“Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur” – MİLLƏT VƏKİLİ

 “Bu, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq”

“İqtisadiyatın strukturunda müasir trendlərə əsaslanan innovativ islahatların aparılması son 2 ildə daha geniş xarakter alıb və 2017-ci ildə bu istiqamətdə işlər keyfiyyət baxımından bir qədər də irəliyə gedib. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq üçün son bir ildə zəruri işlər görülüb. Sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən olunub və həmin hədəflərə çatmaq üçün ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətləri göstərilməsi tədbirlər həyata keçirilib”.

Bunu Etikxeber.az-a açıqlamasında iqtisadçı millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsi kimi son bir ildə qanunvericilik və inzibatçılıq təkmilləşdirilib, biznes və rəqabət mühiti daha da yaxşılaşdırılıb. O, deyib ki, yürüdülən iqtisadi siyasət bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verib, yəni, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyi təmin edilib, rəqabət prinsiplərinə əsaslanan biznes mühiti yaradılıb, ölkənin investisiya cəlbediciliyinin artırılıb:

“Bu faktorlar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşmasına səbəb olub. Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018″ hesabatında Azərbaycanın 140 ölkə arasında 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşması məhs həmin islahatların mühüm nəticəsi hesab olunur. Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur. Onu da qeyd edim ki, rəqabət reytinqinin artmasının islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və investor ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyinin fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək. Eyni zamanda, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq”.

Millət vəkili eyni zamanda qeyd edib ki,  ötən dövr ərzində Azərbaycanın inkişafının ana sütununa çevrilən və makroiqtisadi tərəqqini səciyyələndirən əsas faktorlardan biri güclü maliyyə sabitliyi və dayanıqlılığının təmin edilməsi olub. A. Hüseynovun dediyinə görə, ötən müddətdə makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib, valyuta-maliyyə sektorunda dinamika davam edib:

“Yəni, aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlayıb, manatın məzənnəsinin ucuzlaşması dayanıb, hətta, manat müəyyən qədər möhkəmlənib, iqtisadi artım bərpa olunub. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlayıb, ölkəmizin strateji valyuta ehtiyatları artıb. Son doqquz ayda Azərbaycanın strateji valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsinə çatıb. Milli valyutanın məzənnəsinin sabitliyi və xarici valyutalarla nisbətdə məzənnəsinin möhkəmlənməsi ilə bağlı monetar siyasət müsbət təsirini göstərib, pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Hökumət tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb. Valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən-daxili valyuta bazarından kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir. Mövcud situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə, idxal və ixracatçıəlar üçün əlverişli biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə güclü zəmin yaradır…”

Etikxeber.az

 

Read Previous

KREDİTLƏ QURULAN ORDU: KÖLƏLİK AZADLIQDAN BAHA BAŞA GƏLİR… – Zahid Orucun yazısı

Read Next

Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr edilən tədbirdə çıxış etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir