“Onun həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir…” – HADİ RƏCƏBLİ ƏLİYEV HAQDA YAZDI

Əbədiyaşar ideyalar müəllifi…

Bu Heydər Əliyevin anım günüdür. Bu gün biz bir daha Heydər Əliyevi anmaqla, məzarını ziyarət etməklə ulu öndərin əziz xatirəsinə öz ehtiramımızı bildiririk. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Həssas bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin yaradılması və bu dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir.

Heydər Əliyev müasir dövlət quruculuğu fəlsəfəsini yaradan bir siyasətçi idi. O, sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya qoydu. Heydər Əliyev kimi şəxsiyyətlər tarixi yaradırlar, sonrakı nəsillər üçün örnək və məktəb olurlar.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi quruculuq və inkişaf missiyası 1969-cu ildən başlayır. Həmin il Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu.

Sovet illərində Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi. Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim olduğu dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi.

SSRİ-nin süqutundan sonra bütün İttifaq respublikaları müstəqilliyə qovuşdu. Amma Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Belə bir ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Əgər ulu öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə yerindəcə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, gənc müasir Azərbaycan dövləti quruldu. Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin görkəmli siyasi xadimi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi. Heydər Əliyevin ümummilli lider obrazı ilk növbədə onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirirdi. Onun şəxsi keyfiyyətlərinin prinsipiallıq və siyasi iradə komponentləri üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir.

Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyət onun sıralarından çıxıb. Biz bu gün müstəqilliyimizdə, inkişafımızda Heydər Əliyevə borcluyuq. Biz bu gün atdığımız hər bir addıma Heydər Əliyevin baxışları ilə qiymət verməliyik. Tarix sübut edir ki, Heydər Əliyevin Azərbaycan üçün seçdiyi yol düzgün idi. Bu gün Azərbaycan bütün parametrlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə, böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev irsinə dünyanın bir çox yerlərində müraciət edirlər. Dünyanın neçə-neçə ölkəsində ulu öndərin abidəsi qoyulub, onun irsi öyrənilir. Biz Heydər Əliyevlə fəxr edirik, ondan nümunə götürürük.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin gələcək inkişafını müəyyənləşdirdi. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması ulu öndərin uzaqgörənlik və müdrikliklə düşünülmüş siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin dərindən düşünülmüş, xalqının və dövlətinin maraqlarına xidmət edən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respublikamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənmişdir.

Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun ideyaları Azərbaycanın özü qədər əbədi olacaq. Biz Azərbaycan xalqının dünyaya belə bir şəxsiyyət bəxş etməsindən qürur hissi keçiririk. Bu dahi insanın vətən qarşısındakı xidmətləri, həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir.

Hadi RƏCƏBLİ, 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor

Read Previous

“Bu, həm də Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır…” – BAHAR MURADOVA

Read Next

Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir