Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Zeynalovanın ömür yolundan və yaradıcılığından danışıb.
Bildirilib ki, Azərbaycan teatrsevərləri arasında “qaynana” kimi sevilən, Musiqili Teatrın inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor olub. O, ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ona nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutularaq qısa müddətdə dünyasını dəyişib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğurulmuş Nəsibə xanım 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. O, 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Ömrünü bu teatra bağlayan aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Nazir müavini deyib ki, Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzulu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermedialarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Əməkdar Artist, 1967-ci ildə Xalq Artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Dövlət mükafatı alıb.
Ədalət Vəliyev bildirib ki, Nəsibə Zeynalova sənətinə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman yüksək dəyər veriblər. Sənətkar səksən illik yubileyində müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülüb. Onun bu gün 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi bir daha göstərir ki, ölkəmizdə hər zaman sənətə və sənətkara diqqət və qayğı göstərilib.
Vurğulanıb ki, N.Zeynalovanın bir sənətkar kimi parlamasında, tanınmasında uzun illər Musiqili Teatra rəhbərlik etmiş Şəmsi Bədəlbəylinin böyük xidmətləri olub.
Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə Nəsibə xanıma tay aktrisa olmayıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Nəsibə Zeynalovaya həsr edilən “Ömrün səhifələri” kitabının ilk nüsxəsini sənətkarın oğlu, görkəmli teatr və kino aktyoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzova təqdim edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli deyib ki, Nəsibə Zeynalova müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.
Gecədə sənətkarın keçdiyi ömür yolu, yaratdığı rollar videomateriallar vasitəsilə bir daha iştirakçılara təqdim edilib. Aktyorların ifasında Nəsibə Zeynalovanın sənət dünyasından bəhs edən gülüş dolu səhnəciklər nümayiş olunub.
Etikxeber.az