Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində yaşayan Şəhid anası Sənubər Yaşa qızı Teymurova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Milli Məclisin (MM) sədri Sahibə Qafarovaya, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sənubər Yaşa qızı Teymurova 1988-ci ildən 2020-ci ilə, tarixi Zəfərimizəcən 32 il düşmən qarşısında mətanətlə duruş gətirən Qəhrəman Goranboy rayonunun Qəhrəman Tap-Qaraqoyunlu kəndindənəm. İkinci Vətən Müharibəsi Şəhidi Hidi Bəxtiyar oğlu Vəliyevin anasıyam. Elə bu yerdə xatırladım ki, bu, səhv etmirəmsə, Sizə ünvanladığım ikinci müraciətimdir.
Çünki çox təəssüflər olsun ki, birinci müraciətimdə qaldırdığım, xahiş etdiyim məsələlərin heç biri ötən müddətdə öz həllini tapmadı. Əgər müraciətim birbaşa Sizə çatdırılsaydı, inanıram ki, ikinci müraciətimə də ehtiyac qalmayacaqdı, həmin məsələlərin həlli tez bir zamanda reallaşcaqdı. Ona görə ikinci müraciətimə ehtiyac yarandı və əminəm ki, bu dəfə müraciətim birbaşa Sizə çatdırılacaq və xahiş etdiyim məsələlər nəhayət, öz həllini tapacaq.
Bir daha qeyd edim ki, mən dörd övlad anası idim. İki övladım-bir övlad anası olan qızım Nərgiz Vəliyeva və nişanlamağa hazırlaşdığım kiçik övladım Hidi Vəliyev hərbçi idi. Qızım Nərgiz Vəliyeva Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərərək, Aprel döyüşlərinin canlı şahidlərindən və iştirakçılarından olub. Ölümlərdən dönüb, yaralanıb, ancaq Vətənsevərliyi, həm də səhlənkarlğı üzündən vaxtında Haqqı olan əlillik dərəcəsini almayıb, xidmətinə davam edib. Sonra qızıma qarşı haqsızlıq edilib, işdən çıxarılıb. Ötən müddətdə də Haqqını bərpa edə bilmir. Həm də bir övlad anası olaraq, heç bir yerdə işləmir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, normal bir işlə təmin olunmayıb.
Sonbeşik övladım Hidi Vəliyev də Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb. Və müharibənin elə ilk günündə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb. İkinci Vətən Müharibəsində Azərbaycanımızın ilk-27 sentyabr Şəhidlərindəndir. Yenə dəfələrlə müraciət etməyimizə, dəfələrlə söz, vəd verilməsinə baxmayaraq, Haqqı olan ali ordenlərimizdən biri ilə təmin olunmayıb.

Onu da qeyd edim ki, biz Qəhrəmanlar ailəsiyik, dayım Birinci Qarabağ Savaşı Şəhididir. Həyat yoldaşım, bugünlərdə 65 yaşı tamam Bəxtiyar Vəliyev də Birinci Qarabağ Savaşının iştirakçılarından və müharibə veteranlarındandır. İkinci qızımın-kollec təhsilli Fərqanə Rüstəmovanın da həyat yoldaşı 8 ilin hərbçisi, İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Ancaq ötən illərdə nə həyat yoldaşım, nə mən, nə böyük qızım, nə kollec təhsilli ikinci qızım, nə də bir övlad atası olan kürəkənim işlə təmin olunmuşuq. Heç birimizə iş verilməyib.
Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Müraciət etməklə, müraciət ünvanlamaqla, Sizdən bir neçə xahiş etmək istərdim. İlk növbədə övladımın, Şəhidimin orden Haqqının tanınmasını istəyirəm. İstəyirəm ki, Hidim ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun. Bu, balamın, Şəhidimin Haqqıdır.
Eyni zamanda, istəyirəm ki, keçmiş hərbçi qızımın-bir övlad anası olan Nərgizimin Haqqı bərpa olunsun. Tək övladına təkbaşına baxır. Biz olmasaq, onların taleyi necə olacaq, bilnmir. Çünki qızım işləmir, işlə təmin olunmur. Ona görə çox istərdim və xahiş edərdim ki, qızım Haqqı tanınsın, normal bir işlə təmin olunsun.
Həmçinin, bir övlad anası olan kollec təhsilli qızım və onun ömrünün 8 ilini Vətənə, Orduya həsr etmiş həyat yoldaşı işlə təmin edilsin. Onların işlə təmin olunmağa böyük ehtiyacları var. Elə mənim də hələ pensiya yaşıma var. Əmək qabiliyyətliyəm. İstərdim ki, mənə də bir normal iş verilsin, həm də Şəhidimizin Haqqı olan mənzil məsələsinin həlli tezləşdirilsin.
İnanıram ki, belə də olacaq, müraciətim Sizə çatdırılacaq, qaldırdığım, xahiş etdiyim məsələlər Sizin köməkliyiniz, dəstəyiniz sayəsində öz müsbət həllini tapacaq, həm Şəhidimizin ruhu sevindiriləcək, həm də bizə dəstək verilmiş olacaq.
Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az