“Onun ölüm xəbərini eşitmək mənim üçün də ağır idi…”-FİRUZƏ NADİR YAZDI…

“Dünya sənin, dünya mənim, dünya heç kimin!..”

Əziz Afaqın unudulmaz xatirəsinə…

Afaq mənə çox doğma biri idi. Həmkar idik, eyni peşənin sahibi idik, uzun illərdir eyni televiziyada işləyirdik. Amma bütün bunlar sonralar olacaqdı. Onu isə daha əvvəllər tanımışdım, sadəcə bir təsadüf nəticəsində. Və o doğmalıq da elə həmin gündən başlamışdı. O gün bu gün – Afaq hər gördüyümdə, həm də Ağdamı xatırladırdı mənə…

…Universitetdə oxuyurdum. Bu dəfə evdən pulu avtobusla göndərmişdilər mənə. Və zəng etmişdilər ki, qarşısına çıxım. Ağdamdan gələn avtobus isə təxminən saat 4-də çatırdı Bakıya. Vaxtından tez gəlmişdim avtovağzala. Məndən başqa da bu avtobusu gözləyənlər çox idi. Amma bir yaraşıqlı gənclə gözəl bir qız diqqətimi daha çox çəkmişdi. Şirin-şirin söhbət edir və elə bəxtəvər görünürdülər ki…

…Avtobus gəldi. Gözüm düşən sərnişinlərdə idi. Gözləyirdim ki, indi “Xosrov əmi” yaxınlaşıb, kimliyimi soruşacaq, “əmanət”imi çatdıracaq. Pulumu ondan göndərmişdilər, təəssüf ki, üzdən tanımırdım. Demişdilər ki, özü səni tapacaq, yetər ki, vaxtında avtovağzalda ol. Nə isə… Bütün sərnişinlər düşdü, amma pulumu gətirən olmadı ki, olmadı. Hətta o yaraşıqlı gənclə gözəl qız da sevincək avtobusun son sərnişinlərinə yaxınlaşdılar – orta yaşlı bir qadınla bir kişi idi, öpüşdülər-görüşdülər və şad-xürrəm taksiyə minib getdilər. Təkcə mən qalmışdım avtovağzalda, kor-peşman, çırtma vursaydılar, ağlayardım. İndiki kimi mobil telefon olsaydı, nə vardı? Gərək gedəydim danışıq məntəqəsinə, sifariş verəydim, gözləyəydim və evə xəbər edəydim ki, pulumu gətirən olmadı…

…Sonralar biləcəkdim ki, pulumu elə o yaraşıqlı gənclə gözəl qızın qarşıladığı “Xosrov əmi” unudub mənə çatdırmağı. Sən demə, rəhmətliklər həmin gün bəxtəvərlikdən “uçurmuş”, Xosrov əmi ilə Zərif xala – Pərvizin valideynləri. Zarafat deyil, Bakıya, onların elçiliyinə gəlirmişlər – Afaqla Pərvizin! Həm də gələcək gəlinləri ilə ilk görüşün sevincini yaşayırmış hər ikisi!.. Bəli, çox keçməyəcək, hər iki ailədə toy-büsat qurulacaq, Afaq Agdama – Pərvizə gəlin köçəcəkdi!.. İki gül parçası kimi qızları olacaqdı!.. Sonra nələr, nələr olacaqdı… Və o da olacaqdı ki, Pərviz kimi Afaq da vaxtsız köçəcəkdi bu dünyadan…

Bəli, həmin gün onları ilk dəfə idi, görürdüm. Və o mənzərə heç vaxt gözümün önündən silinməyəcəkdi. Bəlkə, ona görə ki, onlar bir-birinə çox yaraşırdı…

****

…Afaqla, Pərvizlə bağlı bu acılı-şirinli xatirə indi yaddaşımı göynədir. Və bu gün elə hər ikisini xatırlamaq, hər ikisini xatırlatmaq istəyirəm. Əslində, elə Afaq özü ölümü ilə düz ondan 16 il əvvəl dünyasını dəyişən Pərvizi də yada saldı…

Mən Pərvizi də, bacısı, AMEA-nın Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, b.ü.f.d., dosent Pərvanə Qaraxanini də sonralar yaxından tanımışdım, hətta ailələrimizin uzaq qohum olduğunu da öyrənmişdim. Uzun illərdən sonra Afaqın dəfnində yenidən görüşürük Pərvanə xanımla, çox sarsılıb. Deyir, elə bildim, Pərvizi yenidən itirdik, çünki bizim üçün onun ən böyük yadigarı Afaq idi…

“…Pərviz ailəmizdə 8 uşaqdan ikincisi, mən son beşik idim. 12 il yaş fərqimiz vardı, amma xaraktercə bir-birimizə çox bənzəyirdik, bəlkə, hər ikimiz pələng ilindən idik, ona görə? O da, mən də şair təbiətli, romantik idik. Pərviz Politexnik İnstituta daxil oldu, amma daha çox jurnalistika ilə maraqlanırdı və 5-ci kursda İnstitutu atdı, sonra iki illik jurnalistika kursunu bitirdi. Yəqin, bu da qismət imiş, onu Afaqa – “sevgisi”nə sarı aparırmış. Tale onu Afaqla görüşdürdü, o vaxtkı “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında işləyəndə bir-birini görüb bəyənmişdilər, Afaq 11 yaş kiçik idi Pərvizdən. Universitetin jurnalistika fakultəsində oxuyurmuş. “Pioner” qəzetində kiçik hekayələri, məqalələri çıxırmış. Həmin qəzetin redaksiyası da nəşriyyatda yerləşirdi. Hər ikisi kövrək qəlbli idi. Pərviz öz şəklini verir Afaqa və sevgisini etiraf edir. Və şəklin arxasına belə yazır: “Dünya sənin, dünya mənim, dünya heç kimin!..” Niyə, axı məhz bu misranı yazır? Bilmirəm… Bəlkə, ona görə hər ikisi bu dünyadan nakam getdi?.. 

…Bakıda “Xoşbəxtlik” şadlıq evində Qarabağ adəti ilə çox dəbdəbəli nişan, sonra Ağdamda iki gün-iki gecə toy elədik onlara. Afaq bakılı qızı idi və o vaxt şəhər qızlarının rayonlu oğlana ərə getməsi əsl sensasiyaya çevrilərdi. Çox mehriban qohumluğumuz vardı. İlknur, sonra Aytac doğuldu… 2004-cü ilin fevralında mənim 4 yaşlı qızım rəhmətə getdi, onda Pərviz çox sarsıntı keçirdi. Elə həmin il oktyabrın 25-də bacım qızının ad günündə ürək tutmasından rəhmətə getdi. Onda Afaq bircə kəlmə dedi: “Mən də öldüm Pərvizlə bərabər…”. Afaq Pərvizin yadigarlarını böyütdü, onlara gözəl tərbiyə verdi, təhsil verdi. İlknur ixtisasca hüquqşunasdır. Aytac siyasət yolunu seçdi… Afaq çox yaxşı gəlin idi, çox. Hər zaman əziz oldu bizə, ölənədək də qəlbimizdə olacaq…”

****

…Afaq ata ocağının da sevimlisi olub. Ailənin ilk övladı idi, o doğulanda atası Vahab kişi dostlarına qonaqlıq da verib. Yanılmayıb, Afaq layiqli övlad olub ona. 247 saylı məktəbi bitirib. Uşaqlıqdan incəsənətə marağı varmış, əmisi, Əməkdar artist Kamil Dadaşov onu konsertlərə aparar, rəqs etməyi öyrədərmiş. O rəqsləri ömrünün sonuna qədər unutmamışdı Afaq, toylarda, şad günlərdə “Tərəkəmə” rəqsi ilə hamını heyran edirdi. Jurnalistikanı isə müəllimlərinin məsləhəti ilə seçmişdi, müəllimlər öz şagirdlərini yaxşı tanıyarlar axı…

…Afaq 1991-ci ildən AzTV-də işləyirdi. Əvvəlcə “Uşaq verilişləri”, sonralar “Xalq yaradıcılığı” redaksiyasında. Bir müddət “Pəncərəmə ay qonub” uşaq verilişinin aparıcısı kimi minlərlə ailənin, uşaqların sevimlisinə çevrilir. Məktəblilər arasında “Kim güclüdür?” əyləncəli proqramı da ona uğur gətirir. 1995-ci ildən UNİCEF-in təşəbbüsü ilə uşaqların müdafiəsi ilə bağlı keçirilən, Ümummilli Lider Heydər Əliyevin də iştirak etdiyi tədbirlərin müəllif və aparıcılarından biri olur. Sözə, ədəbiyyata, incəsənətə sevgisi 1999-cu ildə onu “Xalq yaradıcılığı” redaksiyasına gətirir. “Buta”, “Sandıqça”, “Qobustan”, “Üç nəslin bir fəsli”, “Bərəkət” verilişləri ilə ədiblərin, incəsənət adamlarının, aktyor və aktrisaların, rəssamların qapısını döyür, onların yaradıcılığını fərqli rakursdan tamaşaçılara təqdim edir, uğurlarında əhəmiyyətli rol oynayır. Taxta üzərində oyma ustası Azər Afaqın bu xidmətini çox obrazlı şəkildə dəqiq ifadə edib: “Afaq Vahabqızı bir çoxumuzun uğur mələyi oldu…”.

Yaradıcı insan idi Afaq, istedadı vardı, sənətini sevirdi, öz işi ilə sevərək məşğul olurdu. Bu sevgi, bu fədakarlıq verilişlərində aydın görünürdü. Parlaq rənglər, işıq, nur çox idi onun verilişlərində, hər kəsi sənətin gözəlliyinə inandırırdı. Bu, həyata, sənətə, insanlara münasibətindən, nikbinliyindən gəlirdi. Uşaqlarla bağlı nə hazırlayırdısa, onlara bir ana sevgisi də qatırdı. Mədəniyyətlə, incəsənətlə, sənət adamları ilə bağlı silsilə verilişləri indi də AzTV-nin videotekasında qalır. Görkəmli rejissor, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə deyir ki: “Afaqın özü də, söz-söhbəti də o qədər zərif, incə idi ki, insanları cazibəsinə salırdı…”

****  

Afaq gözəl bir qadın obrazı idi, ruhu da gözəl idi. Səmimiliyi onu daha çox sevdirirdi. İstiqanlı idi, ipək kimi zərif idi. Çöhrəsi daim gülürdü və bu təbəssüm gözəlliyinə məxsusi gözəllik qatırdı. Bir az da nazlı-qəmzəli idi. Elə bu naz-qəmzə də bir xanıma yaraşdığı qədər yaraşırdı ona… Hər zaman elə xoşbəxt görünürdü ki!.. İçi qırıq-qırıq imiş amma – şüşə kimi! Nələr çəkdiyini kim bilə bilərdi ki – özündən başqa!..

Həyatı, sanki, həm də dözüm və fədakarlıqdan yoğrulmuşdu. Məğrurluğu, ağayanalığı isə heç vaxt onu sınmağa qoymadı. Ən çətin vaxtlarında belə qaşqabaqlı görünmədi. Həyatdan aldığı zərbələr, iztirablar… dəyişmədi onu, heç zahiri gözəlliyinə də toxuna bilmədi, ta zalım xəstəliyə tuş olana qədər. Hamının ehtiyat etdiyi xəstəlik 2018-ci ildə yaxalamışdı onu. Adamın ağlına belə gəlməzdi ki, o cür sağlam, gülərüz, həyatsevər bir insan belə xəstələnər. Bütün sınaqları mərdi-mərdanə qarşılamışdı, bircə namərd xəstəliyin qarşısında əyildi, qamətini düzəldə bilmədi. Amma azar-bezarın əlində çar-naçar qalanda belə, kədərini, ağrısını üzə vurmadı, heç kimə yükləmədi. Düz iki il içindəki ümid işartısını da itirmədi, sağalacağına elə inanırdı ki!.. Onu yoluxmağa getdiyimdə də Afaqı həyəcanlı, naümid, naşükür, çarəsiz, incimiş… görmədim. Amma mən özümün o günkü həyəcanımı indi də yaxşı xatırlayıram – bu xəbərdən çox sarsılmışdım. Ehtiyatla, çəkinə-çəkinə getmişdim ziyarətinə hətta qorxurdum ki, birdən ağlayaram. Amma məni elə qarşılamışdı ki… Heç nə olmayıbmış kimi, deyib-gülürdü, sanki o, mənə toxtaqlıq verirdi, mən də dinməz-söyləməz qulaq asırdım…

“Son günədək belə oldu, qorxuya, təşvişə düşmədi, özunu xəstəliyin qaşısında da qürurlu apardı, əlini üzmədi həyatdan, ciddi müalicələrə, əməliyyatlara inandı. Ölümünü ağlına gətirmədi, ölmək istəmədi. Aytacından nigaran imiş, onu da yerbəyer eləmək, toyunu görmək istəyirmiş – bəlkə, ona görə? Nəvəsi, İlknurun Fatihhanı isə ağrılarına ən gözəl məlhəm oldu…”  əzizləri belə deyir…

Ortancıl bacısı Mətanət Vahabqızı isə hələ də Afaqın yoxluğuna inana bilmir: “…Həmişə düşünürdüm ki, anamdan əziz heç kimim yoxdur. Afaq səhvimi anlatdı – anam Şəfiqənin itkisini ikinci plana atdı! Afaqa çox bağlıydım, uşaq vaxtımdan dalınca qaçar, ondan ayrı qala bilməzdim. İndi dözə biləcəyəmmi?.. Bacılar arasında incikliyin, umu-küsünün olması təbiidir, bizim aramızda heç olmadı. Etiraf edirəm, bəlkə də, olardı. Amma Afaq o qədər nurüzlü, kövrəkqəlbli, mülayim, kinsiz-kidurətsiz idi ki… Onun hansısa incikliyin qarşısında susması, hansısa söz-söhbəti böyütməməsi həmişə məni utandırıb… Onun itkisi ailəmizi sarsıtdı, bu itkini sözlə ifadə etmək çox çətindi…”

****

…Martın 4-də bir xudmani məclis qurubmuş qızları – yubileyini qeyd ediblər. Analarına son borc, özlərinə təsəlli kimi!.. O isə sanki iki il dözüb elə bunu gözləyirmiş! Həm də doğulduğu baharı. Dözdü, gözlədi və elə baharda da getdi. Getdi – gedib, bir daha gəlməyənlərin yanına…

…Son mənzilinə yola saldıq onu. Çoxları ağladı ardınca. Mən onlardan ancaq ikisini görürdüm – cüt bacını. O bacılar ki, Afaq ömrünü, həm də onlar üçün əridirdi. Elə bu gözəl qızlar da yaşadacaq, hər zaman xatırladacaq onu, həm də Pərvizi. O Pərvizi ki, Afaqa sevgisi ilə bərabər, dünyanın ən böyük həqiqətini də anlatmışdı, dahi Məmməd Arazın dahiyanə misrası ilə: “Dünya sənin, dünya mənim, dünya heç kimin!..”

08:25, 5 aprel

FİRUZƏ NADİR

Etikxeber.az

Read Previous

Sabiq deputat, məşhur “Mütəllibov”çu, 77 yaşında 3-cü övladı dünyaya gələn Hacı Əbdül-DÜNYASINI DƏYİŞDİ

Read Next

Karantini pozduqlarına görə 5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə-CƏLB EDİLDİ – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir