru otdan başlayıb” – KƏMALƏDDİN HEYDƏROV – YENİLƏNİB – (1)

Read Next

Avropa Şurasında Azərbaycanla bağlı növbəti müzakirə – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir