“Ondan bizə çox şeylər yadigar qalıb…” – RAFAEL HÜSEYNOV – FOTO

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonalar sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.

rafff

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açıb. O, deyib ki, Əhməd Bakıxanov bizə zaman baxımından həm yaxındır, həm də uzaq:

“Ondan bizə çox şeylər yadigar qalıb. Onun yaradıcılığını Azərbaycan mədəniyyətinin bütöv mənzərəsi ilə tutuşduranda əlbəttə ki, Ə.Bakıxanov bizə çox uzaq insan kimi görünür. Amma onunla ünsiyyətdə olmuş, ondan dərs almış və onun yolunu gedən insanların bir neçəsi bu gün sağdır. Onun yadigarı Xalq Çalğı Ansamblıdır. Onun əsərləri bu gün də ifa edilir, xatirəsi ürəklərdə yaşayır. Ona görə də sənətkarın özü bizə nəfəs çatacaq qədər yaxındır. Neçə-neçə illər ərzində milli alətimiz olan tar enişli-yoxuşlu yollar keçib. Əhməd Bakıxanov və onun kimi milli mədəniyyətimizin keşiyində duran şəxslər tara qarşı yönəlmiş qərəzli həmlələrlə mübarizə aparıblar. O insanlara minnətdar olmalıyıq ki, çətin zamanların içərisində kökslərini irəli veriblər, bu sənəti yaşadıblar”.

R. Hüseynov deyib ki, təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib.

Onun yaratdığı ansambl bir çox görkəmli xanəndələri – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.

Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.

Tədbir konsert proqramı ilə davam edib.

Etikxeber.az

Read Previous

“…Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!” – ZİYAFƏT ƏSGƏROV – YENİLƏNİB (4)

Read Next

“Elə bələdiyyələr var ki, bəlkə də 200 manat vəsait almayıb…” – DEPUTAT – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir