“Ölkə Prezidenti bir daha əsl rəhbər, Lider mövqeyini ortaya qoydu, hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycan maraqlarının kimsəyə qurban verilməyəcəyini açıq şəkildə ifadə etdi…”-ELDAR İBRAHİMOV YAZDI

Hər günümüz, xüsusilə də, İkinci Vətən Müharibəsindən, Qələbəmizdən sonra hər anımız tarixi hadisələrlə dolu, zəngindir.

Son 3 gündə də növbəti tarixi hadisələr, anlar, məqamlar yaşanmaqdadır.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iştirakı ilə Hərbi Qənimlətlər Parkının açılışı, eləcə də, dünən ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirilməsi son günlərimizin ən önəmli tarixi hadisələrindəndir.

Hər iki tədbir, hər iki hadisə hər biri mesajlarla, xəbərdarlıqlarla dolu, Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya bəyan edilməsi və onlardan nəticələr çıxarılması ilə bağlıdır.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkının yaradılması, onun istifadəyə verilməsi özü tarixi düşmənlərimiz olan ermənilərə və Ermənistana, eyni zamanda, yüz illərdir onların arxasında dayananlara, onları Azərbaycana, Türk Dünyasına qarşı qaldıranlara, qanlı ssenariləri hazırlayanlara gözdağı, növbəti hərbi-siyasi sarsıdıcı zərbə idi.

Bununla Azərbaycan nələrə qadir olduğunu və ola biləcəyini bir daha hər kəsə, ələxüsüs, Ermənistana və onları qanlı himayədarlarına anlatdı.

Bir daha göstərdi, sübut və nümayiş etdirdi ki, Azərbaycanla artıq zor, təhdid, diktə dilində danışmaq mümkün deyil, “Dəmir Yumruq” yenidən işə salına və “bulanıq suda balıq tutmaq”, regionu yenidən qan çanağına döndərmək istəyənlərin başına endirilə bilər.

“Dəmir Yumruq” hər zaman “Domokl qılıncı” kimi, onların başlarının üzərindədir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın İkinci Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bəyan etdi.

Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi.

Eyni zamanda, ölkə Prezidenti Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü və çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşdı, açıq səma altında nadir park salındı.

Həmçinin, qeyd etmək lazımdır ki, İkinci Vətən Müharibəsi zamanı düşmənin-ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Xüsusilə, Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Onu da xatırladım ki, 44 günlük  İkinci Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətdi, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirdi, dinc sakinləri qətlə yetirdi və həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilməkdədir. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

Açılış zamanı bu məqama toxunan ölkə Prezidenti dedi:

 “Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur…”

Eyni zamanda, dünən ADA Universitetində keçirilən beynəlxalq konfransda Ali Baş Komandan yenidə “İsgəndər-M” məsələsinə qayıdaraq, bildirdi ki, Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir.

“Mən bunu Azərbaycan xalqından gizlədə bilmədiyim həssas məsələ olduğu üçün sizə daha çoxunu deyə bilərəm. Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir”-deyən ölkə Prezidenti qeyd etdi ki, artıq iki həftə keçib, aprelin 4-də Azərbaycanın Müdafiə Nazirliyi  Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib.

Yəni, bu raketlər nə raketləridir və nə baş verib? Ancaq qarşı tərəfdən hələ də heç bir cavab yoxdur.

Həmçinin, bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Ona da heç bir cavab verilməyib.

Ölkə Prezidenti “İsgəndər” buradadır, “İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır”-deyərək, bir daha bunun  ciddi məsələ və Azərbaycan xalqına ortada olan suallara cavablar verilməli olduğunu gur səslə bəyan etdi.

Ölkə Prezidenti bir daha öz qətiyyətli, öz cəsarətli, əsl rəhbər, Lider mövqeyini ortaya qoydu, kimliyindən, hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycan maraqlarının heç zaman kimsəyə qurban verilmədiyini və verilməyəcəyini açıq, birmənalı şəkildə ifadə etdi.

Bəli, Ali Baş Komandanın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək.  Çünki biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər.

Eyni zamanda, biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik.

Sadəcə, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz.

Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək.

Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər və  qeyd etdiyimiz kimi, “Dəmir Yumruq” yerindədir, lazım olarsa, onların başını bir daha əzərik. Buna hər mənada qadirik və hazırıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

11:49, 14 aprel

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Daha 2163 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Read Next

“Cəmi 237 manat maaş alıram…Onunla bilmirəm özümü müalicə etdirim, yoxsa, ailəmi dolandırım…Bu maaşla necə müalicə olunmaq, necə ailə dolandırmaq olar?!”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI NOVRUZ İBRAHİMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir