Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xanbaba Ceyhun oğlu Ələmmədov…
Xaçmazlı, kənd Xudatlı…
Bir il üç ayın Əsgəri…
Antiterror Şəhidi…
Hələ Əsgərliyə getməzdən əvvəl “Mən Şəhid olacağam”-deyən Nur üzlü Şəhidimiz…
İgid, Qəhrəman, Vətən sevdalımız…
***
Xanbaba Ələmmədov (Əliməmmədov) 2004-cü ilin isti iyul ayının 5-də Xaçmaz rayonunun Xudat kəndində dünyaya gəlib…
Dünyaya gəlişindən cəmi 17 gün sonra-22 iyul 2004-cü il tarixində 34 yaşlı anasını itirib…
Anası Rəna xanım beyin qansızmasından dünyasını dəyişib…
Həmin gündən ona baba ocağında yaşayan əmisi Cahidin ailəsi və bibisi Şəfiqə xanım həm analıq, həm də atalıq edib…
9 fevral 1973-cü il təvəllüdlü Şəfiqə xanım həyatını anasız qalan (həm də ata nəvazişindən, ata qayğısından məhrum olan) Xanbabaya qurban edib, ailə həyatı qurmayıb…
Qardaşı Cahidgillə birlikdə Xanbabaya baxıb, onu böyüdüb boya-başa çatdırıb…
Hər kəsin sevimlisi, istəklisi olan Xanbaba 2010-2019-cu illərdə Xudat kəndində yerləşən Qürbət Babayev adına ümumi orta məktəbdə 9 illik təhsil alıb.
2019-2021-ci illərdə isə Xudat şəhərində yerləşən Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib…
2022-ci ilin iyul ayının 8-də, 18 yaşının tamamından 3 gün sonra isə Əsgərliyə yollanıb…
Əvvəlcə Gəncə şəhərində, sonra Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
Azərbaycan Ordusunun, bir il üç ayın Əsgəri kimi 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatına qatılıb…
Axırıncı dəfə isə əmisi ilə sentyabrın 17-də danışıb…
Və sentyabrın 20-si-səhər saat 3 radələrində Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 4 gün sonra, 24 sentyabr tarixində Xudat kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
19 yaşlı Xanbaba həm də subay olub…
***
Bu gün-16 aprel 2024-cü il tarixində, günorta saatlarında Xaçmazlı Şəhid anaları və “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla birlikdə Şəhidimizin ocağını, əmisinin evini ziyarət etdik…
Əmisinin ailəsi, o cümlədən ona həm analıq, həm də atalıq etmiş bibisi Şəfiqə xanımla görüşdük, bir araya gəldik…
Onlara Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Şəhidimizin ruhu və onların qarşısında baş əydiyimizi bildirdik…
Şəhidimizin əmisi Cahid Zülfüqarlı, bibisi Şəfiqə xanım və əmisinin həyat yoldaşı Gültəkin xanımla söhbətləşdik, dərdləşdik…
Onlara təsəlli verməyə, dərdlərini, acılarını az da olsa, xəfiflətməyə çalışdıq…
Həm bibisi, həm də əmisinin ailəsi “Biz Xanbabaya anasızlığını, yetimliyini hiss etdirmədik…Hər zaman ona öz övladımız kimi baxdıq, onu övladlarımızdan ayırmadıq…O da bizi öz valideyni, anası, atası bildi…O, sanki bir mələk idi…Yer üzərinə göndərilmiş bir mələk”-deyə, bildirdilər…

Xanbabadan göz yaşları içində yana-yana, qovrula-qovrula, ağızdolusu danışdılar…
Və həmin anlar sanki sözlərin, kəlmələrin bitdiyi, aciz qaldığı anlar idi yenə…
Təsəvvür edilməsi çox çətin, bəlkə də mümkünsüz olan anlar…
Məqamı bir daha Uca, dərgahı bir daha mübarək olsun, Nur üzlü Şəhidimizin!
Allah ona həm analıq, həm atalıq etmiş bibisinə və əmisinin ailəsinə bir daha və bir daha səbr və dözüm versin!
Nur içində uyusun, Nur üzlümüz!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az