“Parlamentə xanım sədrin seçilməsi bugünkü Azərbaycan gerçəkliyinin bir göstəricisidir…”-MUSA QASIMLI

Musa QASIMLI: “Sahibə Qafarovanın Parlamentin sədri seçilməsi hesab edirəm ki, çox uğurlu oldu. Bu, hər şeydən əvvəl Azərbaycan gerçəkliyini göstərir. Sahibə xanım elmlər doktoru, professordur və heç bir mübaliğəyə yol vermədən söyləmək lazımdır ki, indiyə qədər iclasları çox gözəl aparır. Həm prosedur qaydalarına riayət olunması, həm demokratik ab-hava yaradılması baxımından öz missiyasının öhdəsindən çox uğurla və bacarıqla gəlir”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor  Musa Qasımlı cavablandırır:

-Musa müəllim, yeni tərkibli 6-cı çağırış MM-in ilk sessiyası artıq geridə qaldı. Ötən 4 aylıq dönəmi necə dəyərləndirirsiniz, MM, millət vəkilləri üzərlərinə düsənləri yerinə yetirə bildimi?

– VI cağırış Azərbaycan Parlamentinin yaz sessiyasının fəaliyyətini müsbət qiymətləndirirəm. Nəzərə alsaq ki, bu sessiyanın işə başlaması bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə eyni vaxta düşdü, ancaq yaranmış ağır şəraitə baxmayaraq, Azərbaycan Parlamenti öz tədbirlərini vaxtında aldı. Cənab prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xəttə ciddi riayət olundu və Parlament öz işini uğurla qura bildi. Müvafiq qanunlar qəbul edildi. Eyni zamanda, deputatlar bir sıra beynəlxalq tədbirlərə videokonfrans formatında qoşuldular. Millət vəkilləri videokonfrans formatında bir çox layihələrdə iştirak etdilər, seçiciləri ilə görüşlər keçirdilər. Ona görə hesab edirəm ki, Parlamentin yaz sessiyasının fəaliyyətini uğurlu saymaq olar.

-Son 28-30 ildə Azərbaycan Parlamentinə Qafarova soyadlı ikinci xanım siyasətçi-parlamentari spiker seçildi. Ancaq o da məlumdur və faktdır ki, Azərbaycanda bəzən xanımların yüksək vəzifələrdə işləməsinə bəzi mental xüsusiyyətlərdən irəli gələrək, bir qədər qısqanc, neqativ yanaşmalar da olur. Bu baxımdan, yəni, bunların fonunda Sahibə xanım Qafarovanın sədr seçilməsinin hansı fərqlilikləri, üstünlükləri oldu?

– Tam səmimi söyləmək lazımdır: Azərbaycan bütün müsəlman Şərqində, eyni zamanda, dünyanın bir çox demokratik ölkələrindən bir neçə on il əvvəl qadınlara seçki hüququ vermiş bir ölkədir. Bizim millətimiz bu baxımdan dünya demokratiyasına bir ilk yazıb. Bizim tariximizdə-sovet dövründə də, müstəqillik dövründə də qadınlar müxtəlif vəzifələrdə olub. Sovet dövründən bir neçəsinin adını çəkim. Rəhmətlik Tahirə Tahirova xarici işlər naziri idi. Bir neçə nazir vəzifəsini qadınlar tuturdu. Müstəqillik dövründə Parlamentin ilk sədri rəhmətlik Elmira xanım Qafarova idi.

Sonrakı dövrdə Azərbaycan tarixində bir ilkə imza atıldı. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva oldu. Mehriban xanım Əliyeva heç şübhəsiz ki, Azərbaycanı dünyada layiqincə təmsil edə bilən və bir millətin fəxr duya biləcəyi dövlət və siyasi xadimdir. Sahibə xanım Qafarovanın Parlamentin sədri seçilməsi də hesab edirəm ki, çox uğurlu oldu. Bu, hər şeydən əvvəl Azərbaycan gerçəkliyini göstərir. Sahibə xanım elmlər doktoru, professordur və heç bir mübaliğəyə yol vermədən söyləmək lazımdır ki, indiyə qədər iclasları çox gözəl aparır. Həm prosedur qaydalarına riayət olunması baxımından, həm demokratik ab-hava yaradılması baxımından öz missiyasının öhdəsindən çox uğurla və bacarıqla gəlir. Ona görə hesab edirəm ki, Azərbaycan Parlamentinə xanım sədrin seçilməsi də bugünkü Azərbaycan gerçəkliyinin bir göstəricisidir.

-Yeri gəlmişkən, bəs nəyə görə, birbaşa olmasa belə, dolayı yolla MM-ə, xüsusilə də, bir çox millət vəkillərinə qarşı sosial şəbəklərdə, elə ictimaiyyət arasında bu qədər qəzəbli, aqressiv münasibət hökm sürür?

– Bilirsiniz, bunun çoxlu səbəbləri var. Təbiidir ki, bir sualda bunu ifadə etmək çox çətindir. İnsanların gözləntiləri var və insanlar qanunverici məclisdən çox şey gözləyirlər. Bəzən bəzi millət vəkilləri tərəfindən üsulsuz ifadələr işlədilir. Bu da qıcıq yaradır. Bura millətin məclisidir və təbiidir ki, millət vəkili millətin, seçicinin sözünü deməlidir. Telefonu daim açıq olmalıdır. Oturub dinləməlidir. Və həmin tənqidlərin bir çoxu əsaslıdırsa, təbiidir ki, bəziləri də deputat səlahiyyətlərinə aid olmayan məsələlərdən doğur. Bu da tədrici prosesdir, keçib gedəcək.

Amma hesam edirəm ki, Milli Məclis seçicilərlə, xalqla iç-içədir. Çünki bu-Milli Məclisin ən ağır şəraitində-pandemiya dönəmində belə millət vəkillərimiz seçiciləri ilə əlaqə saxlayır, telefonla əlaqə qurulur, sosial şəbəkələr vasitəsilə əlaqələr yaradılır. İndi geniş tərkibdə görüş keçirməyə, qəbullar təşkil etməyə icazə verilmir. Bu, ümumi bir bəladır, biz bundan çıxmalıyıq. Ona görə Milli Məclisə, millət vəkillərinə olunan iradları da biz normal qəbul eləməliyik. Millətin gözləntiləri ilə bağlıdır. Daha çox umması ilə bağlıdır və onu da başa düşmək lazımdır.

06:43, 1 iyul

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az 

Read Previous

“Bu mənəvi-psixoloji baryeri qısa müddətdə aradan qaldırmaq çətin olacaq…”-POLİTOLOQ

Read Next

“Qoy Ermənistan tək qalsın…”-ZİYAFƏT ƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir