“O, hər kəsin nəzərində Ali Ruhdur…”-ƏFLATUN AMAŞOV

Doğum gününün tarixi yaddaşıma əbədi həkk olunduğundan, ötən il dekabrın 17-də əlimi telefona aparmış, ona zəng açmaq istəmişdim.

Həmişə edirdim. Amma bu dəfə…

Hər ad günü təbrikinə “ey, Ali Ruh” deyib başlamağın və nəvaziş dolu cavab eşitməyin bir başqa ləzzəti var idi axı.

Bu düşüncəylə II Fəxti Xiyabandakı məzarını ziyarətə yollanmışdım. Dünyadan köçdüyü 24 iyun tarixi də göz yaddaşıma elə oradaca, məzar daşından həkk olmuşdu.Həmkarlarımla birgə yenə o müqəddəs məkandayam.

Jurnalistikamızın nəhəng siması, ustadı, cəfakeş alimi, dəyərli pedaqoqu, professor Şirməmməd Hüseynovu anırıq. Vəfatından bir il ötür. Zaman çox amansızmış. O böyük insanın cismən yoxluğundan ötən bir ilin göz qırpımındaca keçdiyini xatırlatması ilə sanki öyünür…Şirməmməd müəllim haqqında deyiləcək xoş sözlərin, söyləniləcək dəyərli fikirlərin sayı-hesabı yoxdur.

Onunla bağlı irili-xırdalı xatirələrin də həmçinin. Jurnalistikamız, ictimai fikir tariximiz baxımından əsl zirvədir, məktəbdir Şirməmməd Hüseynov. Bu məktəb jurnalistikaya elmi yanaşaraq onun tariximizdəki rolunu dolğun nümunələrlə təsdiqləyib. Bu məktəb vəhdət örnəyidir, ona görə ki, onun qayəsini vurğulayan cəhət millilikdir.

Bəli, Şirməmməd Hüseynov Azərbaycanın alimliyi, pedaqoqluğu milli ruha söykənmiş ziyalı obrazıdır. Bu obrazda Vətən, torpaq sevgisi əməli fəaliyyətlə, prinsipiallıqla, mərdlik və qətiyyətlə, axtarışlar və tədqiqatlarla çulğalaşır. Bu obrazın söylədiyi hər fikir milli ideyaya, məfkurəyə xidmətdir, milli ideya və düşüncə ətrafında birləşmə çağırışıdır.

Qətiyyətlə demək olar ki, Şirməmməd Hüseynovun açdığı yol mənlik şüurumuzun, özünüdərkimizin nəsillərə miraq qalacaq sərvətidir. Bu sərvət dövlətimizin, dövlətçiliyimizin gələcəyinə işıq saçır, onun ideoloji sistemini tarixi-nəzəri fundamentallıqla zənginləşdirir.

Buna görə də o, hər kəsin nəzərində Ali Ruhdur.

O Ruhun qarşısında baş əyir, dərin hörmət və ehtiramımı bildirməkdən fəxarət duyuram.Uca Tanrı Şirməmməd müəllimə rəhmət eləsin!Ruhun şad olsun, USTAD!

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

Etikxeber.az

Read Previous

“Günəşli” yatağında baş vermiş qəzada itkin düşmüş daha iki neftçinin cəsədi tapıldı-RƏSMİ

Read Next

Prezidentdən Gəncə ilə bağlı 5 mühüm-SƏRƏNCAM – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir