PA rəsmisi: Bələdiyyələr qanunvericiliyin tələblərinə ciddi əməl etməlidir

Fevralın 2-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrlə bağlı illik məruzəsi daxil edilib.

İclasda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov məruzəni təqdim edib. Diqqətə çatdırıb ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub, eyni zamanda, bələdiyyə aktlarının ekspertizası aparılıb. Ümumilikdə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə bağlıdır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların öz aralarında olub. Ümumilikdə daxil olan müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Üç halda maliyyə pozuntusu aşkarlanıb və həmin vəsaitlərin bərpası təmin olunub. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, ümumilikdə il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi açılıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib.

Bildirilib ki, ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın (PA)  regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxışında bildirib ki, təqdim olunan məruzəyə əsasən əvvəlki illə müqayisədə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bir çox işlər görülüb:

“Lakin müasir dövrün tələbləri göstərir ki, bələdiyyələr daha çox iş görməli və qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər. Sözsüz ki, bu mənada inzibati nəzarəti həyata keçirən orqanın da bələdiyyələrə kömək göstərməyə, mövcud qanunların düzgün qaydada tətbiqinə həm yardımçı, həm də ədalətli və tələbkar olmalıdır. Hər kəsə məlumdur ki, bələdiyyələrin ən başlıca vəzifələri onların ərazisində yaşayan əhalini narahat edən problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Vətəndaşları narahat edən problemlərin həll edilməsi üçün təbii ki, bələdiyyələrdə dayanıqlı maliyyə mənbələri olmalıdır. Onun da yeganə yolu yerli vergi ödənişlərinin yığım səviyyəsinin artırılmasıdır. Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi bu sahədə bələdiyyələrə kömək göstərməlidirlər. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycanın şəhər, qəsəbə, kənd Bələdiyyələrinin Milli Assosiayaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi Bazası yaradılıb. Bütün bələdiyyələrdə zona seminarları keçirilib, bu proqram artıq bütün bələdiyyələrdə quraşdırılıb və hazırda bələdiyyələr bu proqramdan kifayət qədər bəhrələnirlər. Proqrama əsasən üç ay ərzində artıq 500 mindən artıq vergi və ödəniş ödəyiciləri bu bələdiyyələrin sistemində qeydiyyatdan keçib, yəni onlar uçotdadırlar. Bununla bağlı statistik məlumatlar mövcuddur. Belə ki, vergi və ödənişlər üzrə gəlirlərin cəmi 2015-ci il doqquz ay üzrə 8 milyon 219 min 300 manat idisə, 2016-cı ildə yanvar-sentyabr ayları üçün 9 milyon 659 min 300 manat təşkil edir. Bu öz növbəsində 1 milyon 440 milyon manat artıq olub və faiz nisbəti ilə 17,5 faiz artım olub. Təsnifatlaşdırsaq görərik ki, təkcə əmlak vergisi üzrə gəlirlər 2015-ci ildə 3 milyon 901 min 100 manat idisə, 2016-cı ilin doqquz ayında bu rəqəm 4 milyon 704 min 700 manat təşkil edib və 803 min manat artıq vergi yığılıb. Torpaq vergisi üzrə də artım müşahidə olub. Eyni zamanda, ödənişlər üzrə də artım müşahidə olub, ümumi ödənişlərdə 22 faiz artım olub”.

Müzakirələrdən sonra məruzə MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Prezident Niyazi ilə bağlı hansı xatirəsini bölüşdü? – FOTO -YENİLƏNİB

Read Next

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir