Parlament jurnalistlərindən növbəti möhtəşəm Bayraq aksiyası… – FOTOLAR

ElŞAD EYVAZLI: Məqsədimiz insanlarda Bayraq sevgisini daha da yüksəltməkdir

Artıq dördüncü ildir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirir.

Azərbaycanın müxtəlif bölgələrində insanlara bayraq hədiyyə edir, onların bayraqla bağlı fikirlərini öyrənirlər.

Etikxeber.az xəbər verir ki, ənənəyə sadiq qalaraq ötən gün qurumun bir qrup üzvü ölkəmizin Cənub bölgəsində gediblər.

Aksiya çərçivəsində jurnalistlər əvvəlcə Lerikdə olublar.

Bayraq Meydanında rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlərlə görüşən jurnalistlər onlara bayraqlar hədiyyə ediblər.

PJB üzvləri Bayraq Muzeyi ilə də tanış olublar. Daha sonra onlar rayonun mərkəzində Şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

Lerikdən sonra jurnalistlər Lənkəran şəhərinə gəliblər. Heydər Əliyev Parkında istirahət edən sakinlərlə görüşərək onlara bayraqlar paylayıblar.

Sakinlər bu cür nəcib aksiyalarla gələcək nəsildə Vətənə, torpağa olan məhəbbətin daha da dərinləşəcəyini bildiriblər.

Hər üç rayonda insanların, rayon sakinlərinin dilindən bu sözlər eşidilib:

“Allah dövlətimizi var, bayrağımızı uca etsin!”, “Bayrağımıza canımız fəda”, “Bayrağımız qürurumuz, şərəfimiz, andımızdır!”, “Bu Vətən durduqca, onun bayrağı da ucalardan ucalarda dalğalancaq!”, “Bu, gözəl təşəbbüs, gözəl aksiyadır, hər zaman lazımdır, davam etdirilməlidir…”, “Bu bayraq üçün çox qanlar axıdılıb, çox şəhidlər verilib, onun qiymətini bilməliyik”, “Yenə də bayraq verə bilərsiniz? Uşaqlardan birinə versəm, o biri inciyər…” və sairə.

ELŞAD EYVAZLI: “Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir…”

Jurnalistlərin son dayanacağı Masallı rayonu olub. Onlar burada da sakinlərə bayraqlar hədiyyə ediblər.

Tədbirin sonunda jurnalistlərə aksiyanın əhəmiyyətindən danışan PJB sədri Elşad Eyvazlı bildirib ki, onlar 4 ildir ölkənin müxtəlif bölgələrində bu aksiyanı keçirirlər:

“Məqsədimiz insanlarda Bayraq sevgisini daha da yüksəltməkdir. Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir. Bir növ həm də ayrı-ayrı bölgələrdə insanlarımızın bayrağa münasibətilə bağlı monitorinq aparılır.

Deyə bilərik ki, ümumi mənzərə yaxşıdır. Xüsusilə yeni nəsildə Bayrağa, Vətənə yanaşma adamı daha çox sevindirir”.

Etikxeber.az

Read Previous

Hamı uzun illər onların yanına axışırdı … – MİLLƏT VƏKİLİ

Read Next

“Mançester Siti” Sterlinqlə yeni müqavilə imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir