“Kimsə məsuliyyətini başqasının üzərinə atmamalıdır…”-KOMİTƏ SƏDRİ

“Pambıq tarlalarında işləyənlər üçün hər çür şərait yaradılmalıdır”

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimovun Etikxeber.az-a müsahibəsi

-Eldar müəllim, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılıq müşavirəsi keçirildi. Bunun ardınca isə pambıqçılığın inkişafına dövlət dəstəyi ilə bağlı sərəncam verildi. Sizcə, indiki məqamda pambıçıqla bağlı bu addımlar hansı zərurətdən irəli gəldi?

-Əvvəla onu qeyd edim ki, həm ölkə Prezidentinin pambıqçılıqla bağlı keçirdiyi müşavirə, həm də məlum sərəncam çox önəmli və əlamətdar bir hadisədir. İndiki dönəmdə  bunların ölkəmiz və xalqımız üçün çox böyük əhəmiyyəti var.  Bildiyiniz kimi, Azərbaycan tatixən aqrar ölkə olub, hətta, Sovetlər dönəmində ölkəmiz keçmiş Birliyin ən qabaqcıl və inkişaf etmiş aqrar sənaye respublikalarından biri idi. Aqrar sahədə  isə ən önəmli yerlərdən birini təbii ki, pambıqçılıq tuturdu. O zaman respublikamız hətta, bir miyon tondan artıq pambıq da istehsal etmişdi. Bu, tarixdir və onu danmaq olmaz. Amma sonradan məlum səbəblər üzündən-SSRİ-nin dağılması, müstəqillik qazanılması, yeni ictimai-siyasi-iqtisadi formasiyaya keçilməsi ilə bağlı bir çox sahələr kimi, pambıqçılıq da arxa plana keçdi, bu sahə, belə demək mümkünsə, taleyin ümidinə buraxıldı, unuduldu. Ötən əsrin 70-80-ci illərində ən azı ildə 600-700 min ton pambıq istehsal edən respublikamız müstəqillik illərində ən yaxşı halda 40-50 min ton pambıq istehsal edə bildi.

Ancaq özünüz də görürsünüz, şahidsiniz ki, dünyada hansı hadisələr, qlobal iqtisadi kataklizmlər, maliyyə-iqtisadi böhranlar yaşanır və bunlar da təbii ki, istər-istəməz ölkəmizə də təsirsiz ötüşmür. Ölkə Prezidenti də dəfələrlə çıxışlarında bildirib ki, artıq neft erası arxada qaldı, nefti unutmaq lazımdır, yəni, daha çox qeyri-neft sektorunun, o cümlədən də, kənd təssərrüfatının, aqrar sektorun inkişafına önəm vermək gərəkdir. Aqrar sektorun, kənd təsərrüfatının inkişafı dedikdə də heç şübhəsiz ilk öncə göz önünə pambıqçılıq gəlir. Bu baxımdan da hesab edirəm ki, belə bir müşavirənin keçirilməsinə, eləcə də, pambıqçılığın inkişafına dövlət dəstəyini nəzərdə tutan sərəncamın verilməsinə bizim düşündüyümüzdən də qat-qat zəruri ehtiyac vardır. Ona görə də hər iki məqamı, hadisəni olduqca vacib və əhəmiyyətli hesab edirəm.

Hesab edirəm ki, bunlar ölkədə aqrar sahənin, o cümlədən, pambıqçılığın inkişafına böyük və müsbət təkan verəcək və Azərbaycan “ağ qızıl”ın əvvəlki şöhrətini özünə qaytara biləcək. Burada bir vacib məqamı da demək istəyirəm-yəni, dövlət başçısının özünün də vurğuladığı kimi, ilk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Burada “ötür-ötür” olmamalı, kimsə məsuliyyətini başqasının üzərinə atmamalıdır və inanıram ki, bu, belə də olacaq, hər kəs öz çiyninə düşən vəzifənin öndəsindən gələ biləcək.

-Burada, yəni, pamçıqçılığın inkişafında vacib məqamlardan biri də pambığın satınalma qiymətinin obyektiv müəyyən edilməsidir.  Yəni  elə qiymət müəyyən edilməlidir ki, o, həm istehsalçıların və həm də emalçıların  mənafelərini təmin etsin. Siz bu haqda nə düşünürsünüz?

– Bu da olduqca vacib və önəmli məsələrdəndir. Bu məsələ ilə əlaqədar bildirmək istəyirəm ki, pambığın satınalma qiymətinin optimal həddini tapmaq üçün Özbəkistan və digər pambıqçılıq ölkələrində pambıq lifinin satış qiyməti, emala və lifin satışa çıxarılması ilə bağlı xərclər, valyutanın dəyəri, habelə, xam pambıqdan lifdən başqa alınan  digər əlavə məhsulların(çiyid və sair) satış qiyməti nəzərə alınmaqla, Nazirlər Kabinetinin müəyyən etdiyi formuladan istifadə olunur. Belə olan halda, həm xam pambıq istehsalçılarının və həm də emalçıların optimal rentabelli işləmələri təmin edilir. ABŞ-da və digər pambıq istehsal edən ölkərdə pambıq istehsalçıları xam pambıqdan alınan emal məhsulları üzərində mülkiyyət hüququnu özlərində saxlamaqla emal müəssisəsinə emal və saxlama xərcini ödəyir və həmin məhsulları ya özləri və ya onların razılığı ilə emal müəssisəsi satır.  Hesab edirəm ki, bu təcrübələrdən biz də istifadə etməliyik.  Onu da nəzərinizə çatdırıram ki, 2015-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar pambığın bir kiloqramını müvafiq olaraq 42 və 41 qəpiyə satmış, pambıq satışının rentabelliyi isə müəssisələrdə 10,6 faiz, fərdi sahibkarlıq təsərrüfatlarında isə 5,6 faiz təşkil etmişdir ki, bu da pambıqçılığın inkişafına ciddi stimul yaratmır. Ona görə də cənab Prezident  bu il pambığın satış qiymətinin 50 qəpiyə qaldırılmasına  baxmayaraq haqlı olaraq qiymət məsələsinə  yenidən baxmağı təklif etdi və imzaladığı Sərəncamda emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulmuşdur.

O, həmçinin qeyd etdi ki, tədarükçü şirkətlər fermerlərin pulunu ləngitmədən və dəqiq verməlidirlər.“Burada artıq səsləndi və hesab edirəm ki, bu məsələ ilə bağlı heç bir şikayət yoxdur. Əgər olarsa, mənim bundan xəbərim olmalıdır”-deyə, Prezident qəti şəkildə vurğuladı. Bu da o deməkdir ki, cənab President bu məsələni öz nəzarətində saxlayacaq.  Ona görə inanıram ki, tədarükçü şirkətlər dövlət başçısının bu sözlərindən ciddi nəticə çıxaracaq, fermerlərə problemlər yaratmayacaqlar. Bundan isə qazanan elə hər iki tərəf olacaq-alan da, satan da.

-Yeri gəlmişkən, sovetlər dövründən olan-yaşlı və orta nəslin yaxşı yadındadır ki, pambıq sahələrində çalışanlar, zəhmətkeşlər,əməkçilər üçün tapla düşərgələri, hətta, körpə və azyaşlı övladları olan qadınlar üçün günərzilər (uşaq bağçaları və yasliləri) və sair təşkil olunurdu.

-Şəxsən mən də belə hesab edirəm ki, bunlar hökmən olmalı, yenidən və özü də müsair standartlara cavab verəcək şəkildə bərpa edilməlidir. Pambıq tarlalarında işləyənlər üçün hər çür şərait yaradılmalıdır. Bu məsələ dövlət başçısının çıxışında da xüsusu vurğulandı, yəni, onun da bəyan etdiyi kimi, hər yerdə tarla düşərgəsi olmalıdır. Orada lazımi ərzaq təminatı, içməli su təşkil edilməlidir ki, işləyənlərin şəraiti yaxşı olsun, çünki bilənlər bilir ki, pambıqçılıq çox ağır, zəhmətsevən sahədir. Dövlət başçısı da çox haqlı olaraq çıxışında “Biz hamımız bunları yaxşı bilirik və insanlara maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir. Həm tədarükçü şirkətlər, həm iri şirkətlər, eyni zamanda, yerli icra hakimiyyəti orqanları bu məsələni daim diqqət mərkəzində saxlamalıdırlar”- deyə,vurğuladı…

-Önəmli məqamlardan biri də pambıqçılığın yeni texnika və texnologiya ilə təmin edilməsinə diqqətin artırılması məsələdir, ölkə Prezidenti bu məsələni də xüsusilə qabartdı…

-Həqiqətən də, əgər biz pambıqçılığın inkişafına nail olmaq və nəticə etibarı ilə dövlətimizin tərəqqi etməsini, insanlarımızın güzəranın, maddi durumunun daha da  yaxşılaşmasını istəyiriksə, bu məsələyə də həddindən artıq ciddi diqqət ayırmalıyıq. Bunlar çox vacib məsələlırdir. Heç təsadüfi deyil ki, dövlət başçısının çıxışında da vurğulandığı kimi, pambıqçılığın sürətli inkişafı üçün 3 min700 kənd təsərrüfatı texnikası alınıb və onlardan da 100-dən çoxu pambıqyığan kombayndır. Hətta, qeyd edildi ki, əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək. Hesab edirəm ki, bunlar da pambıqçılğın sürətli inişafında öz müsbət rolunu oynayacaq…

– Yeni pambıq emalı müəssisələrinin yaradılması da heç şübhəsiz ki, zəruri məsələlərdəndir. Sizcə, bu müəssisələri başa gətirmək mümkün olacaqmı?

-Pambıqçılğın inkişafını şərtləndirən əsas və vacib məsələlərdən biri elə emal müəssisələrinin yaradılmasıdır və artıq bu istiqamətdə də ilkin addımların atılmasının şahidiyik. Cənab Prezident də öz çıxışında qeyd etdi ki, Mingəçevir şəhərində bir neçə belə müəssisələr inşa olunacaq və Mingəçevirdə  yüngül sənayenin inkişafı prioritet olaraq qalmalıdır. Orada pambıq-iplik, yun-iplik fabrikləri, digər fabriklər yaradılacaq. Eyni zamanda, nəzərinizə çatdırım ki, Çin, Türkiyə və digər ölkələrin təcrübəsi də göstərir ki, istənilən xammal, o cümlədən, pambıq nə qədər çox emal mərhələsi keçərsə, bir o qədər çox əlavə dəyər yaradır və daha çox gəlir gətirir. Belə ki, keçən il ölkəmizdən ixrac olunan pambıq lifinin bir kiloqramı 1 dollar 4 sent təşkil etdiyi halda, pambıq parça ipliyi 1 dollar 69 sentə satılmışdır. Ona görə də pambıqçılığın inkişaf strategiyasında ölkəmizdə istehsal olunan pambığın son məhsul olan  hazır paltara kimi emalı və istehsalı nəzərdə tutulmalı və bunun üçün müvafiq gücə malik fabrik və zavodlar tikilməsi planlaşdırılmalıdır. Bu halda biz pambıqçılıqdan daha çox gəlir və valyuta  əldə edə, çox sayda iş yerləri aça bilərik.Yeri gəlmişkən onu da bildirim ki, Çin dünyada ən çox pambıq istehsal edən ölkə olmasına baxmayaraq həm də ən çox pambıq idxal edən ölkədir.Çünki, əhalini işlə təmin etmək üçün ən əlverişli sahə yüngül sənayedir ki, onun da xammal bazasını pambıqçılıq təçkil edir. Xam pambıq bir neçə emal prosesindən keçməlidir ki, ondan hazır paltar istehsal olunsun. Bunun üçün bütün emal prosesini əhatə edəın müəssisələr tikilməlidir.  Hesab edirəm ki, dövlətimizin  və sahibkarlarımızın maddi durumu  ölkəmiz üçün çox böyük əhəmiyyəti olan   bu müəssisələri tikməyə  imkan verər. Məsələnin həlli üçün dövlət və özəl sektorun birgə fəaliyyətinin təşkilinə ehtiyac vardır.  Ona görə, belə emal müəssisələri yaxşı olar ki,  regionlarda və həmçinin iri pambıqçılıq kooperativlərinin   nəzdində də yaradılsın. Bu, həm də emal müəssisələri arasında rəqabəti gücləndirə bilər və gücləndirəcək. İnkişafın təməlində də məhz rəqabət dayanır. Rəqabət olmayan   sahədə  inkişafdan danışmağına dəyməz.

Etikxeber.az

Read Previous

“Seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır”-BAHAR MURADOVA

Read Next

“Maliyyə bazarında ciddi problemlər yaranmaqdadır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir