“Ölkə Prezidenti ilklər müəllifdir, dünya siyasətçiləri və liderləri üçün bir örnək, yaxşı mənada təcrübədir…”-ELDAR İBRAHİMOV PREZİDENTİN 4 SAATLIQ MÜSAHİBƏSİNDƏN YAZDI – (ÖZƏL)

Ölkə Prezidenti, Qalib Sərkərdə cənab İlham Əliyevin hər bir çıxışı, hər bir nitqi, hər bir müsahibəsi bit tarix, bir dərsdir.

Çünki hər biri əhatəliliyi, geniş məzmunluğu ilə seçilir, fərqlənir.

Hər birində ölkəmizi, bölgəmizi, bütövlükdə dünyamızı maraqlandıran hər bir məsələyə, həmçinin, dosta da, düşmənə də cavablar var.

Ölkə Prezidenti həm də ilklər müəllifdir, dünya siyasətçiləri və liderləri üçün bir örnək, yaxşı mənada təcrübədir.

Belə ki, Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media təmsilçiləri üçün təşkil etdiyi 4 saatlıq brifinq özü bir ilkdir.

Dünya təcrübəsində hələ belə bir hala rast gəlinməyib ki, hansısa bir ölkə lideri 4 saatlıq brifinq keçirsin, orada 35-dən çox yerli və xarici media mənsubunun 50-dən çox sualını, özü də 4 dildə-Azərbaycan dilində, Türkiyə türkcəsində, rus və ingilis dillərində cavablandırsın.

Bunun özü bir ilk olmaqla, həm də elə  dünya siyasətçiləri və liderləri üçün gözəl bir nümunə, örnəkdir.

Ölkə Prezidentinin 4 saat ərzində, 4 dildə səbrlə, təmkinlə yerli və xarici media mənsublarının ən müxtəlif məzmunlu suallarını çox müdrikcəsinə cavablandırması əcnəbi jurnalistləri, KİV təmsilçilərini belə təəccübləndirdi, heyrətləndirdi.

Bunu hətta brifinq zamanı Böyük Britaniyadan olan media təmsilçisi də dilə gətirdi, o, öz heyrətini gizlətmədi.

Bəli, Azərbaycan Prezidenti hər gün, hər an dünyanı yaxşı mənada təəccübləndirməkdə, heyrətləndirməkdədir, hər bir addımı, hər bir çıxışı, hər bir fikri, hər bir sözü ilə tarix yazmaqdadır.

Bəli, 4 saatlıq brifinq zamanı elə bir məsələ qalmadı ki, onunla bağlı dövlət başçımıza suallar ünvanlandırılmasın və ondan tutarlı cavablar alınmasın.

Suallar da daha çox  44 günlük İkinci Vətən Müharibəsi, tarixi Qələbəmiz, düşmən üzərində Zəfərimiz və ondan sonra yaranan situasiya, reallıqlar və perspektivlərlə bağlı idi.

Ölkə Prezidenti bir daha özünün və Azərbaycanın birmənalı mövqeyini ortaya qoyaraq bildirdi ki, düşmən üzərində tarixi Qələbə qazanılıb, 32 ildən çox davam edən qanlı Qarabağ münaqişəsinə son qoyulub, artıq nə Dağlıq Qarabağ deyilən coğrafi anlayış, nə status, nə status-kvo, nə cəbhə, nə təmas xətti var. Hamısı yerləbir olunub, cəhənnəmə göndərilib, düşmən özü 10 noyabr bəyanatı ilə məğlubiyyətini etiraf edib və bundan sonra da hansıs revanşist  cəhdlər, təxribatlar olarsa, olacaqsa, “Dəmir Yumruq” bir daha öz sözünü deyəcək, özü də çox sərt şəkildə.

“Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda”-deyən Azərbaycan Prezidenti bir daha düşmənə də, onun qanlı havadarlarına da açıq şəkildə xəbərdarlıq etdi, mesaj göndərdi ki, 44 günlük müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq.

Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Qeyd edək ki, həmin Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirik ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir.

Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək.  Cünki Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq.

Ölkə Prezidenti “Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq”-deyərək, birmənalı şəkildə bəyan etdi ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar.

Bəli, ölkə Prezidentinin də qeyd etdiyi kimi, indi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir.

Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər.

10 noyabr Bəyanatının müddəalarının yerinə yetirilməsi elə həm də orada imzası olan Rusiya dövlətinin tələbidir.

Təsadüfi deyil ki, bugünlərdə mediaya açıqlamasında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bir daha bəyan etdi ki, Ermənistan 10 noayabr Bəyanatının tələblərini, müddəalarınə icra etməli, yerinə yetirməlidir.

Ali Baş Komandan həmçinin, Qarabağın bərpası, dirçəldilməsi istiqamətində görülən və görüləcək işlərə toxunaraq bildirdi ki, “Qələbə yolu” adlanan  Füzuli-Şuşa yolunun çəkilişləri davam etdirilir və bu, insanlarımızın Şuşa şəhərinə rahat gedib-gəlmələrinə imkan verəcək. Yəni, Füzuli aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir.

“Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar”-deyən ölkə Prezidenti onu da bildirdi ki, aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır.

Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq.

Eyni zamanda, 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi.

Odur ki, bu istiqamətdə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Həmçinin,  bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib və bağlanmış müqavilələr əsasında ilk ödənişləri artlq həyata keçirməyə başlamışıq…

Bəli, bütün bunlar onu göstərir və ondan xəbər verir ki, bir daha heç kim, heç bir güc Qarabağımızı bizdən ayıra, qopara bilməyəcək.

Dağlı-aranlı Qarabağ və Qarabağlı vahid Azərbaycan var.

Bizik Qarabağlı Azərbaycan, bizik Qarabağlı Azərbaycanın əsl-qanuni sahibi, yiyəsi.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

YAP-çı deputatlardan kimlər hakim partiyanın Siyasi Şurasında-TƏMSİL OLUNACAQ?

Read Next

“Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir