“Özəl kanallarımıza baxanda adamın əti tökülür” – YAZIÇI-DEPUTAT

Millət vəkillərindən tələb: BƏZİ ÖZƏL KANALLAR BAĞLANSIN

ZİYAD SƏMƏDZADƏ: Lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik

Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür.

Etikxeber.az-ın xəbərinə görə, bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, özəl telekanallara baxmaq olmur:

huseynbala

“Gəlin Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir. Məsələn, “Möhtəşəm yüz il”i götürək. Nə qədər baxımlı, maraqlı bir filmdir. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə durum necədir, tək sözlə, biabırçılıq. Teleseriallar çəkirlər guya, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa verilış gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Tele-Radio Şurasının səlahiyyətləri artırılmalıdır. Hətta, onlara elə bir səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.

elmira-1

Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib:

“Onları izləmək, onlara baxmaq mümkün deyil. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır. Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzları haqqında bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır. Amma bizdə necədir, tam biabırçılıq. Ancaq AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürüəm ki, doğrudan da Milli Tele-Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var…”.

800px-Ziyad_Səmədzadə

Ziyad Səmədzadə: Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur…

Akademik, millət vəkili Ziyad Səmədzadə öz növbəsində bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd  məqamların yaşandığını və yayımlandığını bildirib:

“Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.

Novruz Aslanov: Bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir…

novruz-aslan

Millət vəkili, bəstəkar Novruz Aslanov bədii şuralar məsələsinin təkcə mədəniyyət və incəsnət xadimləri ilə məhdudlaşdırılmasının düzgün olmadığını bildirib:

“Bu şuralarda həm də aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.

Gövhər Baxşəliyeva: İstəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm 

govhar-oxu-2

Millət vəkili, akademik Gövhər Baxşəliyeva teleseriallarla bağlı məsələni qabardıb:

“Mən istəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm (gülür). Çünki mənim zövqümdə olan seriallar deyil. Hesab edirəm ki, tarixi qəhrəmanlarımızla, tarixi şəxsiyyətlərimizlə bağlı səviyyəli teleseriallar çəkilməlidir. Bu gün Azərbaycan izləyicisinə, xüsusilə, gənc nəsilə belə teleseriallar lazımdır. Hesab edirəm ki, Ağa Məhəmməd Şah Qacar, Nadir Şah, Şah İsmayıl Xətayi haqqında teleseriallar çəkilməlidir. Bu işə mütləq başlamaq lazımdır. Mən demirəm ki, bütün seriallar tarixi şəxsiyyətlərimizlə bağlı olsun, bu iddiada deyiləm. Amma hesab edirəm ki, daha çox bu istiqamətə önəm verilməlidir”.

jala aliyeva

Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da həmkarlarının fikirləri ilə razılaşdığını bildirib.

Əlavə edib ki, bu məsələ ilə bağlı həmkarlarının səsləndirdikləri kimi, ayrıca müzakirələrə ehtiyac var:

“Hər bir kanalın öz siyasəti var. Biz onlara tam müdaxilə edə bilmərik. Ona görə də həmin kanallarda yaşanan durumla bağlı ayrıca müzakirələr, dinləmələr təşkil etmək, çıxış yolları ararmaq olar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Dayanmaq olmaz” – ÜÇQAT AVROPA ÇEMPİONU HACI ƏLİYEV

Read Next

Özəl kanallar bədii şuralara dırnaqarası baxırlar – NUŞİRƏVAN MƏHƏRRƏMLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir