“Pandemiya dövründə də Azərbaycan dövləti vətəndaşlarımıza böyük dəstək tədbirləri həyata keçirdi…”-SAHİBƏ QAFAROVANIN NÖVBƏTİ VİDEOQƏBULU BAŞ TUTDU – FOTOLAR

Milli Məclisin deputatı (spiker), professor Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Etikxeber.az xəbər verir ki, iyunun 11-də,  98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Videoqəbulda millət vəkili secicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Bildirilib ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər isə artıq öz həllini tapıb.

Sahibə Qafarova deyib ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, geniş sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Yeni növ koronovirus (COVİD 19) pandemiyası dövründə də Azərbaycan dövləti vətəndaşlarımıza böyük dəstək tədbirləri həyata keçirdi. O cümlədən, ölkəmizin Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətinin əsasını insanlara qayğı təşkil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə çox mühüm təşəbbüslər irəli sürür, layihələr həyata keçirir.

Sahibə Qafarova ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb.

O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib.

Digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Etikxeber.az

Read Previous

“Qeyri-dəqiq və nəzakətsiz məlumatları özündə əks etdirən müraciətlər çox olmasa da, var…”- DEPUTAT NARAZILIQ ETDİ

Read Next

“Bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir…” – İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir