“Onlar sosial mediada getdikcə fəallaşır…” – SEVİNC FƏTƏLİYEVA

Azərbaycan qonşu Ermənistanın “hibrid müharibə” hücumları ilə dəfələrlə üzləşib və üzləşir. Azərbaycan ərazilərini işğal edəndə Ermənistan hərbi əməliyyatlarla yanaşı, informasiya-psixoloji əməliyyatlar da aparırdı. Dezinformasiya şəklində özünü göstərən “hibrid müharibə”də olduğu kimi, informasiya müharibəsi və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləməni gizlətməyə yönələn erməni təbliğatı həyata keçirilirdi. Son illərdə Azərbaycana qarşı aparılan “hibrid müharibə”yə Qərb ölkələrində yeni iştirakçılar cəlb olunub.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında “Sosial media: ictimai mövzular, ya insan haqları üçün təhlükələr?” adlı qətnamə layihəsinin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva söyləyib.

“Onlar sosial mediada getdikcə fəallaşır, iğtişaş və itaətsizliyə çağırışları artırır, ölkəyə və hökumətə qarşı daha çox əsassız ittihamlar irəli sürürlər. Onların mənfi davranışları əxlaq qaydalarını pozaraq sui-istifadə və təhqir səviyyəsini alır. Onlar özlərini “Vətən övladları”, “onun üçün savaşanlar” və “vətənpərvərlər” adlandırsalar da, unudurlar ki, daimi yaşayış və “aktiv” fəaliyyət yeri olaraq vətəndən uzaq məkanı seçiblər. Ümid etmək istəyirəm ki, bu saxta vətənpərvərlər bu cür alçaldıcı addımları öz ürəklərinin səsi ilə deyil, şüursuz surətdə atıblar. Bacarıqlı manipulyatorların təcrübəli əllərinin idarə etdiyi belə marionetlərin sayı dünya siyasi texnologiyalar sahəsində artmaqdadır”-deyən, deputat bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində risklər, hədələr artmaqda, qanlı münaqişələr və qarşıdurmalar genişlənməkdədir. Qısası, dünyada risklərin artması tendensiyası davam edir. Ancaq Azərbaycanda sabitlik, təhlükəsizlik və normal yaşayış təmin olunur. Bu gün sosial mediadan ölkənin sabitliyinə və təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə olunur. Əlbəttə ki, bu, yalnız Azərbaycanı narahat etmir. Belə mənzərə ilə üzləşmiş dünya ictimaiyyəti də narahatdır. Buna müqavimət göstərmək üçün müəyyən mexanizmlər və qanunvericilik işlənib hazırlanmalıdır.

Azərbaycanlı deputat sosial medianın insanlara ünsiyyət qurmaq, fikirlərini paylaşmaq üçün internet proqramı olduğunu qeyd edərək, onun həyatımızın bütün sahələrinə nüfuz edərək həyatımızı, ünsiyyətimizin forma və üsullarını, hətta dəyərlərimizi dəyişdirdiyini söyləyib. Qeyd edib ki, sosial media sayəsində insanların düşüncələrinə və əhval-ruhiyyəsinə təsir etmək istəyi və bacarığı olan hər bir istifadəçi asanlıqla məzmun müəllifinə çevrilə bilər. Medialaşma prosesi cəmiyyətlərə fəal şəkildə nüfuz edir, çünki media əvvəllər heç zaman bu qədər yayılma və proseslərdə iştirak səviyyəsinə malik olmayıb.

S.Fətəliyeva deyib ki, informasiya anlayışı dəyişib, həqiqi və saxta olayların virtuallaşması sürətlə artır. İnsanlar çox vaxt sosial mediadakı məlumatın həqiqətə söykənib-söykənməməsini düşünmədən onun tamamilə həqiqi və obyektiv olduğuna inanır. Tədricən virtual aləmin hadisələri gerçək dünyanın hadisələrini əvəzləyir. Bunun nəticəsində sosial media asanlıqla siyasi, sosial təbliğat alətinə çevrilir. Bu isə öz növbəsində, istənilən “hibrid müharibə”nin – informasiya məkanındakı müharibənin vacib elementlərindən biridir.

Deputat diqqətə çatdırıb ki, dövrümüzdə informasiya məkanı getdikcə zorakılıqlar məkanı kimi qəbul edilir. Müasir münaqişələrin əsas hədəfi isə düşmən üzərində informasiya üstünlüyünü ələ keçirmək və qoruyub saxlamaqdır. “Hibrid müharibə”nin əsas elementi olan informasiya müharibəsi daimi dezinformasiyaya, psixoloji təsirə, informasiya hücumlarına əsaslanır. Müasir münaqişələrdə qalib gəlməyin əsas şərtlərindən biri informasiya üstünlüyüdür.

Deputat qeyd edib ki, bu gün informasiya müharibələri sülh dövründə baş verir, informasiya domenləri bəzən psevdo-məlumat daşıyıcısı kimi çıxış edir, media və kommunikasiyalar, qlobal informasiya şəbəkəsi olan internet və açıq informasiya resursları lazım gəldikdə hədəf ölkədə ictimai rəyi idarə etmək, cəmiyyəti yanlış məlumatlandırmaq və yanlış yönləndirmək üçün fəal şəkildə istifadə olunur.

Etikxeber.az

Read Previous

Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında – FƏRMAN

Read Next

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir