Parlamentdə bir gündə 3 görüş: “AŞPA dialoq üçün xeyli səy göstərib” – SƏMƏD SEYİDOV – YENİLƏNİB – (1)

Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşlər keçirilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq onunla qurumun tədbirlərində olan görüşləri məmnunluqla xatırladıb.

Avropa Şurasının 70 illiyi ərəfəsində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu söyləyib. O, Lilian Mori Paskienin dünən Fransa-Azərbaycan Universitetində keçirilmiş konfransdakı çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrimizin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlalət etdiyini bildirib. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” fikrinə razılığını ifadə edib.

Bildirilib ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir. Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak ediblər. Deputatlarımız qurumun bütün tədbirlərinə qatılır, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışıb. Komitə sədri diqqətə çatdırıb ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanıb. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.

AŞPA prezidenti  ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirərək qeyd edib ki, biz AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq. Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu bildirib.

Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərəfəsində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, “mənim parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səsləyib. Qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışıb.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri – komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak ediblər.

***

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə görüşüb.

Komitə sədri görüşdən məmnunluğunu ifadə edib. Bildirilib ki, Azərbaycan Avropa Şurası və onun Parlament Assambleyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Ümid edirik ki, Sizin AŞPA-nın prezidenti kimi Azərbaycana səfəriniz, keçirdiyiniz görüşlər ölkəmizlə qurum arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək. Ölkəmizdə Avropa Şurası qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün lazım olan addımlar atılır.

Diqqətə çatdırılıb ki, Milli Məclisdə təmsil olunan 125 deputatdan 21-i qadındır. Parlamentdə müxtəlif sahələr üzrə komitələr fəaliyyət göstərir. Onlardan biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Komitədə ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanun layihələri hazırlanır. Hazırda bu məsələlərlə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda, biz bu sahələrə həsr olunmuş beynəlxalq konvensiyalara da qoşuluruq. Ümumiyyətlə, ölkəmizdə ailə dəyərlərinə, qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Aqiyə Naxçıvanlı Avropa Şurasının 2014-cü il avqustun 1-də qüvvəyə minmiş qadınlara qarşı zorakılıq, məişət zorakılığı və bu halların aradan qaldırılmasına həsr olunmuş İstanbul Konvensiyası barədə söhbət açıb. Bildirilib ki, burada qadınlara qarşı zorakılıq insan haqlarının pozulması və ayrı-seçkiliyin bir forması kimi tanınır. İstanbul Konvensiyası bir çox baxımdan islahat xarakterli sənəddir.

Lilian Mori Paskie gender bərabərliyinin təmin edilməsinin vacibliyi barədə danışıb. Qeyd edilib ki, bu məsələyə həyatın bütün sahələrində xüsusi diqqət yetirilməlidir. Bütün zorakılıqların səbəbi bərabərliyin olmamasıdır. Qonaq zorakılıqla bağlı bir sıra statistik rəqəmlər səsləndirilib. Qadın və kişilər arasında fərqin təhsil vasitəsilə aradan qaldırılmasının önəmli olduğunu deyib. İstanbul Konvensiyası ilə əlaqədar diqqətə çatdırılıb ki, Avropanın 34 ölkəsi artıq bu sənədə qoşulub. Avropa Şurasına və AŞPA-ya üzv ölkələrin bu Konvensiyaya qoşulması üçün təşkilat öz tərəfindən hər cür yardım göstərməyə hazırdır.

Görüşdə deputat Dilarə Cəbrayılova iştirak edib.

***

Həmçinin, Milli Məclisin Intizam Komissiyasının üzvləri Lilian Mori Paskieni ilə görüşüblər.

İntizam Komissiyasının sədri Ağacan Abiyev qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını bildirib. O, rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə məlumat verərək, onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun yaradıcılığı, ölkəmizdə aparılan hüquqi islahatlar, korrupsiyaya qarşı mübarizə və digər məsələlərlə bağlı məlumat verib. Qeyd edib ki, biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın qenişləndirilməsində maraqlıyıq.

AŞPA-nın prezidenti xanım təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrindən danışıb və bu əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verdiklərini söyləyib.

Bildirib ki, ikitərəfli münasibətlərin daha da möhkəmləsində və həyatın müxtəlif sahələrində müsbət nəticələrin əldə olunmasında milli parlamentlər xüsusi rol oynayır. Parlament seçkili orqandır və orada təmsil olunan deputatlar öz statusu çərçivəsində fəaliyyət göstərməlidir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə deputat Xanlar Fətiyev iştirak edib.

Etikxeber.az

Read Previous

Şamaxıya daha iki milyon ayrıldı – SƏRƏNCAM

Read Next

“Sənin separatçın ayrı, mənimki ayrı” prinsipi etibarsız və təhlükəlidir – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir