“Övladımız gözümüzün qabağında şam kimi əriyə-əriyə gedir… Bu, bizə ölümdən də betərdir…”-GORANBOYLU QAZİ ŞƏMSİ HACIYEVİN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ, İKİ MƏSƏLƏNİN HƏLLİNDƏ ONLARA KÖMƏKLİK GÖSTƏRİLMƏSİNİ İSTƏDİLƏR

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Qazi, 3-cü qrup əlil  Şəmsi Sahib oğlu Hacıyevin valideynləri Yeganə Adıgözəlova və Sahib Hacıyev ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Birinci vitse-prezident, Birinci xanım Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Kənd təsərrüfatı naziri İnam Kərimova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Rəhman Məmmədova və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə müraciət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Yeganə Adıgözəlova və Sahib Hacıyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsindənik, Qazi Şəmsi Sahib oğlu Hacıyevin valideynləriyik. Bizim iki övladımız, bir oğlumuz, bir qızımız var. Oğlumuz bir Vətən sevdalısı, istərsə də bir  keçmiş hərbçi-MAXE kimi həm Aprel döyüşlərinin iştirakçısı, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Oğlumuz İkinci Vətən Müharibəsinin elə ilk günlərində Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə ağır yaralanıb. 11 aydır ki, övladımız müalicə-müayinə almaqdadır. Nə az-nə çox, 10 dəfə göz əməliyyatından keçib. Bir gözünü tamamilə itirib, bir gözü isə getdikcə zəifləməkdə, görmə qabiliyyətini iyirməkdə, 20 faizə enməkdədir.

Həmçinin, baş, kəllə-beyin nahiyəsindən, ayağından, bədəninin digər orqanlarından aldığı zədələr, travmalar övladımızın səhhətini getdikcə pisləşdirməkdədir. Biz də bir valideyn olaraq, çarəsizcəsinə övladımızın bu halını ürək ağrısı, can yanğısı ilə seyr etməkdə, əriməkdəyik. Çünki əlimizdən heç nə gəlmir, övladımızın sağlamlığını bərpa etməsi üçün heç nə edə bilmirik. Övladımız gözümüzün qabağında şam kimi əriyə-əriyə gedir. Bu, bizə ölümdən də betərdir…

Çox təəssüflər olsun ki, aylarla süründürməçilikdən, get-gəllərdən – özü də belə bir durumunda, belə bir vəziyyətində – sonra övladımıza ədalətsizcəsinə, vicdansızcasına 3-cü qrup əlillik dərəcəsi verildi. Birinci, ən azı ikinci qrup alacağı halda, nəyə görə övladımıza üçüncü qrup əlillik dərəcəsi verildi? Axı, niyə, hansı haqla, hansı ədalətlə? Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları, səlahiyyət sahibləri nə haqla, nə hüquqla övladımıza belə bir  haqsızlıq, ədalətsizlik etdilər? Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı olmuş, medallarla təltif edilmiş övladımız bunamı layiq idi, bunumu övladımıza, gözümüzü dikdiyimiz tək oğlumuza, bir körpə atasına rəva bildilər? Bunun adı nədir?

Eyni zamanda, ailəmiz 6 nəfərdən ibarətdir, biz ikimiz, övladımız, gəlinimiz, bir yaşlı nəvəmiz və illərdir yataq xəstəsi olan başımızın böyüyü Qönçə xanım. İkimiz də heç bir  yerdə işləmirik, bir yerdən də bir manat olsun əlavə gəlirimiz, qazancımız yoxdur. Övladımızın səhhəti ilə bağlı müalicə və müayinə xərclərinin də müəyyən hissəsini özümüz çəkmişik. İşsiz olan gəlinimiz də bu yaxınlarda işlə təmin olunub. Yəni, ümumilikdə ailəlikcə gəlirimiz, qazancımız yaşayışımıza, dolanışığmıza güclə və güclə yetir. Həm mənəvi cəhətdən, həm də maddi cəhətdən çox çətin durumdayıq. Xüsusilə də, qeyd etdiyimiz kimi, övladımızım səhhətinin gündən-günə geriləməsi, keçirdiyi hallar bizi daha çox üzür, məyus edir”.

“Cənab, Ali Baş Komandan, cənab, Prezident!

Bir Qazi, İgid, Qəhrəman övladın valideynləri kimi iki məsələdə bizə kömək, dəstək olmağınızı rica və xahiş edirik. Birincisi, övladımızın əlillik dərəcəsinə yenidən baxılması, Haqq-ədalətin bərpa edilməsi, Ulu Öndərimiz demişkən, Ədalətin Zəfər çalması üçün aidiyyatı qurumlara-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz, məsələnin müsbət həllinə nail olasınız.

İkincisi, ailəmizin maddi durumunun nəzərə alınması, qəsəbəmizdəki  əkinə yararlı torpaq sahələrindən 5-10 hektarlıq ərazinin icarə yolu ilə bizə verilməsi üçün səlahiyyətləriniz çərçivəsində mərkəzi və yerli qurumlara, icra hakimiyyətlərinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Qeyd edək ki, bu məsələ ilə bağlı müraciətlərimiz hələ də cavabsız qalmaqdadır.

Ona görə bir daha hər iki məsələdə bizə kömək və dəstək olmağınızı xahiş edirik. İnanır və əminik ki, belə də olacaq, kömək və dəstəyinizi bizdən əsirgəməyəcək, xahişlərimizi nəzərə alacaq və müsbət həll edəcəksiniz. Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimizi bildiririk. Allah Sizi, Qalib Azərbaycanımızı qorusun!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Elələri var idi ki, dörd vəzifə daşıyır, həm də partiyanın rayon və ya şəhər təşkilatının sədri vəzifəsini icra edirdi…”-MM-İN KOMİTƏ SƏDRİ YAP İDARƏ HEYƏTİNİN SON İCLASINDA VERİLƏN QƏRARLARI ŞƏRH EDƏRKƏN BELƏ DEDİ, İSLAHATLARIN, YENİLƏNMƏLƏRİN QAÇILMAZ OLDUĞUNU BİLDİRDİ – (ÖZƏL)

Read Next

Şəhidlərimizin ilinə bir ay qaldı: Ailənin tək övladı-Şəhid Əli Rzayev və evin tək oğlu-Şəhid Kənan Ələkbərlinin – TORPAĞA TAPŞIRILMASINDAN 11 AY KEÇİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir