“Obyektiv, ədalətli, ikili standartlarsız!” – DEPUTATDAN ÇAĞIRIŞ

Rafael Hüseynov Avropa Şurasını tənqid etdi

Avropa Şurası istəyəndə, iradə göstərəndə məqsədinə nail ola bilir.

Bunu Etikxeber.az-a Avropa Şurası (AŞ) Bürosu və Daimi Komitəsinin “İnkişaf haqqında hesabatı” ətrafında müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

O, çıxışında əvvəlcə AŞ-nin keçən müddətdəki fəaliyyətini xatırlatdığını, keçmişdə buraxılmış nöqsanlara daha ciddi münasibət bildirməyin vacib olduğunu söylədiyini bildirib:

“Çıxışımda dedim ki, bu ilin mayında Avropa Şurasının həyatında əlamətdar hadisə baş verəcək. Təşkilat mövcudluğunun 69-cu ilini başa vurub ömrünün 70-ci ilinə qədəm qoyacaq və 2019-cu ildə qeyd edəcəyimiz mühüm ildönümünə yaxınlaşırıq. 70 il zahirən tarix üçün qısa bir zaman olsa da, 1949-cu ildən bəri keçmiş onillər dünya və Avropa tarixinin elə mürəkkəb dövrüdür ki, əslində mahiyyəti etibarı ilə daha uzun bir zaman kəsiyi kimi qiymətləndirilməlidir. Avropa Şurası da söz yox ki, bu müddət ərzində dünyanın siyasi mənzərəsinin dəyişməsinə öz ciddi töhfələrini verib. Yuvarlaq ildönümləri isə həmişə arxaya baxmağı, keçilən yolun təhlillərini aparmağı tələb edir. Bu baxımdan, Parlament Assambleyasında, ilk növbədə, öz fəaliyyətlərinə tənqidi yanaşma, daha düzgün idarəçiliyin yollarını aramaq istiqamətində səylər diqqətəlayiqdir”.

rafaelllooo

Azərbaycanlı deputat çıxışı zamanı AŞ-nin lazım olanda qətiyyət göstərdiyini, təşkilatın Nizamnamə tələblərini pozanları kəskin şəkildə cəzalandırdığını, lakin təəssüf ki, bu qətiyyətin heç də bütün üzvlərə qarşı nümayiş etdirilmədiyini bildirib:

“ Vuruladım ki, ötən sessiyalarda biz bunun bariz nümunəsinin şahid olduq ki, Assambleya Nizamnamə tələblərinə yetərincə uyğun gəlməyən hərəkətlərə görə lazım biləndə hətta öz ali rəhbərliyinə qarşı da necə sərt mövqe tutur. Ötən hesabat dövründə gördük ki, Assambleya lazım biləndə hansısa konkret ölkəyə qarşı sanksiyaların tətbiqi və davam etdirilməsində necə prinsipial mövqe nümayiş etdirməyə qadirdir. Hətta müəyyən maddi çətinliklərlə qarşılaşsa da, bu xəttindən əl çəkmir. Bütün bunlar ən əvvəl onu sübut edir ki, Avropa Şurası istəyəndə, iradə göstərəndə məqsədinə nail ola bilir. Amma təəccüb doğuran odur ki, niyə Avropa Şurası belə mövqeyi həmişə deyil, yalnız müəyyən hallarda göstərməyi mümkün hesab edir. Niyə hansısa ölkəyə və konkret şəxslərə qarşı Avropa Şurası kəskin münasibət bildirməyi mümkün sayır, ancaq eyni hərəkətləri etmiş, bəzənsə daha böyük pozuntulara yol verənlərə qarşı heyrət doğuran yumşaqlıq nümayiş etdirir. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Ermənistan işğalçı dövlətdir və Avropa Şurası bunu hələ 13 il əvvəl qəbul etdiyi qətnaməsində də təsdiq edib. Deyirsiniz işğalın həlli problemi ilə başqa təşkilat məşğul olmalıdır, bunu başa düşdük. Bəs qəbul etdiyiniz bu və bu qəbil qətnamələrə nümayişkaranə şəkildə etinasız yanaşan, Avropa Şurasının Nizamnamə tələblərini ardıcıl şəkildə pozan bu ölkəyə qarşı niyə indiyədək heç bir cəza tədbiri tətbiq edilmir? Belə ikili standartlar varkən, əlbəttə, təşkilatın nüfuzuna zərbə dəyir. Təbii olaraq, belə ehtimallar yaranır ki, ayrı-ayrı dövlətlərə və şəxslərə qarşı burada qəbul edilmiş sərt qərarlar da yalnız obyektiv deyil, həm də subyektiv səbəblərlə bağlıdır. Çünki yalnız obyektiv səbəblər işləsəydi, onda hamıya münasibət eyni olmalı idi”.

R. Hüseynov AŞ rəhbərliyini çox əhəmiyyətli bir məqama diqqət yönəltməyə çağırdığını dilə gətirib. Yəni, son dövrdə bir sıra ölkələrin məhz ikili standartlar siyasətinə etiraz əlaməti olaraq təşkilatın sıralarını tərk etmək niyyətlərinin səslənməsinin ciddi siqnal olduğunu bəyan edən R. Hüseynov bu narahatedici amildən nəticələr çıxarmağın gərək olduğunu vurğulayıb:

“Bildirdim ki, inkişaf haqda növbəti hesabatımızı müzakirə edərkən buna da diqqət yönəldək ki, niyə əvvəllər müxtəlif ölkələr ciddi-cəhdlə təşkilatımıza üzv olmağa can atırdılar, indi isə əksinə təşkilatdan uzaqlaşmaq istəyən dövlətlərin sayı artmağa başlayır. Bunu da unutmayaq ki, təşkilatdan ayrılma, qopma prosesləri başlansa, daha bunun qarşısını hansısa islahatlarla, qabaqlayıcı tədbirlərlə almaq mümkün olmayacaq. Avropa Şurası isə həm qitənin, həm dünyanın siyasi mənzərəsinin daha mükəmməl olmasına bundan sonra da faydalar verə bilmək təcrübəsinə də, potensialına da, imkanlarına da malikdir. Avropa Şurasını bu imkanların reallaşdırılması fürsətindən məhrum etməyək. Əsas iş prinsipi böyük güclərin və lobbilərin maraqlarına deyil, daim böyük həqiqətlərə xidmət olsun, obyektiv, ədalətli, ikili standartlarsız”.

Etikxeber.az

Read Previous

Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşdü – FOTO

Read Next

“Onların səsini AŞPA duymalıdır…” – MİLLƏT VƏKİLİNDƏN SƏRT TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir