“Noyabrın 4-də elçi getdim, 2 gün sonra isə balamın Şəhidlik xəbəri gəldi…Bu xəbəri alarkən nişan yaylığı da əlimdəydi…Nə mən balam doydum, nə də balam məndən doydu…”-TƏKBAŞINA, “PODVAL”DA BÖYÜTDÜYÜ İKİ OVLADINDAN BİRİNİ ŞƏHİD VERMİŞ ANA-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TOĞRUL AĞALARLININ ANASI ÇİÇƏK AĞALAROVA – FOTOLAR

Həm Ağsulu, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Toğrul Daşqın oğlu Ağalarlı…

İgid, Qəhrəman Azərbaycan oğlu…

Cəmi 25 yaşında Vətən yolunda canını fəda edən Azərbaycan, Vətən sevdalısı…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidimiz…

Toğrul Ağalarlı 1995-ci ilin yanvar ayının 1-də (bəzi məlumatlarda səhvən 31 yanvar kimi qeyd edilib) Ağsu rayonunun Ağalarbəyli kəndində dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaş olublar…

O, həm də evin sonbeşiyi idi…

Uşaq vaxtlarından anaları Çiçək Ağalarova onlara-hər iki övladına həm analıq, həm də atalıq edib…

Onları minbir çətinliklərlə təkbaşına böyüdüb…

Toğrul anası və tək qardaşı ilə Bakı şəhərinə, “Fəhlə” prospektində yaşayan dayılarıgilə köçüb, orada “podval”da yaşayıblar…

Bakı şəhərində həm orta təhsilə yiyələnib, həm də kollec (texnikum) bitirib…

2019-cu ildə həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Əsgərliyinin bitməsinə cəmi 3 ay qalmış isə İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Şərəfli və uzun döyüş yolu 36 gün çəkib…

Müharibənin başa çatmasına cəmi 4 gün qalmış Şuşa istiqamətində (yenə bəzi məlumatlarda səhvən oktyabr ayı və Suqovuşan qeyd edilib) qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi iki gün sonra, noyabrın 8-də Bakı şəhərində yerləşən Dədə Qorqud Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra cəmi iki medalla təltif olunub…

O, həm də nişanlı olub…

***

Bu gün Şəhidimizin anası Çiçək xanımla, Çiçək Ağalarova ilə ilk dəfə olaraq, bir araya gəldim…

Onunla söhbətləşdim, dərdləşdim…

Çöhrəsindən, gözlərindən dərd, kədər yağan Şəhid anasına Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

İki övladına həm ana, həm ata olmuş Çiçək xanımın dediklərindən:

“Övladlarımı təkbaşına, “podval”da minbir çətinliklərlə böyütmüşəm…Onlar ata qayğısı, ata nəvazişi görməyiblər…Onlara həm ana, həm də ata olmuşam… Toğrul texnikumda oxuduğu üçün Əsgərliyə gec getmişdi, İkinci Vətən Müharibəsi zamanı Ağcabədidə qulluq edirdi…Müharibənin ilk günündən döyüşlərdə olub… Axırıncı dəfə isə onunla Şəhidliyindən iki gün əvvəl, noyabrın 4-də danışmışam…Utana-utana məndən xahiş etdi ki, ana, sevdiyim qız var, iki ilə yaxındır bir-birimizi istəyirik, ona elçi gedə bilərsənmi…Mən də həmin qızı, onların evlərini tanımırdım…Toğrul adreslərini verdi və elə həmin gün istədiyi qızgilə elçiliyə getdim, ailəsi ilə tanış oldum, söhbətləşdim və razılıqlarını aldım…

Bundan cəmi iki gün sonra övladımın Şəhidlik xəbəri gəldi…Bu xəbəri alarkən, oğlumun nişan yaylığı əlimdə idi və sanki elə bildim belim sındı (ağlayır)…Allah heç kimə yaşatmasın o anı, bala dərdini, oğul itkisini…Özü də sən demə, Toğrulun Şəhidliyindən bütün qohum-qonşunun xəbəri varıymış, amma mənə deməyə ürəkləri gəlmirmiş…Həm özünün arzuları yarımçıq, gözündə qaldı, həm də bir ana kimi mənim…Nə balam məndən doydu, nə də mən balamdan…”

Çiçək xanım danışdıqca, üzünə, kədərli gözlərinə baxmağa utanır, cəsarət etmirdim…

Nə deyəcəyimi, necə təsəlli verəcəyimi, onu necə ovudacağımı belə bilmirdim…

Donub qalmışdım…

Axı, nə deyəsən, necə təsəlli verəsən?!…

Gerçəkdən də sözün bitdiyi yer, kəlmələrin aciz qaldığı anlar idi yenə…

Allah bir daha və bir daha səbr və dözümünü versin!

Böyük Yaradan bir daha və bir daha balasının-Şəhidinin məqamını Uca etsin!

Milyon kərə Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”-ƏLİYEV MİRZİYOYEVİ TƏBRİK ETDİ

Read Next

Bir neçə medal və orden Haqqı tanınmayan Xüsusi Təyinatlı-ƏLİ SEYİDOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ŞƏHİDİN 24 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir