Bu gün Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin daha bir komitəsinin- Regional məsələlər komitəsinin iclası keçiriləcək.
Etikxeber.az xəbər verir ki, Arif Rəhimzadənin rəhbərlik etdiyi komitənin iclasında öncə adıçəkilən komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərlə bağlı hesabatı dinləniləcək.
Sonra komitənin 2019-cu il payız sessiyasındakı qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.
Həmçinin, Torpaq Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi iş planına daxil edilib.
Bununla yanaşı, iclasda bələdiyyələrin səlahiyyətləri məsələsi, qarşıdan gələn 5-ci çağırış bələdiyyə seçkiləri ilə bağlı müzakirələrin açılması gözlənilir.
Onu da qeyd edək ki, parlamentin 4 komitəsinin-İctimai birliklər və dini qurumlar, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən, Gənclər və idman komtələrinin iclasları keçirilməyib.
Eyni zamanda, qeyd edək ki, parlamentin payız sessiyası gələn həftə, sentyabrın 30-da öz işinə start verəcək.
Payız sessiyasında daha çox 2020-ci ilin büdcə müzakirələrinə vaxt və yer ayrılacaq.
Büdcə müzakirələrinə oktyabrın sonları, noyabr aylarında start veriləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az