Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bura Şirvanın, Mərkəzi Aranın ən qədim kəndlərindəndir.
Fevralın 4-də seçicilərlə növbəti görüşə yollandığım Xınıslı kəndinə yaxınlaşınca yenə ilk olaraq xatirimə məktəb illərində sinif yoldaşım, həyatdan erkən getmiş Elbrus Xəlfəquliyev düşdü.
Görüş yerimiz Xınıslı məktəbinin yaxınlığında idi və bu kəndin məktəbi də, müəllimləri də həmişə qüvvətli olub.Elbrus da elə Xınıslıdakı təhsilin səviyyə göstəricilərindən olan bir yeniyetmə idi. Xınıslıdan Kürdəmir şəhər 1 saylı orta məktəbə səkkizinci sinifdən gəlmişdi və riyaziyyatı hamıdan yaxşı bilməsindən savayı, ümumi dünyagörüşü də, təfəkkür tərzi də başqa şagirdlərin əksərindən yüksək idi.
Üstündən xeyli zaman keçəndən sonra da hər dəfə Xınıslıya yolum düşəndə məktəblə maraqlanmışam, görmüşəm ki, ənənə davam edir, burada yenə keyfiyyətli təhsil də var, yaxşı müəllimlər də, istedadlı, çalışqan öyrəncilər də…Xınıslıların elə ilk gileyləri və həllini arzuladıqları məsələ də bir ucu biliyə yönələn problemlə bağlı idi.
Örüş yeri problemləri də var, suyla bağlı sıxıntılar da mövcuddur. Amma birinci söz açdıqları internetə rahat bağlantı məsələsi idi. Allaha şükür, indi əksəriyyətin cib telefonu da var, hər nöqtədə asudəcə internetə bağlanmaq girəvəsi də. Lakin xınıslılar daha artığını və əslində ən sadəsini umur. İstəyirlər ki, internetə çıxış imkanları artsın, bununçünsə ilk növbədə kənddə 100 nömrəli ATS-in quraşdırılması zəruridir.
Zahirən əsas iş də görülüb. Fiberoptik kabel kəndin girəcəyinə qədər çəkilib.
Yəni növbəti addımın gerçəkləşməsi ilə kəndin 1000 nəfərdən çox əhalisinin arzusunun həyata keçməsi mümkünləşəcək.
Kim bilər bəlkə bu məsələnin həll edilməsi oxumağa mail Xınıslıda qabil gənclərin yetişməsinə növbəti təkan oldu?!
Odur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bu mövzu ilə bağlı məktubumu gərək lap yaxın günlərdə göndərim!
Rafael HÜSEYNOV,
Millət vəkili, Deputatlığa namizəd
Etikxeber.az