Novruz Aslanov yenidən “Qızıl Aypara”nın prezidenti seçildi – FOTOLAR – YENİLƏNİB – (1)

Fevralın 28-də Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi qurultayı öz işinə başlayıb.

Etikxeber.az-ın verdiyi xəbərə görə, qurultayda 286 nümayəndə, millət vəkilləri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev və digər şəxslər iştirak edir.

Qurultayda çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov bildirib ki, cəmiyyətin hazırda 370 000 üzvü, 25 000 könüllüsü var.

O, qeyd edib ki, AzQAC ən böyük sosial bazaya malik olan qeyri-hökumət təşkilatıdır:

“Bu təşkilat humanitar diplomatiya üsulu vasitəsilə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edir. Eyni zamanda bu qurum öz hökumətinə, dövlətinə humanitar məsələlərin həllində yardımçı olur”.

N. Aslanov qarşıdan gələn prezident seçkilərinə də toxunub.

O, “qızıl ayparaçılar”ı prezident seçkilərində fəal iştirak etməyə və ölkənin gələcəyi naminə layiqli namizədə səs verməyə dəvət edib.

N. Aslanov  həmçinin bildirib ki, AzQAC yeganə təşkilatlardandır ki, öz beynəlxalq tərəfdaşlarına da yardım edir:

“Hər bir Milli Cəmiyyət, ilk növbədə, öz ölkəsində Hərəkatın beynəlxalq komponentləri tərəfindən dəstəklənərək, özünün güclü könüllü şəbəkəsinə arxalanaraq, humanitar sahədə öz hökumətinə yardımçı rolunu nümayiş etdirir. Eyni zamanda gələcəyə doğru addım atan Milli Cəmiyyət dəyişən dünyaya uyğunlaşmağa hazır olmalı, öz şəffaфlığını qorumalı və bununla da ən güclü, qabaqcıl humanitar təşkilatlardan birinə çevrilməlidir…”

***

Baş Məclisin gedişi zamanı adıçəkilən qurum tarixində ilk dəfə olaraq, gizli səsvermə keçirilib.

Gizli səsvermənin nəticələrinə əsasən N. Aslanov yenidən “Qırmızı Aypara”nın prezidenti, Qafar Əsgərzadə və Rövşən Əliyev isə vitse-prezident vəzifələrinə seçiliblər.

***

novruz-bas

ali hasan-bas

ali hasan-bas-1

N.Aslanovun çıxışı- TAM MƏTN:

-Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı dünya ölkələrində mövcud olan humanitar şəbəkəsi vasitəsilə hər yerdə öz xeyirxah missiyasını həyata keçirən və müxtəlif fəlakətlərdən zərər çəkmiş insanların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına xidmət edən qlobal bir təşkilatdır. Beynəlxalq Hərəkat əsasən silahlı münaqişələrin, təbii fəlakətlərin və digər humanitar böhranların təsirinə məruz qalan insanların çoxtərəfli ehtiyaclarına çevik və effektiv cavab verməyə çalışır, davamlı şəkildə Fundamental Prinsiplərin yerlərdə tətbiq olunması üçün lazımi addımları atır, könüllü xidmət prinsipini əsas tutaraq yerli, milli, regional və beynəlxalq səviyyədə sistemli şəkildə fəaliyyət göstərir. Beynəlxalq Hərəkat öz hazırlığını və effektiv şəkildə xidmət göstərmək qabiliyyətini artırır, humanitar diplomatiya üsulunu tətbiq etməklə tərəfdaşları ilə əlaqələri gücləndirir, gənclərə müraciət edərək onları könüllülüyə dəvət edir.

Hər bir Milli Cəmiyyət, ilk növbədə, öz ölkəsində Hərəkatın beynəlxalq komponentləri tərəfindən dəstəklənərək, özünün güclü könüllü şəbəkəsinə arxalanaraq, humanitar sahədə öz hökumətinə yardımçı rolunu nümayiş etdirir. Eyni zamanda gələcəyə doğru addım atan Milli Cəmiyyət dəyişən dünyaya uyğunlaşmağa hazır olmalı, öz şəffaflığını qorumalı və bununla da ən güclü, qabaqcıl humanitar təşkilatlardan birinə çevrilməlidir.Bildiyiniz kimi, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə Milli Cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsinə çevrilmiş və 98 illik tarixi olan Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyətin 370 000-dən çox üzvü və 25000-ə yaxın könüllüsü vardır. Hər il bizim üzvlərimizin və könüllülərimizin sayı artır.

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində müstəqil fəaliyyətini elan edərək Sovet Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin tərkib hissəsindən çıxması barədə müvafiq qərar qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin göstərdiyi qayğı sayəsində milli cəmiyyət respublika ərazisində yeganə, müstəqil milli cəmiyyət kimi tanındı. Bu, müstəqillik dövründə Cəmiyyətimiz üçün çox əhəmiyyətli bir addım idi. Yalnız bundan sonra bizi 1995-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi rəsmən tanıdı və 190 milli cəmiyyəti özündə birləşdirən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam, bərabərhüquqlu üzvülüyünə qəbul edildik.

Bu illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə etmişdır. Respublikada həyata keçirdiyi müxtəlif tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, fəlakətlər zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.

Hesabat dövründə missiyamıza uyğun müxtəlif sahələrlə yanaşı həmçinin, gənclərlə iş üzrə, ilk yardım, tibbi-sosial maarifləndirmə və gəlirgətirmə sahəsində də aktiv iş aparılıb.

Ümumiyyətlə, gənclər və könüllülərlə iş üzrə həyata keçirilən proqramlara daha çox yer ayırırıq. Bildiyiniz kimi, Qızıl Aypara Cəmiyyəti əməkdaşlarının böyük hissəsi gənclərdən ibarətdir və Cəmiyyətdə «Gənclər komitəsi» fəaliyyət göstərir.

Bununla yanaşı könüllülərlə aktiv görüşlər keçirilir, bütün tədbirlərimizdə könüllülər fəal iştirak edirlər. Ümumiyyətlə, Beynəlxalq Hərəkatda könüllülərin rolu çox böyükdür. Könüllülük siyasəti artıq bütün sahələrə sirayət edib. Respublikamızda keçirilən bütün mötəbər tədbirlərdə könüllülərin əməyindən istifadə olunur. Onlar həvəslə bu tədbirlərə qatılırlar.

Ənənəvi layihələrlə yanaşı, yerli və beynəlxalq aləmdə qəbul edilmiş əlamətdar bayram günlərini də hər il qeyd edirik. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq hər il martın 10-u respublikada «Qızıl Aypara Günü» kimi qeyd olunur, həmçinin, 5 dekabr «Beynəlxalq Könüllülər Günü», 2 fevral «Respublika Gənclər Günü», 1 dekabr «Ümumdünya AİDS-lə Mübarizə Günü» və digər bayramlar tərəfimizdən kütləvi tədbirlərlə qeyd olunur.

Heç kimə sirr deyil ki, son illər təbii fəlakətlərin sayı artmaqdadır. Xüsusilə son dövrlər dünyada humanitar böhran daha da dərinləşmişdir. Böyük qaçqın ordusu yaranmışdır, miqrantlarla bağlı problemlər demək olar ki, bütün ölkələri narahat etməkdədir. Bildiyiniz kimi avropa ölkələrinə qaçqın axını bu gün də davam edir. Münaqişə bölgələrindən qaçqınların sayı artmaqdadır. Türkiyə neçə ildir Suriya qaçqınlarını qəbul edərək onların təlabatlarını ödəyir və onlara təmənnasız xidmətlər göstərir. Bütün bu fəaliyyətləri həyata keçirmək üçün könüllülərin əməyindən istifadə olunur. Çoxsaylı könüllülər, hətta öz həyatlarını riskə ataraq münaqişə ərazilərində insanlara xidmət göstərirlər. Bəzi hallarda elə gözlənilməz hadisələr baş verir ki, könüllülər öz həyatlarını itirirlər. Azərbaycan da müharibə nəticəsində yüzlərlə şəhid verib. Onların sırasında könüllü olaraq çəbhəyə gedənlərin sayı az deyil. Ona görə mən Baş Məclis nümayəndələrindən və qonaqlardan xahış edərdim ki, ayaq üstə 1 dəqiqəlik sükutla könüllülərin və şəhidlərimizin xatirəsini yad edək.

Çıxışımı Azərbaycana təşrif buyurmuş miqrantlar barədə davam etdirmək istərdim. Son iki il ərzində Qızıl Aypara Cəmiyyəti yeni layihəyə start vermişdi. Azərbaycana gəlmiş miqrantlara təmənnasız Azərbaycan dili kursları təşkil olunmuşdur. Bu kursları bitirmiş miqrantlar tərəfimizdən müvafiq sertifikatlarla təmin olunur. Bu da onların cəmiyyətə inteqrasiya edərək əmək fəaliyyəti ilə məşğul olmalarına, təhsil almalarına köməklik edir. Bu sahədə əməkdaşlıq çərçivəsində 2013-cü ildən Dövlət Miqrasiya Xidməti və 2012-ci ildən Beynəlxalq Miqrasiya Təşkilatı ilə müvafiq memorandumlarımız mövcuddur.

Digər bir yeni layihəmiz respublikanın müxtəlif təhsil ocaqlarında «İnsan alverinə qarşı mübarizə» mövzusunda seminarların keçirilməsidir. Bu günə kimi mütəxəssislərimiz tərəfindən respublika üzrə 600 belə seminar keçirilmiş, yeniyetmə və gənclərimiz bu sahədə maarifləndirilmişdir. Bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müvafiq memorandum imzalanmışdır.

Azərbaycanda təbii və texnogen fəlakətlərdən zərər çəkmiş insanlara Qızıl Aypara Cəmiyyəti təxirəsalınmaz lazımi humanitar, mənəvi  və psixoloji yardımları göstərir. Bunlarla yanaşı respublikanın şəhər və rayonlarında fərdi yaşayış evlərində müxtəlif səbəblərdən baş vermiş yanğınlar nəticəsində zərərçəkmiş ailələrə müvafiq humanitar yardımlar edilir. Bütün bu işləri Cəmiyyətimiz Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə həyata keçirir. Cəmiyyətimiz və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi  arasında 11 noyabr 2006-ci il tarixdə imzalanmış memorandum bu işləri qarşılıqlı əməkdaşlıq şəraitində aparmağa imkan verir.

Bir vacib məqamı da nəzərinizə çatdırmaq istərdim. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Federasiyanın çağırışlarına və digər milli cəmiyyətlərin müraciətinə əsasən  xarici ölkələrdə baş vermiş təbii fəlakətlər zamanı zərərçəkmiş insanlara yardımlar edir. Bunu artıq donorluq fəaliyyəti kimi adlandırmaq olar. Belə hadisələr zamanı həmin ölkələrin milli cəmiyyətlərinə yardım etmək bizim missiyalarımızdan biridir. Beynəlxalq təcrübəyə əsaslanaraq bu məqsədlə tərəfimizdən ianə toplama kampaniyaları həyata keçirilir. Belə ki, Somalidə səfalət içində yaşayan insanlara, Türkiyənin Van viləyətində və İranın Şərqi Azərbaycanda baş vermiş zəlzələlər, Türkiyədə mədəndə baş vermiş hadisə, eyni zamanda İraq, Nepal, Ukrayna və Moldova milli cəmiyyətlərinə müvafiq maddi yardımlar edilmişdir. Bu kampaniyalarda hər bir Azərbaycan vətəndaşı, özəl şirkətlər və təşkilatlar öz ianələrini etmişlər. Bildiyiniz kimi Milli Məclisin deputatları da bu kampaniyaya aktiv qoşulmuş və kifayət qədər ianə etmişlər. Fürsətdən istifadə edib bu kampaniyalara qoşulan bütün insanlara Cəmiyyətimiz adından təşəkkür edirəm. Ümumiyyətlə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyən hər bir vətəndaşa şərait yaradır. Belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Bu da şəffaflıgı əks etdirən vacib amillərdən biridir.

Hamınıza məlumdur ki, bizim əsas tərəfdaşlarımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən layihələrdə adıçəkilən təşkilatların rolu böyükdür. Son beş il ərzində kifayət qədər birgə uğurlu layihələrə imza atmışıq və bu sahədə əməkdaşlığımız davam edir. Belə layihələrdən fövqəladə hallara hazırlıq və cavabvermə, HİV və AİDS-lə mübarizə, səhiyyə maarifi, vərəmlə mübarizə, narkotik istifadəçilərinə dair zərərin azaldılması, gənclər və könüllülərlə iş, yerli icmaların inkişafı, yayım, ilk yardım, təhlükəsiz icmalar və sairini göstərmək olar.

Cəmiyyətimiz «İlk Yardım» proqramı çərçivəsində əhalinin ekstremal şəraitdə, bədbəxt hadisələrdə, qəfil xəstəliklər zamanı həyatını xilas etmək, ixtisaslı həkim yardımı gələnə qədər zərərçəkmişlərin  ağırlaşma hallarının qarşısını almaq mövzusunda icmalarda və bir çox təşkilatlarda maarifləndirmə işləri həyata keçirir. Son illər bir çox təşkilatlarda ilk yardım kursları həyata keçirilib. Bu sahədə əməkdaşlığımız daha da genişlənməkdədir.

Hesabat dövründə uğurla həyata keçirilən layihələrdən «Vərəmli xəstələrin davamlı müalicəsinə nəzarət» adlı pilot layihəni də misal çəkmək olar. Bu layihə vasitəsilə vərəmli xəstələrin yerli vərəm dispanserlərində qeydiyyata düşməsi, onların müalicəsinə aid olan dərmanların əldə edilməsi, xəstə və onun ailə üzvlərinin vərəm haqqında maarifləndirilməsi, onlara psixoloji dəstəyin verilməsi kimi xidmətlər göstərilir.

Ümumiyyətlə, səhiyyə sahəsində Azərbaycan Republikasının Səhiyyə Nazirliyi ilə qarşılıqı işgüzar əməkdaşlıq münasibətləri son illər daha da inkişaf etməkdədir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ikitərəfli münasibətləri özündə təsbit edən əməkdaşlıq memorandumu imzalanmışdır. Bu sahədə görülən bütün işlər Səhiyyə Nazirliyi ilə koordinasiya edilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə davamlı olaraq  həyata keçirilən layihələrdən biri də Axtarış Xidmətidir. Bu xidmətin məqsədi bir-birindən ayrı düşmüş ailə üzvləri arasında körpü rolunu oynamaq, psixoloji köməklik göstərmək, fövqəladə hallar zamanı və ondan sonra əldə edilən zəruri məlumatları ailə üzvləri arasında mübadiləsinə şərait yaratmaq, həmçinin bir-birinə qovuşdurmaq məqsədi daşıyır. Bununla yanaşı münaqişə nəticəsində yaşadığı yerlərdən qaçqın və köçkün düşmüş insanların sosial problemlərinin həlli üçün itirilmiş sənədlərin tapılmasında köməklik edirik. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin axtarış xidməti Beynəlxalq Hərəkatın tərkib hissəsi kimi fəaliyyət dairəsi geniş olan axtarış şəbəkə sistemi çərçivəsində fəaliyyət göstərir. Bu şəbəkə sayəsində bir çox insanların itirilmiş əlaqələri bərpa olunub, sənədləri tapılaraq qaytarılıb.

Zəruri layihələrdən biri də “Təhlükəsiz Oyun Meydançası” layihəsidir. “Mina Risklərinin Azaldılması” strategiyası çərçivəsində Azərbaycanın cəbhəyanı bölgələrində yerləşən rayonlarda uşaqları mina risklərindən qorumaq, onların təhlükəsiz yerdə oynamasını təmin etmək məqsədilə Təhlükəsiz Oyun Meydançaları inşa edilmişdir. Bunlardan Qazax, Tovuz, Ağdam, Ağcabədi, Xanlar, Goranboy, Tərtər və Füzuli rayonlarının adlarını çəkmək olar. Hesabat dövrü ərzində əlavə olaraq, Qazax, Tərtər, Ağcabədi və Gədəbəy rayonlarının kəndlərində 8 ədəd Təhlükəsiz Oyun Meydançası inşa edilmişdir.

Bununla yanaşı “Mina Təhlükəsi üzrə Maarifləndirmə” strategiyası çərcivəsində də kiçik qrant layihələr həyata keçirilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin maliyyə dəstəyi ilə minaya düşmüş 25  nəfərə hər il yardımlar edilir.

2007-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ANAMA (ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycanın Milli Agentliyi) arasında Memorandum imzalanmışdır.Hesabat dövrü ərzində Qızıl Aypara Cəmiyyətinin humanitar yardım siyasəti sahəsində də mühüm və nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Cəmiyyətin əlaqədar struktur bölmələri humanitar yardımların təşkili və ehtiyaclı insanlara çatdırılmasında lazımi addımları atmışdır.

Beynəlxalq Federasiyanın və milli cəmiyyətimizin 2020-ci ilə olan Strateji Planına uyğun olaraq milli cəmiyyətin imkanlarını səfərbər edərək yardıma ehtiyacı olan, xüsusilə ahıl, tənha və xroniki xəstə insanlara müxtəlif formada humanitar yardımlar edilir. Bu sahədə Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri kifayət qədər işlər görüb. Cəmiyyətin katibliyi tərəfindən yerli rayon və şəhər bölmə sədrləri ilə tez-tez görüşlər keçirilir, lazımi tapşırıq və tövsiyələr verilir. Onlar da öz növbəsində bu işləri yerli İcra Hakimiyyəti orqanlarının tövsiyələrini nəzərə almaqla həyata keçirirlər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq aləmdə də nüfuzu son illər daha da artmaqdadır. Digər milli cəmiyyətlərlə qarşılıqlı əlaqələri inkişaf etdirməklə bir çox nailiyyətlər əldə etmişik. Cəmiyyətin əməkdaşları çoxsaylı beynəlxalq görüşlərdə, seminarlarda, konfranslarda iştirak edərək Cəmiyyəti və Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmişlər. Türkiyə, İran İslam Respublikası, Rusiya, Ərəb dövlətləri və bir çox Avropa ölkələrinin milli cəmiyyətləri ilə işgüzar əməkdaşlıq edilir. Bu barədə çox danışmaq olar. Amma reqlamenti nəzərə alaraq qısa olaraq bildirim ki, cəmiyyətimizin əməkdaşları Beynəlxalq Hərəkat tərəfindən xarici ölkələrdə təşkil olunmuş bütün rəsmi görüşlərdə, treninqlərdə, seminarlarda iştirak ediblər. Həmçinin digər milli cəmiyyətlərin nümayəndə heyətləri də Bakıya səfərlər ediblər. Keçən ilin noyabr ayında rəhbərlik etdiyim nümayəndə heyəti ilə Türkiyənin Antalya şəhərində Beynəlxalq Federasiyanın XXI Baş Assambleyasında və Beynəlxalq Hərəkatın Nümayəndələr Şurasının iclasında iştirak etdik. Çox məhsuldar görüşlərimiz keçirildi. Bildiyiniz kimi orada Beynəlxalq Federasiyanın yeni prezidenti və vitse-prezidentləri seçildi. Məlumat üçün bildirim ki, prezident vəzifəsinə İtaliya Qızıl Xaçının prezidenti Françesko Rokka seçildi. Tədbirdə bir çox mühüm məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq sənədlər imzalandı.2015-ci il bildiyiniz kimi bizim üçün çox əlamətdar olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə geniş tədbirlər planı hazırlanaraq mərhələlərlə bütün bölgələrdə həyata keçirildi. Həmçinin mənim müəllifim olduğum «Humanitar diplomatiya» adlı kitab işıq üzü gördü. Yubiley münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizə təbrik məktubu ünvanlandı və Cəmiyyətin bir qrup əməkdaşı orden və medallarla təltif edildi. Bütün bunlar dövlətin Cəmiyyətitmizə olan etimadanın təzahürüdür.

  İndi də dövlətimizin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi qayğı barədə ətraflı danışmaq istərdim. Hamı bilir ki, müstəqillik dövründə ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün hüquqi bazasını bərpa etdi və beynəlxalq aləmdə tanınaraq Hərəkatın ayrılmaz bir hissəsinə çevrildi. Möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənələrini yaşadaraq 2004-cü il yanvar ayının 31-də «Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında» sərəncam imzalamışdı. Sərəncamın icrası istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə mərkəzi və yerli icra hakimiyyəti strukturlarına müvafiq tapşırıqlar verilmişdir. Ümumiyyətlə, cənab Prezidentin Cəmiyyətimiz haqqında 7 fərman və sərəncamı olmuşdur, Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanun qəbul edilmişdir. Bu dəstək bu gün də davam edir. Bu qanunu xüsusilə vurğulamaq istərdim. Qeyd edim ki, qanunumuz beynəlxalq aləmdə müsbət bir hal kimi qarşılanmış və Beynəlxalq Federasiya tərəfindən digər milli cəmiyyətlərə də tövsiyə olunmuşdur. Bəzi milli cəmiyyətlər öz ölkələrində belə bir qanunu tədbiq etmək üçün bizimlə müzakirələr aparmış və təcrübəmizdən faydalanmışlar. Həmçinin, Cəmiyyətimizin əvəzsiz istifadəsinə verilən ofis binası, Qızıl Aypara Gününün təsis edilməsi də bu qayğının parlaq nümunələrindəndir.

Bildiyiniz kimi, bu il hamımız üçün çox məsuliyyətli bir ildir, Azərbaycanda Prezident seçkiləridir. Respublikamızda mövcud olan sabitlik, əldə edilən uğurlar, sosia-iqtisadi sahənin inkişafı,  insanlarımızın sərbəst, rahat yaşaması və əmək fəaliyyəti ilə məşğul olması, ən əsası isə əldə edilən müstəqilliyimiz bizim milli sərvətimizdir. Biz bunu qorumalıyıq. Hər bir azərbaycan vətəndaşı bunu bilir.  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 370 min üzvü və 25 minə yaxın könüllüsü Prezident seçkisində fəal iştirak edərək öz vətəndaşlıq mövqeyini bildirəçək və əminəm ki, bu inkişafın davamlı olmasına və Azərbaycanın parlaq gələcəyinə səs verəcəklər. Mən bütün ayparaçıları bu seçkilərdə fəal olmağa çağırıram.                                                                                              

 Dövlət başçısının Fərman və Sərəncamlarının icrası istiqamətində hökumət strukturları Cəmiyyətin inkişafı üçün kifayət qədər işlər görmüşdür. Fürsətdən istifadə edib bizə yardımçı olan bütün hökumət strukturlarına öz təşəkkürümü bildirirəm. Bu sahədə dəstək bizim üçün çox vacibdir. Respublika ərazisində görülən bütün işlər mərkəzi və yerli icra hakimiyyəti strukturlarının dəstəyi ilə baş tutur. Belə qarşılıqlı əməkdaşlıq humanitar sahənin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsində, ümumiyyətlə inkişafında hökumət strukturları ilə işgüzar münasibətlərin xüsusi yeri vardır.

Ümumiyyətlə, son illər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyatında dövlət və hökumət orqanları ilə sıx, ikitərəfli, eyni zamanda səmərəli işgüzar əməkdaşlığın inkişaf perspektivlərinin düzgün istiqamətləndirildiyi illər kimi yadda qalmışdır. Belə əməkdaşlıq sayəsində Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən uğurlu fəaliyyəti və qazandığı nailiyyətləri Beynəlxalq Hərəkatın təmsilçiləri tərəfindən yüksək dəyərləndirilib. Bizim bir çox hökumət strukturları ilə qarşılıqlı əməkdaşlığımız davam edir. Bunlardan Xarici İşlər Nazirliyini, Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsini, Fövqəladə Hallar Nazirliyini, Səhiyyə Nazirliyini, Mədəniyyət və Turizm Nazirliyini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Təhsil Nazirliyini, Ədliyyə Nazirliyini, Dövlət Miqrasiya Xidmətini, Azərbaycan Dövlət Televiziyasını, İctimai televiziyanı, Azad Azərbaycan, Xəzər, Lider və SPASE telekanallarını, AzərTac və digər mətbuat orqanlarını göstərmək olar. Fürsətdən istifadə edib bu təşkilatların rəhbərlərinə bizə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, belə qarşılıqlı əməkdaşlıq bundan sonra daha da inkişaf edəcəkdir.

Müasir dünyada səmərəli fəaliyyət göstərmək istəyən hər bir təşkilat özünün məqsəd və istiqamətlərini dəqiq müəyyənləşdirməlidir. Dünya təcrübəsinə müraciət etsək görərik ki, bu sahədə ən vacib məsələ strategiyadır. Bu məqsədlə Beynəlxalq Federasiya 2020-ci ilə qədər özünün strategiyasını müəyyənləşdirmişdir. Qızıl Aypara Cəmiyyətinin də buna uyğun olaraq 2016-2020-ci illər üçün «Strateji Planı» mövcuddur. Cəmiyyətin gələcək fəaliyyəti məhz bu strategiya çərçivəsində həyata keçiriləcəkdir. Əsas məqsəd hökumət və qeyri-hökumət strukturları ilə əməkdaşlığı gücləndirmək və davamlı etməkdir. Burada yerli bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, gəlirgətirmə sahəsinin genişləndirilməsi əsas prioritetlərdəndir. Güman edirəm ki, bütün ayparaçılar bu sahədə öz gücünü səfərbər edərək humanizm naminə aparılan işlərə öz töhfəsini verəcəkdir.

Təbii ki, butün bu nailiyyətlrlə bərabər müəyyən problemlərimiz də mövcuddur. Hamınız bilirsiniz ki, humanitar layihələrin həyata keçirilməsi üçün ilk növbədə güclü maliyyə bazası olmalıdır. Cəmiyyətimiz əsasən ianə və yığılmış üzvlük haqları hesabına özünün humanitar fəaliyyətini tənzimləyir. Qızıl Aypara Cəmiyyəti üzvlük haqlarının hesabına fəaliyyət göstərir. Təəssüf ki, son vaxtlar  üzvlük haqlarının yığımında böyük çətinliklərlə qarşılaşmışıq. Bu səbəbdən də humanitar fəaliyyətlərin daha effektiv yerinə yetirilməsində müəyyən məhdudiyyətlər yaranıb. Hesab edirəm ki, üzvlük haqlarının mərkəzləşdirilmiş şəkildə yığılması bu problemləri aradan qaldıra bilər. Digər tərəfdən də üzvlük haqlarının məbləği çox kiçikdir, ildə 2 manat. Bunu aylara böləndə hər aya təxminən 17 qəpik düşür. Əlbəttə, bu məbləğlə lazımi yardımların edilməsi bu gün demək olar ki, mümkün deyil. Nəzərə alsaq ki, yerli bölmələrin maddi bazası yalnız üzvlük haqlarının hesabına formalaşır, onda bu məsələnin nə dərəcədə bizim üçün vacib olması heç kəsdə şübhə yaratmamalıdır. Ona görə düşünürəm ki, bu məsələyə diqqəti daha da artırmaq lazımdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Qanun və Hökumətin müvafiq sərəncamları artıq bizə imkan verir ki, yerli bölmələr bu sahədə fəallığı artırsın, yerli icra hakimiyyəti orqanları və yerli təşkilatlarla sıx əməkdaşlıq etsinlər.

Təşkilati inkişaf, xüsusən yerli bölmələrin inkişafı sahəsində də bizim müəyyən problemlərimiz var. Hamıya məlumdur ki, Qızıl Aypara Cəmiyyətinin respublikada 92 rayon, şəhər və sahə bölməsi fəaliyyət göstərir. Bu yerli bölmələrin bir qismi müvafiq iş şəraiti ilə təmin olunmamışdır. Məsələn, onların bəzilərinin işləmək üçün ofis binası yoxdur və belə bölmələr icarə əsasında fəaliyyət göstərirlər. Bu da maddi baxımdan çətinlik çəkən bölmənin vəziyyətini daha da ağırlaşdırır. Bəzi yerli bölmələrin lazımi ofis avadanlıqları yoxdur. Belə olan halda onların işinin keyfiyyəti aşağı səviyyə düşür. Bütün bunlar missiyamızın yerlərdə hayata keçirilmə imkanlarını azaldır.

Əlbəttə, təşkilati inkişaf istiqamətində Cəmiyyətimiz tərəfindən müəyyən işlər aparılır. Dövlətimiz bu sahədə bizə yardım edir. Əminəm ki, Qanunumuz və müvafiq sərəncamlar problemlərin yaxın zamanda aradan qaldırılmasına şərait yaradacaqdır. Hamımız bu işdə səylərimizi daha da artırmalıyıq.

Bu qısa çıxışımla son 5 ili əhatə edən fəaliyyətimizlə sizi tanış etdim. Həyata keçirilən layihələr barədə daha geniş məlumatları icraçı katib diqqətinizə çatdıracaqdır.

Bir daha Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dəstək verən bütün şəxslərə, başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlət və hökumət strukturlarına, digər təşkilatlara öz təşəkkürümü bildirirəm. Xüsusilə də bu gözəl mədəniyyət mərkəzini bizə təmənnasız təqdim edən Dövlət təzlükəsizliyi xidmətinin rəhbəri cənab Mədət Quliyevə və bu mərkəzin kollektivinə, eyni zamanda bu tədbirdə iştirak edən fəal könüllülərimizə təşəkkür edirəm.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

Read Previous

İlham Əliyev Mingəçecirə 3 milyon manat ayırdı

Read Next

“Bax budur dünyanın iç üzü…” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir