“Ordenlərimizdən biri Nurlanımın Haqqıdır…İstəyirəm ki, övladım ən ali ordenlərimizdən biri ilə təltif olunsun!”- ŞƏHİD NURLAN QULİYEVİN ANASI ZÜLFİYYƏ QULİYEVA ALİ BAŞ KOMANDANA MÜRACİƏT ETDİ

Ağcabədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevaya, Müdafiə naziri Zakir Həsənova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Ali Baş Komandan!

Yazı Sizə bildirmək istəyirəm ki, mən-Zülfiyyə Quliyeva Şəhid Nurlan Şükür oğlu Quliyevin anasıyam. 4 övladımdan biri olan Nurlanım İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir. Övladım İkinci Vətən Müharibəsinin ilk günündən son günlərinə, noyabr ayının əvvəllərinə kimi qanlı döyüşlərdə olub, vuruşub, döyüşüb, qəhrəmanlıqlar göstərib. Və Şuşa istiqamətində qanlı, ağır döyüşlərdən birində canından çox sevdiyi Vətəni yolunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Nəşi noyabr ayının 5-də kəndimizin qəbiristanlığında torpağa tapşırılıb.

Onu da qeyd edim ki, həyat yoldaşımı uzun illər öncə itirmişəm. Övladlarımı təkbaşına, minbir əzab-əziyyətlərlə, zülmlərlə, əllərimin qabarı, alnımın təri ilə böyütmüşəm. Onlara həm ana, həm ata, sirdaş olmuşam. Həm də övladlarımı vətənpərvərlik, Vətənə məhəbbət ruhunda böyütmüşəm. Elə bu səbəbdəndir ki, Nurlanım çəkinmədən, tərəddüd etmədən Vətən yolunda Şəhid olmağı seçdi və Şəhdlik zirzəsinə ucaldı. Nurlanım həm də nişanlı idi, toyu olacaqdı. Amma bəyliyi ağ kəfəni oldu. Bunları qeyd etmək, dilə gətirmək bir Ana kimi mənim üçün çox əzablı, çox kədərlidir. Amma bununla belə, övladımla, Nurlanımla Fəxr edir, Qürur duyuram. Fəxr edir və Qürur duyuram ki, belə bir İgidin, belə bir Oğulun anasıyam. Övladım, Nurlanım da daxil olmaqla, cəmi Şəhid balalarımın, Şəhidlərimizin ruhları qarşısında baş əyirəm.

Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”

Müraciətdə sonra deyilir:

“Hörmətli İham Heydər oğlu!

Müraciət etməklə bir arzumu, bir ricamı, dərdli, yaralı, həm də qürurlu bir ana kimi bir xahişimi nəzərinizə çatdırmaq istəyirəm. Övladım, Nurlanım Şəhidliyindən sonra Sizin mübarək imzanızla, müvafiq sərəncamlarınızla bir neçə medalla təltif olunub. Buna görə bir daha Sizə, şəxsinizə minnətdarlığımı bildirirəm. Allah Sizdən dönə-dönə razı olsun. Eyni zamanda hesab edirəm ki, övladım Azərbaycanın ən ali ordenlərindən birini də layiqdır, həmin ordenlərdən birini də Haqq edir. Çünki onun keçdiyi şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar övladımın ordenlərimizdən biri ilə təltif edilməsini şərtləndirir. Orden də balamın, Nurlanımın Haqıdır.

Ona görə Sizdən xahiş və rica edirəm ki, mənim bu müraciətimi nəzərə alasınız, övladımı ən yüksək – hansı olur-olsun, – ən ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Əgər belə olarsa, həm övladımın ruhu şad olmuş, huzur tapmış olar, həmçinin, bir ana kimi mənə az da olsa, təsəlli, təskinlik verər. İnanıram, əminəm ki, belə də olacaq, övladım tərəfinizdən ordenlərimizdən biri ilə təltif ediləcək, ruhu bir daha huzur tapmış olacaq.

Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Sizə, ailənizə xoşbəxtlik arzulayıram. Allah Sizi, ailənizi, rəşadətli Ordumuzu, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

“Ukrayna ordusunun əks hücumu nəticəsində Rusiya qoşunları Xarkovdan 40 km uzaqlaşdırılıb”-PENTAQON

Read Next

Ermənistan ordusu növbəti dəfə Kəlbəcəri atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir