Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ramal Elnur oğlu Ələkbərov…
Gəncə doğumlu…
Cəmi 5 ayın Əsgəri, cəmi 18 yaşlı antiterror Şəhidi…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…
Ramal Ələkbərov 2005-ci ilin aprel ayının 24-də Gəncə şəhərində, sadə bir ailədə dünyaya gəlib…
Uşaq yaşlarından anaları Lalə xanım onları böyüdüb, minbir çətinliklərlə boya-başa çatdırıb…
Onlara həm analıq, həm də atalıq edib…
7 yaşında, 2012-ci ildə Bakı şəhərinə, Xətai rayonuna köçüblər, kirayədə yaşayıblar…
Ümumiyyətlə, heç zaman şəxsi evləri, mənzilləri, isti yuvaları olmayıb…
Ramal həm də ailənin dörd övladından, üç qardaşdan biri və böyük qardaş olub…
Tək bacıları Mədinə hazırda ailəlidir, övlad anasıdır, Gəncə şəhərində yaşayır…
Qardaşları Pünhanla 7 yaşlı Ümid orta məktəb şagirdləridir…
Ramal Gəncə şəhərində orta məktəbə getsə də, Bakıya köçdükdən sonra 165 saylı orta məktəbdə təhsilini davam etdirib…
Amma cəmi 5 il oxuyub, sonra orta məktəbdən ayrılıb, 12 yaşından işləyib, çalışıb, ailəsinə, anasına kömək etməyə çalışıb…
2023-cü ilin aprelində, 18 yaşı tamam olan gün həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…
Azərbaycan Ordusunun, cəmi 5 ayın Əsgəri kimi 2023-cü ilin sentyabr ayında cəmi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatına qatılıb…
Və sentyabrın 20-də, səhər saat 06:00 radələrində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, ayın 21-də Gəncə şəhərində yerləşən Səbiskar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Anası və iki qardaşı hazırda və yenə də Bakı şəhərində, Xətai rayonunda, “NZS” qəsəbəsində kirayə həyatı yaşayır…
Ramal həm də subay olub.
***
Bu gün-31 mart 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin Dərdli, Yaralı, cəmi 40 yaşında övlad acısı yaşayan anası Lalə xanımı və iki qardaşını kirayə yaşadıqları evdə ziyarət etdim…
Onlara Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi söylədim…
Söhbətləşdim, dərdləşdim, az da olsa, təsəlli verməyə çalışdım…
Çox təəssüflər və əfsuslar olsun ki, ötən müddətdə Şəhidimizin ailəsi, anası ilə yaxından maraqlanan olmayıb…
Hətta bayram günlərində belə kirayə qaldıqları evin qapısını açan, döyən olmayıb…
Bu isə minbir çətinliklərlə böyütdüyü övladını, cəmi 18 yaşlı oğlunu itirmiş, Vətən yolunda Şəhid vermiş Lalə xanımı incidir, məyus edir…
O da istəyir ki, onlarla, dərd-sərləri ilə maraqlanan olsun…
Şəhidi, Şəhid balası unudulmasın…
İstəyində də tam haqlıdır…
Hər kəsin, xüsusilə, aidiyyatı qurumların və səlahiyyət sahiblərinin borcudur ki, Şəhidimizi və onun Dərdli, Yaralı, həm də Qəhrəman ailəsini unutmasın, onlara həm mənəvi, həm də maddi dəstək olsun…
Məsəl var ki, unutsaq, unudularıq…
Unutmayaq ki, unudulmayaq!
Şəhidimizin anası və qardaşlarını ziyarətdən sonra onlarla birlikdə qohumları və xalası sayılan, yaşadığı evdə Ramal ziyarətgahı düzəldən Könül xanımgilə getdik…
Ramal barədə doya-doya danışmaqdan yorulmayan Könül xanımgilə…
Hər zaman onların yanında, hər zaman onlara dəstək olan Samuxlu Könül xanımgilə…
Könül xanımgilə ziyarətimiz təxminən bir saat çəkdi…
Bir daha Ramal barədə danışdıq, bir daha onun keçdiyi 18 illik qısa, lakin şərəfli həyat yoluna nəzər saldıq…
Qürurlanıq, duyğulandıq, təsirləndik bir daha…
Məqamı Uca, dərgahı mübarək olsun, Nur üzlü Şəhidimizin!
Nurlar içində yatsın, Nur üzlümüz!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az