“Növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır…”-SAHİL BABAYEV HƏMÇİNİN 190 MANATLIQ NÖVBƏTİ ÖDƏNİŞLƏRƏ BAŞLANILACAĞINI BİLDİRDİ – YENİLƏNİB

2021-ci ilin xərclərinin 5 milyard manatı əhaliyə ödənişlərin payına düşür.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2021-ci ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait artıb.

Nazir bildirib ki, növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır.

“Ölkəmiz həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur. Ümumilikdə 27 növ xidmət elektron qaydada təyin edilir. Elektronlaşma ümumi pensiya təyinatlarının 85%-ni əhatə edir. Hazırda 16 növ elektron arayış vətəndaşların istifadəsinə verilib. İlin sonuna qədər elektron arayışların sayının 30-a çatdırılması planlaşdırılır”-deyə, nazir bildirib.

Sonra “Cənab Prezidentin islahatlar proqramının bir hissəsi də məşğulluq xidmətlərinin genişləndirilməsi, şəffalığın və korrupsiyanın qarşısının alınması olub. Hazırda da bu istiqamətdə işlər görülür”-deyən nazirin sözlərinə görə, cari ildə karantin tətbiq edilən ərazilərdə işini itirən şəxslərə 190 manat məbləğində ödəmələr edilib:

“Yaxın günlərdə də təkrar 600 min insana 190 manat məbləğində ödənişlər olunacaq”.

Nazir bununla yanaşı, məhkəmə çəkişmələrinin sayının azaldığını sözlərinə əlavə edib.

***

“Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək”-deyən nazir bildirib ki, hədəf il ərzində 10 min insanın peşə təhsilini təmin etməkdir:

“Bunlardan 3 min nəfərinə sertifikat verilməsi planlaşdırılır ki, bu da onların daha tez iş tapmasına səbəb olacaq. Bu, 3 illik hədəfdir. Cari ildə 3 min nəfərin peşə təhsili, 1000 nəfərin isə sertifikat alması planlaşdırılır. İşsiz şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bu ödənişləri alan şəxslərin sayının 2021-ci ildə artırılması nəzərdə tutulur”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Elman Rüstəmov: “BƏZƏN QƏRİBƏ SUALLAR VERİRLƏR…” – FOTOLAR – YENİLƏNİB

Read Next

Büdcə müzakirələrinə başlanıldı-DEPUTATLARIN ÇOXU MÜZAKİRƏLƏRİ ONLAYN ŞƏKİLDƏ İZLƏYİR, NEFT 40 DOLLARDAN GÖTÜRÜLÜR, DÖVLƏT XƏZİNƏSİNDƏKİ QALIQ BÜDCƏ KƏSİRLƏRİNİN QARŞILANMASINA YÖNƏLDİLƏCƏK, İQTİSADİYYATIMIZ 4 FAİZ “KİÇİLƏCƏK” – FOTOLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir