“Öz övladını yaramaz yola vadar edən və ya buna imkan yaradan valideynlər barədə inzibati cəza tədbirləri sərtləşdirilməlidir”-MM-İN KOMİTƏ SƏDRİNDƏN TƏLƏB

İnsan alverinə qarşı mübarizə beynəlxalq xarakter daşıdığı üçün bəşəri mahiyyətə malikdir və bilavasitə insanların həyatının, sağlamlığının qorunmasına xidmət edir. Buna görə də bu mübarizə təkcə daxili işlər orqanlarından deyil, hər bir təşkilatdan, vətəndaşdan reallıqları düzgün qiymətləndirməyi, insan alverçilərinə qarşı mübariz olmağı, ziyan çəkən insanlara qayğı, diqqətlə yanaşmağı tələb edir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dilə gətirib.

“Daxili İşlər nazirinin müavini hörmətli Seyfulla müəllimin illik məlumatında nəzərə çatdırılan faktlar, görülən tədbirlər, həyata keçirilməsi vacib olan məsələlər də bunu deməyə əsas verir. Hesabat xarakterli bu məlumatlar dəyərlidir, əhatəlidir, görülmüş işlərin və qarşıda duran vəzifələrin vacibliyinin əks etdirilməsi baxımından səciyyəvidir. Qeyd edildiyi kimi insan alveri kriminal əməldir, bütün ölkələrdə mövcud olduğu, dünyəvi hal aldığı üçün beynəlxalq aləmdə mübarizənin kəskinləşdirilməsini zərurətə çevirir və beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini əsas məqsəd kimi qarşıya qoyur”-deyən T. Rzayev bu məsələ ilə bağlı fikirlərini MM-in dünənki iclasında çıxışı zamanı dilə gətirdiyini bildirib.

Onun sözlərinə görə, yaxşı haldır ki, ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri son illər xeyli gücləndirilmiş, qurbanların hüquqlarının madafiəsi, imkanlarının genişləndirilməsini təmin edən qanunvericilik bazası formalaşmış, hesabat ilində bu məsələ ilə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilmişdir:

“Daxili İşlər Nazirliyinin insan alveri ilə mübarizə istiqamətində profilaktika və maarifləndirmə tədbirlərinə, təlim və treninqlərə, beynəlxalq təşkilatlarla, müvafiq orqanlarla, vətəndaş cəmiyyətləri, informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsinə və səylərin birləşdirilməsinə, əyani görüşlərin, söhbətlərin aparılmasına xüsusi önəm verməsi, görülən tədbirlər barədə insanların məlumatlandırılması yaxşı haldır və bu gələcəkdə də sistemli şəkildə davam etdirilməlidir.

Çünki insan alverinin qurbanlarının əksəriyyəti bir çox hallarda məlumatsızlıqdan bu bəlaya düçar olur, ağır streslər keçirir, illərlə normal həyatlarını təmin edə bilmirlər. Elə bilirəm hər birimiz bu insanların vəziyyətinin ciddiliyini anlamalı, onların səhvən atdıqları addımların ictimailəşdirilməsinə yol verilməməlidir. Əks halda insan alveri qurbanlarının sonrakı həyatı daha acınacaqlı ola bilər.

Bu insanların reinteqrasiya məsələsi də çox vacibdir. Onlar cəmiyyətdən təcrid edilə bilməz, işlə təmin olunmalı, tibbi və psixoloji yardım almalıdırlar. Nazirliyin bu istiqamətdə gördüyü işləri müsbət qiymətləndirməklə yanaşı, onun əhatəsinin genişləndirilməsinin vacibliyini də qeyd etmək istəyirəm. İnsan alveri qurbanlarına çevrilən, valideyn nəzarətindən kənarda qalan uşaqların taleyi üçün valideynlərin məsuliyyəti məsələsi ciddiləşdirilməlidir.

Öz övladını yaramaz yola vadar edən və ya buna imkan yaradan valideynlər barədə inzibati cəza tədbirləri sərtləşdirilməlidir. Bu məsələdə məsuliyyətsizliyə yol verən valideyn adi bir xəbərdarlıq, tənbehlə kənarda qalmamalıdır. İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaların, qəyyumluq və himayə orqanlarının işi bu baxımdan canlandırılmalıdır.

Eyni zamanda, iclas zamanı Milli Şura haqqında həmkarlarımın səsləndirdikləri fikirlərə tam tərəfdaram. Elə bilirəm bu qurumda təmsil olunanların bir çoxunu yeni formada insan alverçisi adlandırsaq yanılmarıq”.

Etikxeber.az

Read Previous

Dibala “Yuventus” klubu ilə beşillik müqavilə-İMZALAYACAQ

Read Next

“İnsan alverinə qarşı mübarizə çərçivəsində preventiv tədbirlərin sayı artırılmalıdır”-SEVİNC HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir