Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Gədəbəy rayonunun Şınıx bölgəsindən, özü isə Qaradağlı-Goranboy doğumlu olan Əli Vaqif oğlu İsmayılovun bu gün doğum günüdür.
Əli İsmayılovun bu gün 23 yaşı tamam olur.
Bu, həm də Onun Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Əli İsmayılov 2001-ci ilin mart ayının 21-də, Novruz bayramında sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyi olub.
Hər iki bacısı hazırda ailəli, övlad sahibidirlər.
Əlinin atası Vaqif İsmayılov müharibə-Birinci Qarabağ Savaşının iştirakçısı olub, 2-ci qrup müharibə, Qarabağ əlilidir.
Vaqif İsmayılov 1993-cü ildə, Birinci Vətən Müharibəsi zamanı Gədəbəy istiqamətində döyüşlər zamanı yaralanıb.
Əli 2007-2018-ci illərdə Goranboy rayon M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbində təhsil alıb və orta məktəbi qurtardıqdan sonra, 2018-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub.
Lakin 2019-cu ildə təhsilini dayandıraraq həqiqi hərbi xidmətə yollanıb, Ağcabədi rayonu istiqamətində “N” saylı hərbi hissədə xidmət edib.
Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb, Ağdam və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.
Müharibədən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Eyni zamanda, müharibədən sonra Ağdam istiqamətində “N” saylı hərbi hissədə xidmətini davam etdirib və axırıncı dəfə ailəsi ilə 2021-ci ilin fevralın 26-sı-axşam saatlarında əlaqə saxlayıb.
Fevralın 26-dan 27-nə keçən gecə isə Ağdamın Şelli kəndi istiqamətində bir neçə hərbi qulluqçumuzla birlikdə yaralanıb.
Bir aya yaxın Bakı şəhərində yerləşən Hərbi Hospitalda koma vəziyyətində qalıb, ancaq Onun həyatını xilas etmək mümkün olmayıb.
Mart ayının 25-də Şəhidlik məqamına ucalıb və nəşi martın 25-də Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Əli həm də subay olub.
Hazırda ailəsinin yaşadığı küçə Onun adı daşıyır.
Bununla yanaşı, ailəsi övladlarının “Cəsur döyüşü” və “Ağdamın azad olunmasına görə” medalları ilə də təltif olunmasını istəyirlər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 23 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az