“Paris inqilab”ı təşkilatçılığının arxasında milyonların gizləndiyi sezilir – DEPUTAT PARİSDƏN YAZDI – FOTOLAR

BAŞQA PARİS

Bu Paris həminki Paris deyildi.

Heminqueyin vəsf etdiyi, “həmişə səninlə olan bayram Paris” deyildi bu Paris.Və Parisin bu halı məni çox mütəəssir etdi.
İlk dəfə bu gözəllər gözəli şəhərə 1995-ci ilin martında, Novruz ərəfəsində səfər etmişəm.

Mərhum jurnalist dostum İbrahim Şükürov da mənim kimi Parisə birinci dəfə idi gəlirdi.Baxmayaraq ki, çox yaxşı otelimiz vardı və sabah səhərdən bizi çox gərgin iş günü gözləyirdi, həmin gecəni sübhəcən yatmadıq.Parisi gözlərimizə doldurmaq istəyirdik.Yolun yorğunluğuna baxmayaraq bütün günü gəzib-dolaşdıq, səhərədək gündüz kimi işıqlı küçələrdə var-gəl etməkdən doymadıq.Sonrakı günlərdə köhnə parisli Ramiz Abutalıbovun bələdçiliyi qısa vaxt ərzində həm çox şey görməyimiziə, həm də Parisə bir az da artıq vurulmağımıza səbəb oldu. Hər tikilisi bir tarix olan bu möcüzə şəhər valeh etmişdi bizi və böyük yazıçının məşhur müşahidəsinin həqiqət olduğuna birmənalı şərik idik – ürəyimiz Paris bayramına bürünmüşdü.

2001-ci ildən, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə üzv seçiləndən sonra isə mənim Fransaya, Parisə səfərlərim mütəmadiləşdi.Asta-asta burda çoxlu dostlarım yarandı.Artıq 18 ildir ki, təxminən hər ay Parisdə oluram.
Dünyanın çox şəhərlərini görmüşəm. Həm Şərq, həm Qərb ölkələrində. Əksəri də gözəl. Amma heç bir şəhər mənə Paris qədər dogma gəlməyib.Sanki bu şəhərdə izahsız bir sehr, cazibə, qeyri-adi məhrəmlik, xüsusi bir istiqanlılıq var.Nə Parisin sonu görünür, nə bu şəhərdən doya bilirsən.

2018-ci il dekabrın 4-dən 9-dək yenə Parisdə ezamiyyətdə idim.Ötən həftələrin şənbə günlərində Parisdə nümayişlər, mitinqlər, küçə yürüşləri olmasından xəbərim vardı.Fransızlar azadlıq, sərbəstlik sevən xalqdır, bir inqilabi ruh da həmişə onlara xasdır.Gözəllik aşiqliyi, zərif sənət duyğusu da bu xalqın sifətlərindəndir, inqilabçı barışmazlığı və amansızlığı da fransızlara aid keyfiyyətlərdəndir.Bütün bunlar tarixdən bəllidir və Fransada dəfə-dəfə baş vermiş inqilablar, çevrilişlər də xalqın həmin məziyyətini təsdiqləməkdədir.Mən ötən illərdə də Parisdə nümayişlərin, etiraz mitinqlərinin, çeşidli toplaşmaların baş verməsindən xəbər tutmuşam, lap yaxın məsafədən izlədiklərim də olub.Amma onlar adətən Parisin ucqar rayonlarında, şəhərin qıraq məhəllələrində cərəyan edərdi və tez də bitərdi.

İndi isə vəziyyət başqadır.Hadisələr şəhərin göbəyində, Parisin tən mərkəzində, Yelisey çöllərində və onun həndəvərində tüğyan edir. Həm də miqyaslar nəhəngdir.Keçən həftəki izdihamların ürək ağrıdan nəticələri göz qarşısında idi.Sosial narazılıqlar dalğasında başlanan bu etirazlar şəhərdə dağıntılara da bais olmuşdu, neçə maşın yandırılmışdı, neçə məşhur butik şüşələri sındırılaraq qarət edilmişdi, yaralananlar, xəsarət alanlar, həbs edilənlər də bolluca.Cümə günü, dekabrın 7-də şəhərin mərkəzində müşahidə edilən mənzərə acınacaqlı idi.Bütün məşhur mağazaların birinci mərtəbədəki şüşə vitrinləri bom-boş, içəridəki piştaxtalar sanki silinib-süpürülmüş.
Dükan sahibləri keçən həftə törədilənlərdən dərs almışdılar. Gecə saatlarına qədər xüsusi şirkətlərdən gələn maşınlar mağazaların qarşısında dayanır, şüşə vitrinlərə taxta ötrüklər çəkilirdi.Mənim adətən qaldığım Castiglione oteli Prezident iqamətgahının 40-50 metrliyindədir.Keçən həftədəkilərdən xəbərdar olan tanışlar məsləhət görürdülər ki, ayın 8də oteldən ya tezdən çıxaraq şəhərin daha sakit hissəsinə gedək və bir də axşam 9-dan, 10-dan sonra, ara sakitləşəndə qayıdaq, ya da ən salamatı, oteldən heç aralanmayaq.
Həm də nəzərə alaraq ki, sabah bu ətrafda heç bir mağaza, kafe işləməyəcək, bəri başdan yemək, su ehtiyatı da görmək lazımdır.
Görəcəkli günlərimiz varmış. Parisdə bunlar da yaşandı.Dekabrın 8-ni oteldə dustaq kimi oturası olduq. Tək mən yox, elə hamı. Çünki arada şəhərin hər hansı səmtinə getmək istəsək də, 5-6 çıxış küçəsi və döngəsinin hər birində əli silahlı polislər bizi qarşıladıar ki, getmək olmaz, təhlükə var, yollar bağlıdır.

Canlı yayımla isə televiziyadan an-an gərginləşən hadisələri izləyirdik.Nəğmələr qəhrəmanı, şeirlər ünvanı, Parisin qonaqlarının sevimli məkanı Şanzelize yenə həmişəki kimi izdihamlı idi.Amma bu ənənəvi turistlər selinin deyil, qızmış kütlənin izdihamı idi.
Havada nümayişçilərin yerdən qopardığı daşlar uçurdu, gözyaşardıcı qaz tüstüsü aləmi bürümüşdü, ara-sıra nəsə partladılırdı, bəzi yaxın küçələrdə neçə maşın alışdırılmışdı, qara tüstü ətrafı bürüyürdü, hətta mağazaların taxtalanmış vitrinlərinə də yenə hücumlar vardı.
Keçən həftəki kimi olmasa da, bu həftə yenə xoşagəlməz mənzərələr təkrarlanırdı.Sonra nümayişçilərin qatarı Şanzelizedən İnqilab meydanına doğru axışdı.Bizim tərəflərə bir az da yaxınlaşdılar. Bayaqdan televiziyadan gələn vahiməli səslər indi lap yaxından eşidilirdi.
Arada baş nazir çıxış edir, daxili işlər naziri vəziyyət haqda məlumat verir, ümummilli dialoqa çağırışlar edilir.

paris-1

paris-2

paris-4

paris-rafael

Qəfilcə Bordodan daParisdəkindən daha narahatedici inqilab xəbərləri və görüntüləri gəlir…Hökumət qüvvələri bu dəfə keçən həftəkinə nisbətən daha mütəşəkkil və qətiyyətli hərəkət edir. Yüzlələ daha aqressiv nümayişçi saxlanılaraq aparılır. Yəqin elə buna görə də dekabrın 8-dəki küçə yürüşləri keçən şənbədəkindən 4-5 saat tez yekunlaşır.Axşam 8-dən sonra, nümayişçilər nəhayət dağılşmağa başlayanda küçəyə çıxdım. Hər yan artıq evə tələsən sarı gödəkçəlilərlə dolu idi.Şəhərə adamın rəhmi gəlirdi. Nəfəs almaq da çətin idi.Yenə təbiət özü dada yetdi. Yağış başladı. Əvvəlcə narın, getdikcə daha şıdırğı. Yağmur kiri-pası, utandırıcı, Parisə heç yaraşmayan tüstü dumanını, iyi-qoxunu yumağa, sanki diksunmiş köhnə küçələri, binaları toxtatmağa başladı…

Nədir bütün bunlar? Doğrudanmı sırf həmkarlar təşkilatlarının təşkilatşılığı və idarəçiliyi ilə zəhmətkeşlərə daha yaxşı həyat şəraiti qazandırmaq üçün aparılan mübarizə? Axı bu elə əvvəldən də fransızlara, ümumən avropalılara xas mübarizə üsullarındandır.
Lakin indi ölçülər, əhatə başqadır axı! 20 mindən artıq adam bu şənbə — dekabrın 8-də çıxmışdı, qarşıdakı günlərdə sıraların daha da sıxlaşacağı ehtimal edilir.Bəlkə bu, hakimiyyətdaxili çəkişmələrin belə üzə çıxan şəklidir?Ya bəlkə bunların ardında xarici əllər də var?
Hər halda bu inqilab təşkilatçılığının arxasında milyonlarla vəsaitin gizləndiyi sezilməkdədir.

Bəs o dağıdıcılar, talançılar, araqarışdıranlar, açıq kriminal ünsürlər necə qatılıb bu axına? 

Fürsətdən istifadə edərək özləri əl qızdırmaqçün araya soxulublar, ya bu da xəbərdarlığın bir şəklidir ki, istəsək belə xaos da yaradarıq?

Çox təfərrüatları bilmədən sonacan ağılabatan, məntiqli mülahizə irəli sürmək, gerçəkçi proqnoz vermək müşküldür.

Amma istənilən halda bir mühüm öncəgörümü etməkçün peyğəmbər, ya fövqəladə bəsirət sahibi olmağa lüzum yoxdur.

Çətin ki, bu qatışıqlıqlardan guya ki, mənafeyi əsas götürülərək mübarizə aparılan sadə xalq nəsə əldə edəcək.

Hələ ki, qazancı narahatlıqdır. 

Sonrasındansa Allah saxlasın!

Parisin öz dərvişləri axırı ki, Parisi partlatmasa yaxşıdır…

Rafael HÜSEYNOV,

Akademik, Millət vəkili

Etikxeber.az

Read Previous

“River Pleyt” dördüncü dəfə “Libertadores” kubokunu qazandı – FOTOLAR

Read Next

Siyasi fəaliyyətinə görə heç kim təqib olunmur… – VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir