“Pandemiyanın davam etməsinə rəğmən, dövlət büdcəsinə dəyişikliklərin edilməsinin nəzərdə tutulıması olduqca mühüm addımlardandır…”-MİLLƏT VƏKİLİ

Əslində Milli Məclisin növbəti sessiyasının çağrılmasında və keçirilməsində qeyri-adi heç nə yoxdur. Milli Məclisin növbədənkənar iclasları və ya sessiyaları deputatların bir qisminin müvafiq qaydada parlamentin Sədrinə müraciəti və spikerin həmin müraciətdən irəli gələrək, Sərəncam imzalaması ilə çağrıla, keçirilə bilər. İndiyə kimi də parlamentin tarixində, təcrübəsində belə hallar olub. Məsələn, axırıncı yaz sessiyasından sonra iyun ayında Milli Məclisin növbəti növbədənkənar sessiyası çağırılıb və parlamentin bir neçə iclas keçirilib. İyunun 30-da isə növbədənkənar sessiyaya yekun vurulub. İstər yaz sessiyasında, istərsə də, növbədənkənar sessiyada xalqımız, dövlətimiz, inkişafımız ilə, xüsusilə, pandemiya dövrünün reallıqlarından yaranan məsələlərlə bağlı çox mühüm qanun və qərar layihələri qəbul edilib, bir sıra beynəlxalq konvensiyalar və sazişlər ratifikasiya olunub. Yəni, parlament öz missiyasını uğurla yerinə yetirə bilib.

Eyni zamanda, bildiyiniz kimi, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı tapşırıq verib. O, qeyd edib: “İndi neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir. Hesab edirəm ki, buna bizim imkanımız çatacaq. Dürüstləşməyə gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın. Ona görə hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Biz hansı həcmdə büdcə xərclərimizi artırmalıyıq və bundan hansı məqsədlərə istifadə etməliyik…”. Bəli, dövlət başçısının verdiyi həmin tapşırığa uyğun olaraq da aidiyyatı strukturlar tərəfindən “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə hökumətə təqdim olunub.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, yəni, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun (DNF) büdcələrində də müvafiq dəyişikliklər edilib. Həmçinin, dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

“2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi isə əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVİD-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

Artıq 2020-ci ilin dövlət büdcəsinə dəyişikiliklərlə bağlı qanun layihəsi parlamentə daxil olub və həm adıçəkilən qanun layihəsinin, həm də dəyişikliklər zərurəti yaranan bir neçə qanuna düzəlişlər edilməsini nəzərdə tutan qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Bununla da bağlı hörmətli Sədrimiz Sahibə xanım Qafarova tərəfindən deputatların müraciətinə əsasən, Milli Məclisin növbədənkənar sessiyanın çağırılması ilə bağlı müvafiq Sərəncam imzalanıb. İnşallah, bu həftə yenidən parlamentdə yığışacağıq və həm dövlət büdcəsinə, həm də digər bir neçə qanuna dəyişikliklərlə bağlı qanun laytihələrini müzakirə edəcəyik. Təbii ki, ətraflı və hərtərəfli müzakirələrdən sonra onları bütövlükdə qəbul edəcəyik və imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün dövlət başçısına göndərəcəyik. Hesab edirəm ki, pandemiyanın davam etməsinə, digər çətinliklərə rəğmən, dövlət büdcəsinə dəyişikliklərin edilməsinin, xərclərin artırılmasının nəzərdə tutulıması olduqca mühüm addımlardandır. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkənin qanunverici orqanı, ən əsası ölkə Prezidenti bütün situasiyalarda öz vətəndaşının, öz insanının yanındadır. Bir dövlət olaraq, bizi güclü və qürurlu edən də elə budur”-deyə, o, əlavə edib.

Qeyd edək ki, dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihələsi sabah Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər komitələrlə birgə iclasında müzakirə ediləcək.

Eyni zamanda, müzakirələrdən sonra qanun layihəsi MM-in növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunacaq.

Etikxeber.az

Read Previous

“Son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin mürtəce, vəhşi simasını ifşa etdi… Həm düşmənlərimiz, həm də bütün dünya bir daha gördü ki, torpaq məsələsində Azərbaycan zərrə qədər güzəşt etməyəcək”-JALƏ ƏLİYEVA

Read Next

Mehriban Əliyeva 100 mindən çox aztəminatlı ailəni-SEVİNDİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir