“Ölkəmiz Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirməsini uğurla keçib” – PA RƏSMİSİ – FOTOLAR – YENİLƏNİB (4)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə aprelin 27-də Bakıda “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov konfransda çıxış edərək, bu gün Azərbaycanın genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizm, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkan olduğunu qeyd edib. Vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur.

Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edildiyini, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirildiyini diqqətə çatdıran Fuad Ələsgərov deyib:

“Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin həyata keçirilməsində və preventiv tədbirlərin icrası üzrə sistemli fəaliyyət göstərirlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklərə əsasən, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumat verən şəxslərin dövlət müdafiəsi təmin edilir.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul olunur. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və bəzi ölkələrdə artıq tətbiq edilir. Eyni zamanda, “ASAN xidmət” məhz beynəlxalq standartlaşma təşkilatının keyfiyyətli idarəetmə standartları üzrə beynəlxalq sertifikata layiq görülüb”.

F. Ələsgərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə 2012-2015-ci illəri əhatə edən Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunub. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri də milli fəaliyyət planının uğurla icrasını bir daha təsdiqləyib.

“Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır. Bu sahədəki müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, beynəlxalq şəffaflıq təşkilatının 2016-cı il qlobal korrupsiya barometri ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Hesabatın nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi bəzi Avropa və postsovet ölkələrinin göstəriciləri ilə müqayisədə daha yaxşıdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Belə ki, ölkəmiz BMT, Avropa Şurası, OECD, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə mühüm nailiyyətlər əldə edilib. Ölkəmiz Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunun GRECO və OECD Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirmə raundunu uğurla keçib.

fuad-2

Korrupsiyaya qarşı mübarizə və Açıq hökumət prinsiplərinin genişlənməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı ilə hasilat sahəsində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə Hasilat sənayesində şəffaflıq üzrə Komissiya yaradılıb. Hesab edirəm ki, biz bu şəffaflığa sadiq qalacağıq”- deyə, Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin güclənməsinə xidmət edən bu konfransın antikorrupsiya standartlarının dövlət və özəl qurumlarında tətbiqinin genişlənməsinə ciddi töhfə olacağına əminliyini bildirən F. Ələsgərov deyib:

“Ümumilikdə korrupsiyaya qarşı mübarizəyə dair qəbul edilmiş fəaliyyət planlarının effektiv icrası, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı nailiyyətlərimizi şərtləndirən əsas amillərdəndir”.

Sonra çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Bu strategiyanın ayrılmaz hissəsi olan Açıq hökumət prinsipləri, həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə olunmasında açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz Açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

Ötən ilin ölkəmiz üçün genişmiqyaslı iqtisadi islahatlar ili olduğunu deyən R.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabətqabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə üç pillə irəliləyərək 138 ölkə arasında 37-ci yerə, “Doing Business-2017” hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.

Korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) barədə danışan SMPDK sədri bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınıb. Hazırda həmin standartın əsasında Beynəlxalq Standart (İSO 37001) hazırlanıb və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənib. Bu, BSİ, Dünya Bankı və digər iqtisadi institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Müəyyən olunub ki, dünya üzrə biznes iştirakçılarının 50 faizi öz fəaliyyətini qorumaq və digər məqsədlər üçün 1 trilyon dollara yaxın korrupsiyayönümlü ödəmələr ediblər və bu, iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.

R. Həsənov standartın əsas məqsədini açıqlayaraq deyib: “Hər bir ölkənin korrupsiya əleyhinə apardığı qanunvericilik siyasəti ilə yanaşı, dövlət və qeyri-dövlət qurumlarının ölçüsü, fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə potensialını artırmaqdan, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan idarətdir. Qeyd olunan standartın tətbiqi və bu standart üzrə sertifikatlaşdırılma təşkilatda korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daim tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsini həyata keçirir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur. Bu da öz növbəsində Korrupsiyaya qarşı İdarəetmə Sisteminin qurulması vasitəsilə təşkilatda antikorrupsiya siyasətinin formalaşmasına, düzgün funksiya, vəzifə və səlahiyyət bölgüsünün aparılmasına zəmin yaradır. Bu standart artıq Oksford Universiteti, London şəhər polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib”.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, korrupsiyaya qarşı mübarizə ölkəmizdə aparılan dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu siyasət bir neçə prinsip üzərində qurulub. Həmin prinsiplərin ən vaciblərindən biri səmərəli antikorrupsiya qanunvericiliyi və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Son zamanlar bu sahədə bir sıra mühüm addımlar atılıb. “Korrupsiyaya qarşı mübarizə siyasətinin ən mühüm fəlsəfəsindən biri də ondan ibarətdir ki, qabaqlayıcı və cinayət təqibi tədbirlərinin birgə vəhdətini bu mübarizənin səmərəsi üçün ən mühüm amillərdən biri kimi görürük. Odur ki, bu prinsipə daim əməl etməyə çalışırıq. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətində həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir, həm də cinayət təqibi tədbirlərini həyata keçirir. Bu uğurlu antikorrupsiya siyasəti nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən-ilə yaxşılaşır. İxtisaslaşdırılmış işçi qrup olan Avropa Şurasının korrupsiyaya qarşı mübarizə dövlətlər qrupu GRECO və iqtisadi inkişafın əməkdaşlıq təşkilatı antikorrupsiya şəbəkəsində Azərbaycan üzrə hər bir qurumda dörd hesabat qəbul edilib. Bütün hesabatlar da digər ölkələrdən fərqli olaraq, ancaq müsbət uyğunluq hesabatları olub. Gələcəkdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində daha uğurlu siyasətin həyata keçirilməsi, vətəndaşların maarifləndirilməsi, müxtəlif dövlət təşkilatalarında və özəl sektorlarda çalışan dövlət qulluqçularının korrupsiyaya qarşı mübarizənin qanunlarının tələblərinə gündəlik fəaliyyətlərində əməl etməsi üçün bu tədbirin əhəmiyyəti böyükdür, – deyə Kamran Əliyev vurğulayıb.

Sonra çıxış edən BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı mənimsəyən ölkələrdəndir. Azərbaycanda Avropanın ən qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq “Antikorrupsiya idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, 5 ildir fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: “ASAN xidmət”də “vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürülür və “ASAN xidmət” modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bu model bir neçə ölkədə tətbiq olunmağa başlayıb”. İnam Kərimovun sözlərinə görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək.

Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən standartın müəllifi tədbirin konfrans iştirakçıları üçün uğurlu olacağına əminliyini ifadə edib.

Etikxeber.az

Read Previous

“55 şəxs barəsində 50 cinayət işi istintaq olunub…” – KAMRAN ƏLİYEV

Read Next

“NƏĞMƏ KİMİ RƏVAN OLMAYAN ÖMÜR VƏ YA…” – AKADEMİK YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir