Oğuz və Qəbələnin sonuncu-sentyabr Şəhidləri: TƏK OĞULLAR-MAXE NAİL ABBASOV VƏ GİZİR ELŞƏN BABAZADƏ… BİRİ SUBAY, BİRİ NİŞANLI İDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün Mingəçevirli Şəhid ailəsi-İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri və mütəmadi olaraq, Şəhid ailələrini ziyarət edən Rəşad Salahbanovla birlikdə Oğuz və Qəbələli Şəhid ailələrini, Şəhid məclislərini ziyarət etdik…

Öncə Oğuzun Qarabaldır kəndindən olan sentyabr Şəhidi Nail Adil oğlu Abbasovun üç mərasiminə qatıldıq…

Şəhidin ailə üzvlərinə, yaxınlarına, Dərdli və Kədərli valideynlərinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Qeyd edim ki, Nail ailənin iki övladından biri olub…

Ailədə iki uşaq-bir bacı və bir qardaş idilər…

Bacısı hazırda ailəli və bir körpə anasıdır…

1997-ci il təvəllüdlü, 25 yaşlı Nail isə subay idi…

Bu ilin noyabr ayında da Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməsinin biri ili tamam olacaqdı…

Amma və lakin…

Bir neçə gün öncə baş vermiş qanlı sentyabr döyüşlərində ömür yolu yarımçıq qalıb, Şəhidli məqamına Ucalıb…

Və sentyabrın 14-də Qarabaldır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Nail həm də çox kasıb, əlinin qabarı, alnının təri ilə dolanan bir ailənin övladı olub…

Hətta o qədər kasıb olublar ki, bir həyətdə yaşadıqları əmisinin ailəsi ilə para çörəyi belə yarı bölüblər…

Nailin ailəsi ev adına daxmada yaşayıb (bu gün də yaşamaqdadır), Nail də həmin evdə böyüyüb boya-başa çatıb…

Bəli, əksər Şəhidlərimiz kimi, Nail də kasıb, daxmada yaşayan bir ailənin övladı olub və Vətənini, torpağını ailəsindən, əzizlərindən üstün tutub…

Və özünü Vətən yolunda fəda edib…

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

***

Sonra Qəbələinin sonuncu Şəhidi, 26 yaşlı peşəkar hərbçi-Gizir Elşən Sahib oğlu Babazadənin ailəsini, ocağını ziyarət etdik…

Bu gün Elşənin dördü idi…

Elşən də ailənin tək oğlu olub…

Həm də iki bacının tək və nişanlı qardaşı…

Orta məktəbdə oxuyarkən, 11 il öncə, 2001-ci ildə analarını çox vaxtsız itiriblər…

O vaxtdan da ataları Sahib kişi onlara həm atalıq, həm də analıq edib…

Elşən hərbi xidmətini başa vurduqdan bir müddət sonra, düz 3 il öncə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Orduda Gizir kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…

Bir sıra medallarla təltif olunub…

Və bir neçə gün öncə Zəngilan istiqamətində-Ermənistanla sərhəddə düşmənin təxribatı nəticəsində baş vermiş qanlı döyüşlər zamanı Şəhidlik məqamına yüksəlib…

Nəşi də Mıxlıqovaq kənd qəbiristanlığında dəfn olunub…

Qeyd etdiyimiz kimi, Elşən həm də nişanlı olub…

Cəmi bir ay sonra toyu olacaqmış…

Amma… bəyliyi ağ kəfəni olub Nur üzlü Şəhidimizin…

Arzuları, xəyalları da ömrü kimi yarım, yarımçıq qalıb…

Məkanı cənnətlik, məqamı Uca, Dərgahı mübarək olsun!

Şəhidimizin atası və yaxınları ilə söhbətləşdikdən, başsağlığı verdikdən sonra onlardan ayrıldıq…

Və daha bir Qəbələli Şəhid ailəsinə üz tutduq…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Oğuz-Qarabaldır, Qəbələ-Mıxlıqovaq

Etikxeber.az

Read Previous

Ermənistan baş qərargah rəisinin bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır-MN

Read Next

“Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür…”-ILHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir