“Ölkədə professorların, elmlər doktorlarının, fəlsəfə doktorlarının, alimlərin sayı-hesabı yoxdur, amma…”-SABİQ DEPUTAT PROBLEMLƏRDƏN DANIŞDI

Zəmanəmizdə dövlətin gücü onun sərvətinə, ordusuna, cəbbəxanasına deyil, savadlı, təhsilli vətəndaşına bağlıdır.

İnkişaf etmiş ölkələrin əldə etdiyi nailiyyətlərin, qazandıqları uğurların yollarını, səbəblərini təhlil etdikdə, görürük ki, təhsil aparıcı rola malikdir.

Dünyada elə dövlətlər var ki, heç bir təbii qaynağı yoxdur, amma sərvətləri başından aşır, varını-varidatını yığıb yığışdıra bilmir. Bir sözlə, günümüzdə təhsil-inkişafın təməl daşıdır.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, Sovetlərdən miras qalmış maarifçilik fəaliyyəti yeni çağırışlara cavab vermirdi. Milli inkişaf strategiyamıza uyğun təhsil sisteminin formalaşdırılması zərurəti bizi axtarışlara sövq etdi. Proses indi də davam edir.

Bu sahədə xeyli işlər görülüb. Məncə, ən böyük müsbət nəticə-təhsilin maddi texniki bazasının əhəmiyyətli dərəcədə yenilənməsi və möhkəmlənməsidir.

Təkcə son bir neçə il ərzində Respublikamızda 3500-dən çox ya yeni məktəb tikilmiş, ya da əsaslı təmir edilmişdir. Ali təhsil müəssisələrimizin sayı artmaqla yanaşı,tədris şəraitləri də yaxşılaşmışdır.

Pedaqoq peşəsinə cəmiyyətdə müsbət münasibətin və rəğbətin formalaşması üçün xeyli işlər görülüb. Təhsil işçilərimizin əmək haqqları getdikcə artırılır.

Bir sözlə,həyatımızın bu vacib sahəsi dövlətin diqqət mərkəzindədir. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sferada islahatlar dərinləşməlidir. İnkişaf etmiş ölkələrdəki təcrübə dərindən öyrənilməli, müsbət nümunələr ölkəmizdə tətbiq olunmalıdır.

Bugünlərdə Prezidentin sərəncamı ilə xaricdə nüfuzlu universitetlərdən birində oxumuş, Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsinə qədər yüksəlmiş Emin Əmrullayev Təhsil naziri təyin edilmişdir. Təbrik edirəm, uğurlar diləyirəm.

Ağır bir işin altına çiyinlərini qoyan gənc nazirdən cəmiyyətin gözləntiləri çoxdur. Təhsilimizin səviyyəsi qaldırılmalıdır.

Biz nə Avropadan, nə Amerikadan əksik deyilik. Qabiliyyətimiz-yetərli,düşüncəmiz-saf,ruhumuz-sağlam,pulumuz-paramız da-yerində. Başlıcası,bu işə can yandıran, həvəslə yanaşan dövlət başçımızın siyasi iradəsi də göz qabağındadır.Keyfiyyətli təhsil sistemi qurmaq üçün daha nə lazımdır ki? Ürəkdən, qəlbdən işləmək!..

Təhsil prosesinin əsas fiquru, hərəkətverici qüvvəsi müəllimdir. O, nə öyrədirsə, necə öyrədirsə,şagirdi,tələbəsi də həmin bilik baqajı ilə müstəqil həyata yollanır. Bu gün Azərbaycanda professorların,elmlər doktorlarının,fəlsəfə doktorlarının,alimlərin sayı-hesabı yoxdur.

Amma təhsilimizin keyfiyyətini lazimi səviyyəyə qaldıra bilmirik. Diplomlarımız-sərhədlərimizdən kənarda vecsiz bir kağız parçasıdır. Nədən bizim universitetlərimizdən heç biri yüksək reytinq cədvəllərinə düşməsin? Yuxarıda dediyim kimi, dövlətimiz buna qadirdir.

Müəllimlərin peşəkarlığı-təhsil sisteminin ana xəttini təşkil etməlidir. İllərdir ki, ictimaiyyəti narahat edən bir məsələni də xüsusi vurğulamaq istəyirəm .Dövlət universitetlərində ödənişli təhsil ləğv edilməli,yaxud təhsil haqqı orta statistik Azərbaycan ailəsinin dolanışıq səviyyəsinə uyğun olmalıdır. Hər il təhsil haqqlarını ödəyə bilmədiklərinə görə, yüzlərlə tələbə ali təhsil ocaqlarını tərk etmək məcburiyyətində qalırlar.

Kim bilir, bəlkə, onların arasından gələcəyin böyük alimləri, ixtiraçıları, dövlət xadimləri çıxa bilər. Maddiyata görə biz onların arzularını ürəklərində qoymamalıyıq, qovuşmaq istədikləri həyata aparan yolları bağlamamalıyıq.

Dövlətimizin bu məsələləri həll etmək üçün maliyyə imkanları mövcuddur. Bu sferaya ayrılan və ildən ilə artırılan vəsaitlər hesabına problemi çözmək olar.

Ümidvaram ki, ölkəmizdə aparılan islahatlar təhsillə bağlı cəmiyyətimizi narahat edən məsələlərin həllinə imkan yaradacaq, milli təhsilimizin səviyyəsi müasir tələblər səviyyəsinə qədər çatdırılacaq, məktəblərimizin, universitetlərimizin məzunlarının sorağı çox-çox uzaqlardan gələcək.

Mayis SƏFƏRLİ,

Sabiq deputat

22:20

Etikxeber.az

Read Previous

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilidi-MN MƏLUMAT YAYDI

Read Next

“Biləsuvar susuzdur! Biləsuvara kömək lazımdır!”-BƏHRUZ MƏHƏRRƏMOV DÖVLƏT QURUMLARINA VƏ MEDİAYA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir