“O, bu ruhla tərbiyə alırdı, bu şeirlərin havasında yetişirdi…” – AKADEMİK – FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb.

nura-1

nura-3

Bildirib ki, tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi onun bütün şeirlərinə nüfuz edib. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir. Şairə torpağını, xalqını, millətini sevən bir ziyalı idi.

“Bu gün Azərbaycan şairi Nurəngiz Günün 80 yaşının işığına toplaşmışıq. Əslində bu gecə şeirlərinin yaşı 40-dan bir az gənc olan şairənin gecəsidir. Nurəngiz xanım həyatı boyu şeirlə nəfəs alsa da, ədəbiyyatla yaşasa da, böyük ədəbiyyata 40 yaşında olarkən gəlib. Gəldi və bir gün kimi parladı. Nurəngiz Gün Azərbaycan ədəbiyyatında ilk gün deyildi. Şeir hər zaman gözəllərlə dolu olub. Qadın bütün zamanlarda şeirin əbədi qəhrəmanıdır. Dünyanın hər yerində və bütün zamanlarda qadının ədəbiyyatda olması, öndə gedən qələm sahibi olması nadir rast gəlinən hadisədir. Amma Azərbaycanın bu baxımdan bəxti gətirib. XII yüzillikdə Azərbaycanın Məhsəti Gəncəvisi, XIX əsrdə Xurşidbanu Natəvanı var idi. Yəni, ədəbiyyatımızın ay xanımı da, günəş xanımı da olub.

Amma XX yüzilliyin sonlarında ədəbiyyatımızda Nurəngiz Gün adlı şairin səsi eşidilməyə başlandı. O, həm də uşaqlıq illərində Azərbaycan radiosuna meyil edirdi. Sonralar Nurəngiz xanım radioda verilişlər apardı. İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən, Rza Təhmasib kimi böyük sənətkardan dərs alan Nurəngiz xanımı müəllimləri Milli Dram Teatrında görmək istəsələr də, o, radioya üz tutdu, diktor kimi fəaliyyətə başladı. Bu müddət ərzində ədəbi aləmlə yaxından tanış oldu. Bir şəxsiyyət və yaradıcı insan kimi özünü ifadə etməyə başladı. Nurəngiz Günün bir çox şeirləri Vətənə həsr edilib. Azərbaycan Televiziyasında da diktor kimi çalışdığı zaman ədəbiyyata nüfuz edən Nurəngiz xanımın əlindən heç zaman Rəsul Rzanın və Nazim Hikmətin kitabları düşməzdi. O, bu ruhla tərbiyə alırdı, bu şeirlərin havasında yetişirdi. Belə böyük şairləri örnək alması onu bir şairə kimi yetişdirdi, ədəbiyyatın qoynuna atdı” – deyə, R. Hüseynov bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar unudulmaz şairənin yaradıcılığından və insani keyfiyyətlərindən söz açıb.

Anar vurğulayıb ki, ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Gün hər zaman istedadlı şair, publisist və gözəl insan kimi tanınıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edir. Onun şeirlərindəki kədər motivlərinin xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlandığını söyləyən Anar qeyd edib ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açıb. O, xalqının başına gətirilən bu müsibətləri öz başına gətirilən müsibətlər kimi dərk edirdi. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.

Nurəngiz xanımın ən böyük xoşbəxtliyinin özündən sonra zəngin irs qoyması olduğunu vurğulayan Anar deyib: “O, yaradıcılığa gec başlasa da, qısa müddətdə maraqlı əsərlər qələmə aldı. Təəssüf ki, biz onun haqqında keçmiş zamanda danışırıq. Ancaq deyə bilərəm ki, o, heç zaman unudulmayacaq, ədəbiyyatsevərlərin qəlbində daim yaşayacaq”.

Çıxışlardan sonra şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları şairənin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda şairə Nurəngiz Günün qızı, deputat Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

nura-1

nura-2

nura-4

 


























Fotolar AZƏRTAC-a və Qafqazinfo-ya məxsusdur.

Etikxeber.az

Read Previous

“Bayram Səfərov işinin öhdəsindən gələ bilmirdi və…” – POLİTOLOQ

Read Next

“Sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir