“Ermənistan bütün cəbhələrdə sarsıdılacaq, ciddi fəsadlara, uğursuzluqlara düçar ediləcək…”-MİLLƏT VƏKİLİ DÖVLƏT BAŞÇISININ SON ÇIXIŞINA MÜNASİBƏT BİLDİRDİ

Son bir neçə gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verənlər, işğalıcı və təcavüzkar Ermənistanın növbəti təxribatı, vəziyyətin gərginlənməsi hər birimizin diqqətində olan məsələdir. Nəinki bizim, bütün dünyanın diqqətindədir. Ermənistanın növbəti təxribatı, növbəti fitnəkarlığı bu qondarma, yarımmüstəqil, yarımmüstəmləkə ölkənin, fopostun işğalçı və təcavüzkar mahiyyətinin növbəti dəfə əyani təcəssümüdür. Bununla təcavüzkar Ermənistan, onun bədnam rəhbərlyi bir daha özlərinin iç üzlərini, mahiyyətlərini, simalarını ortaya qoydular və qoymaqdadılar.

Ancaq onların növbəti təxribatı, növbəti fitnəkarlığı da cavabsız qalmadı və qalmır. Düzdür, 11 Şəhidimiz var, yaralılarımız var, amma Azərbaycan Ordusu, igid, qəhrəman əsgərlərimiz ermənilərə, işğalçı Ermənistana necə lazımdırsa, o cür də layiqli cavabını verdi və verməkdədir. Ölkə Prezidenti, Al Baş Komandan cənab İlham Əliyevin bir az öncə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dediyi kimi, bu əməliyyat – son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Dövlət başçısı” Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”-deyərək həmçinin bildirdi ki, düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.

“Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir”-deyən Ali Baş Komandan onu da dedi ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz.

Bununla yanaşı, dövlət başçısı Ermənistanı bir daha qorxaqlıqda ittiham etdi. Xüsusilə də, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətini qorxaqlığın aşkar təzahürü kimi dəyərləndirdi. Prezident dedi:

“Bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər…”.

Bəli, bu, Ermənistanın, bədnam və sərsəm Paşinyan hakimiyyətinin mahiyyətinə, onun “siyasətinə” verilən ən gözəl dəyərləndirmədir. Bu ölkə daim qorxaqlığı və riyakarlığı, yalan və böhtanları ilə seçilib, fərqlənib. Hər zaman yalanlarının arxasında qorxaqcasına və müticəsinə gizlənib, cinayətlərini ört-basdır etməyə çalışıb. Amma indi bunu edə bilmir, çünki güclü və qüdrətli Azərbaycan buna imkan vermir, dövlət başçısı hücum diplomatiyasından çıxış edərək, Ermənistanın, onun bir-birindən fərqlənməyən cinayətkar hakimiyyətlərinin addımlarını, yalanlarını, faşist, nasist siyasətlərini bir-bir ifşa edir, onların maskasını yerə düşürür. Bundan sonra da belə olacaq, Ermənistan bütün cəbhələrdə Azərbaycanın öldürücü, məhvedici zərbələri ilə sarsıdılacaq, ciddi fəsadlara, uğursuzluqlara düçar ediləcək”-deyə, millət vəkili bildirib.

Millət vəkili həmçinin, ölkə Prezidentinin Azərbaycan Ordusuna dəstək adı altında keçirilən məlum aksiyaya və sonradan yaşananlara qiymətləndirməsinə toxunub. Millət vəkilinin sözlərinə görə, çox təəssüflər olsun ki, keçirilən aksiya sonda öz xoşagəlməz nəticələri ilə yadda qaldı. Bir qrup insan təxribata yol verərək, aksiyanın istiqamətini, məqsədini dəyişməyə cəhd etdi.

“Dövlət başçısı çıxışında bir qrup insanın Azərbaycan Ordusuna və Ali Baş Komandana dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutmasını vətənpərvər addımı alqışladı, amma eyni zamanda. sonradan yaşananların yolverilməz və qəbuledilməz olduğunu bildirdi. Dövlət başısı bildirdi:

“Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim.

Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, – mən bu gün səhər dedim, – məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə…”.

Bəli, şəxsən mən də belə hesab edirəm ki, hər bir kəs atdığı addımın, etdiyi əməlin məsuliyyətini daşımalıdır və daşıyacaq. Heç kim məsuliyyətdən kənarda qala, boyun qaçıra bilməz və bilməyəcək. Məlum hadisənin təşkilatçıları, icraçıları, iştirakçıları, sifarişçiləri də bir-bir araşdırılıb, axtarılıb, üzə çıxarılacaq və layiqli cəzalarını alacaqlar. Azərbaycan hüquq dövlətidir, burada kiminsə ərköyünlüyünə, qanunlara meydan oxumasına imkan verilməyib, imkan verilmir və bundan sonra da imkan verilməyəcək. Odur ki, cinayətə, təxribata yol verənlər qanunlarımızın sərt üzü ilə üzləməli olacaqlar. Bunu hər kəs yaxşı bilsin, daxildəki fitnəkarlar da, xaricdəki fitnəkarlar da…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Xarici İşlər nazirini tapa bilmədim…”-İLHAM ƏLİYEV XİN-İ VƏ MƏMMƏDYAROVU SƏRT TƏNQİD ETDİ

Read Next

“İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir