Novruz Məmmədov Qurbanqulu Berdiməhəmmədovla görüşdü – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərində səfərdədir.

Etikxeber.az xəbər verir ki, avqustun 12-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.

Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, Xəzər regionunda qonşu olan Azərbaycan və Türkmənistan müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edirlər.

***

Türkmənistanın “Avaza” turizm zonasında keçirilən Birinci İqtisadi forumun açılışında çıxış edən Xəzəryanı ölkələrin hökumət başçıları mühüm təkliflər irəli sürüblər.

Xəzəryanı ölkələrin hökumət başçıları Xəzərin regionda enerji, sənaye, nəqliyyat və ticarət baxımından əhəmiyyətlini, ölkələr arasında bu istiqamətdə layihələrin həyata keçirilməsini, qarşılıqlı sazişlərin imzalanmasının vacibliyini qeyd ediblər.

Rusiya Federasiyasının Baş naziri Dimitri Medvedyev forumun xüsusi bir vəzifəsinin – Xəzər beşliyi çərçivəsində yüksək səviyyəli əməkdaşlıq sisteminin işgüzar və ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin effektiv və müasir mexanizmi ilə tamamlanmasının, mühüm siyasi qərarları konkret qarşılıqlı faydalı layihələrlə gücləndirməyin vacibliyini bildirib.

Rusiya hökumətinin başçısı vurğulayıb ki, ötən il Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı qərarları həll edilə biləcəyinin təsdiqidir.

Neft və qazın Xəzəryanı ölkələr üçün geostrateji əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olduğunu deyən D.Medvedyev müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə və xidmətlərin sərbəst hərəkəti, xalis energetika, rasional təbiətdən istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Xəzəryanı dövlətlər bu tendensiyalardan kənarda qala bilməzlər.

O, həmçinin optimal nəqliyyat infrastrukturunun, yüksək texnoloji və təhlükəsiz istehsalın, unikal turizm məhsullarının yaradılması məsələlərinə də toxunub.

İran İslam Respublikasının vitse–prezidenti İshak Cahangiri bu tarixi məqamın Xəzəryanı ölkələrin qarşısında yeni imkanların açdığını və bu məqamlardan səmərəli istifadə etməyin vacibliyini bildirib. “Müxtəlif sahələrdə əməkdaşlıq qurmalıyıq. Mövcud imkanlar ətraf mühitin qorunması və bu istiqamətdə layihələrin həyata keçirilməsi üçün gözəl fürsətdir”, – deyə Cahangiri qeyd edib. Ölkələr arasında əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayan vitse-prezident ticarət, turizm, iqtisadiyyat və nəqliyyat sahələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, İran tərəfinin bu cür əməkdaşlığı daim dəstəklədiyini, özəl sektorda da əməkdaşlıq qurmağın, layihələr həyata keçirməyin çox əhəmiyyətli olduğunu deyib.

İran vitse-prezidenti hava əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və birgə qərarların qəbul olunmasını təklif edərək, İranın regionda sülh və stabilliyi dəstəklədiyini, ölkəsinin terrora qarşı olduğunu vurğulayıb.

Qazaxıstan Respublikasının baş naziri Askar Mamin bildirib ki, forum Xəzər regionunun əhəmiyyətli, eyni zamanda, realizə olunmayan potensialı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində vacib istiqamətdir. O bu məqsədlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələrində birgə tədbirlərin görülməsi təklifini irəli sürüb.

Maminin sözlərinə görə, Xəzəryanı ölkələrdə logistika infrastrukturu nəzərə alınmaqla, Rusiyanın mərkəzi bölgələrinə, habelə Şimali Avropaya çıxışı olan Türkmənistan üzərindən Şimal-Cənub dəhlizi boyunca Hindistan və İrandan yük daşımalarını artırmaq mümkündür.

Baş nazir, Xəzərdə turizmin inkişafına da diqqət çəkərək bildirib ki, təxmini hesablamalara görə, Xəzər dənizi kurortları potensial olaraq ən azı bir neçə milyon turist qəbul edə bilər. Askar Mamin Xəzərdə birgə turizmi təşviq edəcək Xəzər ölkələrinin sektoral birliyinin yaradılmasını təklif edib. Qeyd edib ki, onlardan biri də Xəzəryanı ölkələrinin limanlarından çıxış yollarının istifadəyə verilməsi ola bilər.

Forum işini Xəzər regionunda ticari-iqtisadi əməkdaşlıq; regionda nəqliyyat əməkdaşlığının perspektivləri; Xəzər dənizinin enerji potensialı; Xəzər üçün yaşıl iqtisadiyyat; Xəzərdə dəniz elmi araşdırmaları sahəsində əməkdaşlıq mövzularında sessiyalarla davam etdirir.

Etikxeber.az

Read Previous

“Meydanda çox düşünməli, diqqətli olmalıyıq” – QURBAN QURBANOV

Read Next

Azərbaycanla Rusiyanın və İranın maraqları Xəzərdə necə üst-üstə düşə bilər? – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir