Parlamentin buraxılması ilə bağlı – QƏRAR LAYİHƏSİ QƏBUL EDİLDİ – 99 SƏSLƏ- YENİLƏNİB – (8)

Milli Məclisin (MM) xüsusi iclası başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, ölkədə baş verən islahatlar qanunvericilik hakimiyyətində dəyişiklikləri zəruri edir:

“Bu baxımdan da Milli Məclisdə yeniləşmə olmalıdır. Həmçinin Konstitusiyanın 95-ci maddəsinə görə, Milli Məclisin bu kimi məsələləri müzakirə etmək hüququ var. Odur ki, biz bu gün parlamentin buraxılması  və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısına müraciətin ünvanlanması üçün toplaşmışıq”.

Daha sonra söz YAP-ın icra katibinin müavini Siyavuş Novruzova verilib.

***

Daha sonra çıxış edən  MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi tərəflərini izah edib və bunu YAP-ın siyasi mədəniyyəti kimi qiymətləndirib.

***

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) MM-dəki təmsilçisi Fəzail İbrahimli çıxışında mətbuatda və siyasi kuluarlarda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirlərin kökündən yanlış olduğunu vurğulayıb:

“Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üşün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentinin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yalnışdır. Burada kifayət qədər intellektual insanlar var”.

***

Sonra O. Əsədov bildirib ki, qərar layihəsi hazırlamaq üçün Redaksiya Heyəti yaradılmalıdır.

O, deputatlardan Redaksiya Heyətinə Bahar Muradova,  Əli Hüseynli, Sahibə Qafarova, Fəzail İbrahimli  Səməd Seyidovun daxil edildiyini bildirib.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev də çıxışında F.İbrahimlinin  fikirlərini dəstəkləyib.

Parlamentin zəiflik səbəbindən deyil, ölkədə aparılan islahatlarla bağlı olduğunu nəzərə çatdırıb.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki,  YAP  parlamentin buraxılması ilə doğru addım atıb və nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib:

“Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki  müxalifət üçün də bir şansdır”.

***

Bitərəf deputat Elmira Axundova çıxışında parlamentin buraxılmasına prinsip etibarilə qərara qarşı olmadığını bildirib:

“Lakin bəzi KİV-lər bu qərarı sensasion qərar kimi təqdim etdilər.  Hətta “Haqqın.az” saytında dərhal “Parlament prezident mane olur” başlıqlı yazı təqdim olundu. Hətta yazıda təhqiredici şəkildə ifadələr yer aldı. Məncə, bu, dözülməzdir. Biz hərdən parlmentin faəliyyətindən narazı idik. Bildirirdik ki,  parlament müstəqil və çevik olsun. Mən ancaq parlamentə qarşı başlanılan kampaniyanı pisləyirəm”.

***

Millət vəkillərindən həmçinin Kamilə Əliyeva, Fəzail Ağamalı, Məlahət İbrahimqızı çıxış ediblər.

Böyük Quruluş Partiyasının (BQP)  sədri Fazil Mustafa bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurudur:

“Çünki Azərbaycanda çoxluğu təşkil edilən partiya parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış edir. Burada yeni islahatçı parlament təşəbbüsü var.Bu təşəbbüsün həm siyasi, həm də hüquqi ağırlığı var. Ölkədə islahatların keçirildiyi vaxtda parlamentin yenilənməsinə ehtiyac var. Artıq problemlərin həlli küçədə olmayacaq, müzakirələrin, siyasi proseslərin ağırlığı, episentri parlamentə keçəcək.  Müxalifət partiyaların da mövqeyi odur ki, yeni addım Azərbaycanın yeniləşməsi üçün yol açır. Bu cür qərarın alınması bizim tərəfimizdən də dəstəklənəcək”.

***

“Milli Məclisin bu qərarı siyasi  əxlaq numayişidir. Ölkənin inkişafı və gələcəyi naminə şəxsi maraqlara deyil, ümummilli maraqlar baxımından yanasma, dövlət və dövlətçilik ənənələrinə sadiqlik numayişidir”.
Bunu isə bitərəf deputat Jalə Əliyeva deyib.

“Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və hakim partiyanı təmsil edən millət vəkillərinin təşəbbüsünü şəxsən mən də dəstəkləyirəm.

Bu yerdə qeyd edim ki, məlum təşəbbüs mənim də daxil olduğum Milli Məclisin müstəqil (bitərəf) millət vəkilləri qrupunun yığıncağında dəstəklənib, bəyənilib.

Şəxsən belə hesab edirəm ki, yaşadığımız dövr, reallıqlar, ölkədə aparılan sürətli islahatlar prosesi dəyişiklikləri, yenilikləri özündə ehtiva edən, yenilik, dəyişiklik ruhunda olan yeni parlamentin formalaşdırılmasına ehtiyac və zərurət yaradıb.

Düzdür, Milli Məclis, o cümlədən, 5-ci çağırış parlament hər zaman ölkədə həyata keçirilən siyasətə, islahatlar prosesinə dəstək verib, ölkə rəhbərinin daxili və xarici siyasət kursunun fəal müdafiəçisi olub, bu məsələlərdə bir an belə tərəddüd etməyib, amma bununla belə, cəmiyyətin istəklərinə, islahatların ruhuna cavab verən yeni parlamentə ehtiyac duyulur.

Odur ki, yeni seçkilərin, yeni tərkibli parlamentin ölkəmizin inkişafına, tərəqqisinə, demokratikləşmə prosesinə daha böyük  töhfə verəcəyinə, ölkəmizin uğurlarına uğurlar qatacağına birmənalı əminliyimi ifadə edir, dövlətimiz, xalqımız, məmləkətimiz üçün uğurlu, xeyirli olsun deyirəm!”-deyə, millət vəkili əlavə edib.

***

“Deputatı seçici seçir. Deputat arzu istəklə seçilmir.  Görürəm ki, bəzi KİV-lərdə istiqaməti dəyişdirməyə çalışırlar. Bu, doğru deyil”.

Bunu da YAP-çı deputat  S. Novruzov  deyib.

O, qeyd edib ki, dairənin seçiciləri kimi deputat görmək istədiklərini özləri seçməlidirlər: “Kim seçkiyə getsə, daha çox səs toplayar?!. Yoxsa arzu, istək bildirmək düzgün deyil. Seçici kimi seçəcək, o da olacaq”.

Spiker isə həmkarına bu cür reaksiya verib: “ Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün?!”.

Bitərəf deputatlardan Rasim Musabəyov qeyd edib ki, onsuz da parlament yeniləşməliydi: “Bu payızda da baş verəcəkdi. Onsuz YAP-ın parlamentdə çoxluğu var. Bizim fikrimiz nəyisə dəyişməyəcək. Sadəcə, Konstitusiya Məhkəməsinin fikri zəruri idi ki, yeni seçkiyə qədər bu parlamentin səlahiyyətləri necə olacaq?”.

***

Plenar iclasın sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb.

Layihəni parlamentin vitse-spiker Bahar Muradova səsləndirib.

O, qeyd edib ki, MM-də çoxluq təşkil edilən YAP üzvləri parlament sədrdinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.

Parlamentdə təmsil olunan digər partiyaların və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyü  hesab edirlər:

“Milli Məclis qərara alır ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin”.

Qeyd edək ki, layihənin oxunmasından sonra MM-in komitə sədri Arif Rəhimzadə layihənin mətni ilə razılaşmayıb:

“Bir tərəfdən sosial şəbəkləri, mətbuatı qınayırıq, bir tərəfdən də özümüz eyni addımı atırıq. Həm də “buraxmaq” sözü olmamalıdır, məntndə “yeni seçkilər” kimi getməlidir…”.

Səsvermə nəticəsində qərar layihəsinə 99 lehinə, 1 nəfər əleyhinə, 1 nəfər bitərəf, 1 nəfər isə səs verməyib.

Spiker axırda  bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər.  

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası başladı-ÖLKƏ PREZİDENTİNƏ ÜNVANLANAN MÜRACİƏT MÜZAKİRƏ OLUNUR

Read Next

“Genişmiqyaslı islahatlardan Milli Məclis də kənarda qala bilməz” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir