“O zaman elə düşünürdüm ki, müharibə bitəcək, övladlarımız bir daha qan-qada görməyəcək…Ancaq sən demə övladımın, sonbeşiyimizin taleyində müharibədə iştirak etmək, Şəhid olmaq varmış…”-QƏBƏLƏLİ ŞƏHİD ADƏM HEYDƏROVUN ANASI ZEYNƏB XANIM – FOTOLAR

Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, tarixi Qələbə və Zəfərimizdə payı, əməyi olan Vətən sevdalılarımızdan biri də Adəm İkram oğlu Heydərovdur…

Adəm Qəbələnin Bum kəndindədir…

O, 2000-ci ilin martın 26-da sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb…

Ailədə 3 övlad-bir bacı, iki qardaş olublar…

Adəm evin-ailənin sonbeşiyi olub…

Belə ki, qardaş və bacısı ilə onun arasında 7-8 yaş fərqi olub…

Adəm orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Əsgərliyə yollanıb və Vətənin keşiyini çəkdikdən sonra yenidən evinə-ailəsinə dönüb…

İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub…

Sentyabrın 29-dan oktyabrın 13-cən Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Və oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb…

Ancaq Onun nəşini götürmək mümkün olmayıb…

Yalnız 35 gündən sonra nəşi əldə edilib və doğulub boya-başa çatdığı Bum kəndinin qəbiristanlığında torpağa tapşırılıb…

Adəm həm də Bumun iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Adəm həm də subay olub.

***

Adəm Heydərovun valideynləri-anası Zeynəb xanım və atası İkram kişi ilə bir neçə gün öncə Kürdəmirdə Adəm adlı başqa bir Nur üzlü Şəhidimizin, Adəm Əliyevin adına verilən sinif otağının açılış mərasimində tanış oldum…

Qeyd edim ki, İkinci Vətən Müharibəsində Adəm adlı 3 İgidimiz Şəhid olub ki, onlardan biri də məhz Adəm Heydərovdur…

Və Şəhid ailələrini bir araya gətirən həm də onların övladlarının eyni adı, Adəm adını daşımasıdır…

Adəm Heydərovun ailə üzvləri ilə söhbətləşdim, dərdləşdim…

Onlara başsağlığı verdim, Allahdan səbr arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun”-dedim…

Şəhidimizin anasının dediklərindən:

“Adəm evin sonuncu övladı, sonbeşiyi idi…Ondan böyük qardaşı və bacısı var…Böyük övladım 1992-ci il, ikinci övladım isə 1993-cü il təvəllüdlüdür…Böyük övladlarım dünyaya gələn zaman Birinci Qarabağ Savaşı gedirdi…O zaman düşünürdüm ki, tezliklə müharibə bitəcək, övladlarımız xoşbəxt olacaq, bir daha qan-qada görməyəcək…Ancaq sən demə övladımın taleyində müharibədə iştirak etmək, Şəhid olmaq da varmış (gözləri dolur, səsi titrəyir)…Sonbeşiyimiz, Adəmimiz Vətən yolunda canından keçdi, Şəhid oldu…Bir ana, valideyn üçün övlad itkisi, övlad acısı nə qədər dözülməz olsa da, amma övladımla, Adəmimizlə Fəxr edirəm, Qürur duyuram…Adəmlərimin, Şəhidlərimin hər birinə də qurban olum…Məkanları cənnətlik olsun! Hamısı bizim övladımız, balamızdır…Biz bir Şəhidin deyil, 3 min Şəhidimin anasıyıq!”

Bəli, hər bir Şəhidimizin həyatı, keçdiyi yol bir hekayətdir, Qəhrəmanlıq dastanıdır…

Hamısı özlərindən, Şəhidliklərindən sonra bizlərə, hər birimizə örnək olacaq iz-yol qoyub gediblər…

Adəm də, Adəmlər də həmçinin…

Hər biri-Adəmlər də daxil olmaqla-çox qısa ömür yaşadlar, amma şərəfli ömür yaşadılar və şərəfli şəkildə də Haqqın dərgahına, Şəhadətə ucaldılar!

Dərgahları mübarək, məqamları Ucalardan uca olsun!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şuşada çoxsaylı mədəniyyət tədbirləri keçiriləcək”-TDT BAŞ KATİBİ – FOTO

Read Next

Cavid Qurbanov vəzifəsindən azad edildi və NAZİR MÜAVİNİ TƏYİN OLUNDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir