“Oğlum oktyabrda dünyaya gəldi, oktyabrda da dünyasını dəyişdi, Şəhid oldu…Oktyabrın 13-də, 38 yaşı tamam olan gün üç mərasimi idi…”-ŞƏHİD NİYAZİ İSGƏNDƏROVUN ANASI TOVUZ İSGƏNDƏROVA – FOTOLAR

Niyazi Şahvələd oğlu İsgəndərov…

44 günlük tarixi İkinci Vətən Müharibəsinin iştirakçısı, İgidi, Qəhrəmanı və Şəhidi…

13 oktyabr 1982-ci il doğumlu…

Niyazi əslən Qərbi Azərbaycandan olub, 1990-cı ildən isə Mingəçevirdə, “QRES” deyilən ərazidə yaşayıb, böyüyüb, boya-başa çatıb…

Ailə qurduqdan sonra başqa əraziyə, yataqxanaya köçüb…

İki övlad, iki oğul atası olan İgidimiz ömrünün son 7 ilini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, fəaliyyət göstərib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Müxtəlif vaxtlarda 3 dəfə ağır şəkildə yaralanıb…

Birinci dəfə Aprel döyüşlərindən xeyli əvvəl, Tərtər istiqamətdə, postda olarkən düşmən tərəfindən snayperlə vurulub, ağır şəkildə yaralanıb, xeyli müddət müalicə alıb…

İkinci dəfə 2016-cı ilin Aprel döyüşləri zamanı yaralanıb…

Sonuncu-üçüncü dəfə isə İkinci Vətən Müharibəsinin ilk günlərində, Ağdərə-Suqovuşan istiqamətində yaralanıb…

Üç gün Şəmkir hospitalında, bir gün Mingəçevirdə, xəstəxanada yatıb, amma yaralı olmasına baxmayaraq, ürəyi Vətən, Torpaq eşqi ilə döyünən İgidimiz yenidən cəbhəyə, Tərtər-Ağdərə istiqamətinə qayıdıb…

Axırıncı dəfə də ailəsi ilə oktyabrın 3-də, Şəhidliyindən bir gün öncə danışıb…

Şəhidimizin anası-Tovuz ananın dediklərindən:

“Oğlum elə bir oğul idi ki, danışmaqla qurtarmaz…Çox qoçaq, çox qorxmaz, çox cəsur oğul idi…Hamı başına and içirdi…Axırıncı dəfə ayın 3-də danışdıq, dedi ki, “ana, bilirsiz haradayam, dedim ki, haradasız, dedi ki, Suqovuşanda…Suqovuşanı almışıq, azad etmişik, Suqovuşan bizdədir”…Çox sevincli idi, çox sevinirdi…Bu, onunla sonuncu danışığımız oldu…Səhərisi, oktyabrın 4-ü günü nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı…Sən demə, balam elə həmin gün, oktyabrın 4-ü Şəhid olubmuş…Amma onu bir həftə sonra, oktyabrın 11-də dəfn edə bildik…Balam oktyabrda dünyaya gəldi, oktyabrda da dünyasını dəyişdi, Şəhid oldu…Oktyabrın 13-də, 38 yaş tamam olan balamın üç mərasimi idi (Gözləri dolur)…Bizi gözü yaşlı qoyub getdi bu dünyadan…”

Qeyd edim ki, Şəhidimizin ailə üzvləri-anası Tovuz xanımla, atası Şahvələd kişi və bacısı ilə Mingəçevir Şəhidlər Xiyabanını ziyarət zamanı qarşılaşdım…Övladlarının, Niyazinin məzarı başında…

Bir qədər söhbətləşdikdən, dərdləşdikdən sonra bir daha başsağlığı verib, onlardan, Şəhidlər Xiyabanından ayrıldım...

Allah Niyazi İsgəndərov da daxil olmaqla, bütün Şəhidlərimizə rəhmət etsin, məkanları cənnətlik olsun, nur içində yatsınlar!

Baş tacımızdırlar, and yerimizdirlər, ruhları qarşısında baş əyirik, baş əyirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

05.04.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

“Prokurorluq haqqında” qanun layihəsi MM-in plenar iclasına-TÖVSİYƏ OLUNDU – FOTO

Read Next

Azərbaycanda daha iki general-HƏBS OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir