Millət vəkili Qənirə Paşayeva çıxışında yenidən xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb.Millət vəkili qeyd edib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak edib sonra Bakıya gələrək tədbirlərə qatılıblar: “Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və.s. Bir çoxlarının da adları sonradan “qara siyahı”dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin “Fransa-Qarabağ” dostluq qrupunun üzvləri qondarma DQR-ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.
Millət vəkili Asim Mollazadə çıxışında qeyd edib ki, Bakı İrəvanla deyil, Moskava ilə danışıqlara başlamalıdır: “Ermənistan Rusiyanın bir əyaləti olduğundan biz Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq. Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır”. Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizləndiyini deyən millət vəkili təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən ermənilərin Azərbayacana təhvilinə nail olmalıdır: Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisiyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə, Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina edilməlidir”.
Deputat Rasim Musabəyov öz növbəsində Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
” Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”
Digər millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir. Z.Oruc bildirib ki, doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil: “Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.
“Avropalı deputatların bizim regionla bağlı çox ciddi narahatlıqları var”
“Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Strasburqda səfərdə oldu. Biz orada müxtəlif iki tərəfli görüşlər keçirdik. Birmənalı olaraq demək istəyirəm ki, Avropada nümayəndə heyətimizin görüşdüyü hər bir deputat yenidən AVRONEST PA-dakı fəaliyyətimizi bərpa etməyimizi yüksək qiymətləndirdi”.
Bunu isə AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri, MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, AVRONETS-də bir sıra deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirilib: “Biz eyni zamanda Avropa deputatları ilə, qurumun 8 siyasi qrupundan 6-sının rəhbər şəxsləri ilə o cümlədən, AVRONEST-in xarici əlaqələr komitəsinin sədri, Avropam parlamentinin vitse-spikerləri ilə görüşdük. Birmənalı olaraq orada vəziyyət belədir ki, avropalı deputatların bizim regionla bağlı çox ciddi narahatlıqları var. Narahatlıq odur ki, artıq Ermənistanın mövqeyi bəllidir. Hətta AVRONEST-in büro iclasında da erməni nümayəndə heyəti bu dəfə də iclası pozmağa cəhd etdi. Avropalı deputatlar erməni deputatlara sərt mövqe göstərdilər ki, “nəyə görə siz həmişə iclasları pozmağa çalışırsınız?. Siz bilinməyən bir mövqeyi həyata keçirirsiniz”. Artıq mən bir çox Avropa parlamentinin deputatları ilə danışanda açıq dedilər ki, biz birmənalı şəkildə kimin işğalçı və kimin işğaldan əziyyət çəkən olduğunu bilirik. Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi də var. Biz çalışacağıq ki, gələcəkdə bu qətnamənin həyata keçirilməsində real mexanizm olsun. Əsas problemimiz odur ki, Avropa parlamentində bu gün bu mexanizmlər mövcud deyil. Artıq bütün məsələlər ortadadır. Ermənistanın dilənçi mövqeyinin olmasını Avropa deputatları artıq bilirlər. Onların müxtəlif ittifaqlara qoşulmaqda əsas məqsədləri odur ki, sosial və iqtisadi problemlərini həll etsinlər”.
F. Muradov söyləyib ki, bu gün erməni lobbisinin təsirində olan avropalı deputatlar da var: “Təbii ki, Avropa Parlamentində bir qrup deputatlar var ki, onlar həm erməni lobbisinin təsirindədir və bir qrup da var ki, onlar ümumiyyətlə Azərbaycanı belə tanımır. Bizim bu görüşlərdə əsas məqsədimiz o idi ki, Avropalı deputatlara sübut edək ki, Azərbaycan öz müstəqil siyasətini hər zaman həyata keçirəcək, Azərbaycanın milli maraqlarının həyata keçirilməsində kim bizimlə əməkdaşlıq etmək istəyirsə biz də onlarla əməkdaşlıq edəcəyik. Avropa parlamentində çox açıq şəkildə bildirdik ki, siz Azərbaycanla bağlı qətnamələri qəbul edəndə təcili hərəkət edəndə bu həlı o demək deuil ki, Azərbaycanda hansısa təcili məsələ və yaxud vəziyyət var. Yəni, bu o demək deyil ki, Azərbaycanla bağlı təcili qətnamə qəbul edilməlidir. Yaxşı olar ki, gələcəkdə belə bir məsələlər onların həm AVRONEST-də və həm də Avropa parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman bizimlə məsləhətləşsinlər”.
Etikxeber.az