Özbəkistan Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək verir – BAŞ NAZİR – FOTOLAR

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib.

Etikxeber.az xəbər verir ki, baş nazir Novruz Məmmədov rəsmi qəbulda iştirak edib.

Tədbirdə həmçinin,  Milli Məclisin (MM) Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Eldar İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, akademik, millət vəkili Nizami Cəfərov və digər şəxslər iştirak ediblər. 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Özbəkistanda həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açıb, bu islahatların ölkənin inkişafına xidmət etdiyini deyib.

Səfir vurğulayıb ki, Xəzəryanı ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi Özbəkistan üçün prioritetdir. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edib. “Əməkdaşlığın inkişafında yeni mərhələnin şahidi oluruq. Sıx, etibarlı münasibətlərimiz dərin köklərə əsaslanır. Əminəm ki, əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək. Münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə daha da inkişaf edəcək”, – deyə səfir bildirib.

Rəsmi qəbulda çıxış edən baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğulayıb. O bildirib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə zəmin yaradır.

ozbak-ted

Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının səmimi münasibətlərinin rolunu qeyd edən Novruz Məmmədov qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi sahədə əldə etdiyi uğurların, onun beynəlxalq aləmdə artan nüfuzunun bizi sevindirdiyini söyləyib. Baş nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu vurğulayıb.

Azərbaycanın öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən baş nazir Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar, təhlükəsizlik, elm, təhsil, incəsənət gənclər və idman sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıyıq.

Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Novruz Məmmədov, bu baxımdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

Baş nazir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Özbəkistanın Ermənistan-Azərbaycan  münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk.

Novruz Məmmədov ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Etikxeber.az

Read Previous

Söhbət Respublika meydanından yox, Qızıl meydandan gedir… – MİLLƏT VƏKİLİ YAZDI

Read Next

100 ilin “AZƏRBAYCAN”ı – KOMİTƏ SƏDRİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir