Ordubad şəhidini son mənzilə yola saldı – FOTO

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun cənazəsi fevralın 28-də Naxçıvana gətirilib.

Etikxeber.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında qəhrəman şəhidimizin nəşini minlərlə naxçıvanlı qarşılayıb. Yüzlərlə avtomobildən ibarət karvanın müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılıb. Ordubad şəhərinin girişindən şəhidin evinə və Ordubad şəhərindəki Şəhidlər xiyabanına kimi minlərlə Ordubad sakini yürüş edib. Yürüş iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.

Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşinin müşayiəti ilə şəhid Tural Haşımlı dəfn edilib, məzarı üstünə əklillər və tər qərənfillər düzülüb. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Etikxeber.az

Read Previous

Baş Prokurorluqdan saytlara XƏBƏRDARLIQ

Read Next

Gündə bir fincan çay içmək ürək fəaliyyətinə müsbət təsir göstərir?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir